NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Rumıniyanın milli xəbər agentliyi Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirdən yazıb

...

Rumıniyanın milli xəbər agentliyi AGERPRES Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Buxarestdə keçirilmiş 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi qəbul barədə geniş məlumat yayımlayıb.

"Şərq qapısı" xəbər verir ki, agentliyin dərc etdiyi materialda Zəfər Gününün Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıdığı, bu tarixin Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da mühüm məna kəsb etdiyi vurğulanır.

Məlumatda qeyd olunur ki, rəsmi qəbulda Rumıniya Senatının sədri Mirça Abrudyan, dövlət qurumlarının nümayəndələri, deputatlar və senatorlar, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, akademik, elmi və mədəni dairələrin təmsilçiləri, azərbaycanlı icmasının, türk və tatar icmalarının nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

AGERPRES bildirir ki, mərasim Azərbaycan və Rumıniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Materialda Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun çıxışına da yer ayrılıb. Diplomat 8 Noyabr tarixinin Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin və qürurunun rəmzi olduğunu vurğulayıb.

Səfir 2020-ci ildə baş vermiş hadisələrə toxunaraq, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasının regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni perspektivlər açdığını bildirib.

Rumıniya agentliyi tədbirdə iştirak edən Senatın sədri Mirça Abrudyanın açıqlamalarını da diqqətə çatdırıb. Rumıniyalı rəsmi 8 Noyabr tarixinin Azərbaycan üçün əhəmiyyətini qeyd edərək, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı inkişaf baxımından vacibliyini vurğulayıb.

Mirça Abrudyan Rumıniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslandığını bir daha təsdiqləyib.

AGERPRES-in materialında tədbir çərçivəsində Azərbaycanın müasir tarixini, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və modernləşdirmə layihələrini, eləcə də mina təhlükəsi ilə bağlı problemləri əks etdirən videoçarxın nümayiş olunduğu və fotosərginin təşkil edildiyi bildirilir.

Nəşrdə vurğulanır ki, tədbir Azərbaycan ilə Rumıniya arasında dostluq əlaqələrinin, ikitərəfli strateji tərəfdaşlığın, eləcə də regional sülhün və sabitliyin möhkəmləndirilməsinə sadiqliyin bir daha ifadə olunması baxımından əhəmiyyət daşıyıb.

Nəşr edilib : 06.11.2026 16:40