NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Region gəncləri Qubada birləşdi

...

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin təşkilatçılığı ilə 29 iyul - 1 avqust tarixlərdə Qubada baş tutan “Gənclər düşərgəsi – 2025” uğurla yekunlaşıb. Düşərgədə Naxçıvan Muxtar Respublikasını təmsil edən 29 gənc də regionlararası əməkdaşlıq və təcrübə mübadiləsində fəallıq nümayiş etdiriblər. Düşərgə boyunca müxtəlif təlimlər, idman yarışları və debat sessiyaları keçirilib.

Düşərgədə iştirak edən Naxçıvan Muxtar RespublikasıGənclər və İdman Nazirliyinin könüllüsü Taleh Hüseynli təəssüratlarını bizimlə belə bölüşür:“Bu düşərgə mənim üçün, sadəcə, bir yay tədbiri deyil, həm də şəxsi inkişafım yolunda atdığım addım oldu. Düşərgə üçün müəyyənləşdirilmiş proqram ilk gündən başlayaraq bizim üçün dolğun və faydalı idi. Ən əsası isə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş gənclərlə tanış olmaq, onların fikirlərini dinləmək və müxtəlif fikirlər ətrafında birləşmək imkanı qazandıq”.

Tədbirin ilk günü tanışlıq, şəbəkələşmə və rəsmi açılışla yadda qaldı. Günün sonu əyləncə proqramı ilə başa çatdı. İkinci günün səhəri idmanla başladı, ardınca Ərhun Baxışın təqdimatında “Natiqlik və ünsiyyət bacarıqları” təlimi keçirildi. Günün ikinci hissəsində isə İnsafəli Səmədov “İnkişaf və yüksəliş” adlı maraqlı çıxışı ilə iştirakçılara yol göstərdi. Komanda fəaliyyətlərimiz və birgə keçirdiyimiz voleybol çempionatı bizim fiziki və sosial bacarıqlarımızı da ön plana çıxardı.

Üçüncü gün debat yarışları ilə yadda qaldı. “Dövlətin atdığı addımlar məşğulluğun inkişafında əsas faktordur” mövzusunda baş tutan debatda iştirakçılar arqumentlərlə çıxış edərək fikir mübadiləsi apardılar. Daha sonra Kamil Yaqubovun “Ümumi idarəetmə və strateji planlaşdırma” təlimi, eləcə də polis mayoru Samir Aydəmirovun iştirakı ilə narkomaniyaya qarşı ictimai təhlil görüşü keçirildi. Gün tonqal ətrafında əyləncə ilə tamamlandı.

Sonuncu gün isə hüquqi-maarifləndirmə və layihə idarəetməsi mövzularında keçirilən sessiyalarla yekunlaşdı. Polis mayoru Şükür Hacıyev və Türkan Rəhimovanın təqdimatları gənclərin vətəndaş məsuliyyəti və təşkilati bacarıqları mövzusunda maariflənməsinə xidmət etdi. Günün sonunda keçirilən açıq hava film seansı və “Secret Box”  sürpriz fəaliyyət isə düşərgənin həyəcanını zirvəyə çatdırdı.

Taleh Hüseynli düşərgə barədə fikirlərini belə yekunlaşdırır:“Beş gün ərzində bir-birindən dəyərli təlimlərdə iştirak etdik, yeni dostlar qazandıq, həm güldük, həm də öyrəndik. Bu düşərgə mənə bir daha göstərdi ki, gənclər bir araya gəldikdə, fikir və ideyalarını bölüşdükdə, qarşılıqlı öyrənmə və inkişaf üçün nə qədər böyük imkanlar yaranır. Biz burada, sadəcə, təlimlərə qatılmadıq, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən olan həmyaşıdlarımızla tanış olduq, yeni dostluqlar qurduq, birlikdə düşünüb hərəkət etməyi öyrəndik. Hər bir təlim, hər bir diskussiya, hər bir oyun bizə həm fərdi, həm də komanda olaraq bacarıqlarımızı sınamağa və inkişaf etdirməyə imkan verdi. Belə düşərgələrin davamlı olması, daha çox gənci əhatə etməsi vacibdir. Çünki inkişaf etmək istəyən hər bir gənc bu cür fürsətlərə layiqdir.    

           Elnurə CƏFƏROVA

Nəşr edilib : 07.08.2025 12:18