NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Rəqəmsal dünya uşaqları qoruyur, yoxsa riskə atır?

...

Günümüzdə sosial şəbəkələrdən istifadə edən insanların sayı milyonlarla ölçülür. Əyləncə, informasiya əldə etmək, ünsiyyət qurmaq və təhsil məqsədləri üçün istifadə olunan bu platformalar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Bəs onların uşaq və yeniyetmələrə təsiri ilə bağlı məsələlər nə dərəcədə diqqət mərkəzindədir?

Son illər sosial şəbəkələrin, xüsusilə azyaşlılar üzərində yaratdığı mənfi təsirlər dünyanın bir çox ölkəsində ciddi narahatlıq doğurur. Məhz buna görə də bu platformalardan istifadəyə yaş məhdudiyyətinin tətbiqi geniş müzakirə olunan məsələlərdən birinə çevrilib. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. Belə ki, Prezident İlham Əliyev avqustun 5-də İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda edilmiş dəyişiklikləri imzalayıb. Bu dəyişikliklər uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Müəyyən yaş məhdudiyyətlərinin tətbiqi uşaqların sağlam psixoloji inkişafının qorunması baxımından mühüm addımdır.

Azyaşlılar sosial şəbəkələrdə yayılan zərərli məzmunun, kibertəzyiqin, dezinformasiyanın və digər rəqəmsal risklərin təsirinə daha həssas olurlar. Bundan əlavə, sosial mediada tez-tez nümayiş etdirilən ideallaşdırılmış həyat görüntüləri uşaqların özlərini başqaları ilə müqayisə etməsinə, özünəinamın azalmasına, narahatlıq hissinin artmasına və sosial münasibətlərdə çətinliklərin yaranmasına səbəb ola bilər. Bəzi hallarda isə uşaqlar sosial mediada yayılan təhlükəli çağırışların və zərərli trendlərin təsiri altına düşərək özləri üçün risk yaradan davranışlara meyil göstərə bilər.

Bununla belə məsələyə yalnız qadağa prizmasından yanaşmaq düzgün olmaz. Sosial şəbəkələri tamamilə zərərli vasitə kimi qiymətləndirmək də doğru deyil. Bu platformalardan düzgün və məqsədyönlü istifadə edildikdə uşaqların bilik əldə etməsinə, yeni bacarıqlar qazanmasına, yaradıcılıq imkanlarını inkişaf etdirməsinə və dünyada baş verən yeniliklərdən xəbərdar olmasına mühüm töhfə verə bilər.

Əsas problemlərdən biri sosial şəbəkələrdən istifadə qaydalarının və valideyn nəzarətinin kifayət qədər düzgün qurulmamasıdır. Bəzən valideynlər uşağın sakit qalması və ya hər hansısa bir məkanda rahat davranması üçün ona uzun müddət telefon və ya planşetdən istifadə etməyə icazə verirlər. Lakin bu məsələdə yalnız uşaqların deyil, valideynlərin də maarifləndirilməsi vacibdir. Valideynlər övladlarının istifadə etdiyi platformalarla yaxından tanış olmalı, onlarla açıq ünsiyyət qurmalı və internetdə qarşılaşa biləcəkləri təhlükələr barədə mütəmadi məlumat verməlidirlər.

Rəqəmsal dünyanın uşaqlar üçün təhlükəsiz mühitə çevrilməsi yalnız qanunvericiliklə deyil, həm də ailə, məktəb və cəmiyyətin birgə məsuliyyəti ilə mümkündür. Sosial şəbəkələrdən düzgün və nəzarətli istifadə vərdişlərinin formalaşdırılması uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz və sağlam inkişafına mühüm töhfə verə bilər. 

         Zəhra VƏLİYEVA

Nəşr edilib : 07.08.2026 10:20