NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

DİM qazilərin və şəhid ailələrinin övladlarının təhsilinə dəstək göstərir

...

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildən etibarən Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin üzvlərinin və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərin təhsil imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində DİM-in əməkdaşı Afiqə Batıyeva deyib. O bildirib ki, Mərkəzin bu istiqamətdə fəaliyyəti üç əsas sahəni əhatə edir. İlk istiqamət Vətən müharibəsində iştirak etmiş şəxslərin təhsilini davam etdirməsinə dəstək göstərilməsidir. 2021-ci ildən “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində ali təhsil almaq istəyən qazilər imtahanlara hazırlıq prosesinə cəlb olunub, onlara metodiki vəsaitlər təqdim edilib, sınaq imtahanlarında iştirak və qeydiyyat xərcləri DİM tərəfindən qarşılanıb.

Afiqə Batıyeva ikinci istiqamətin şəhid övladlarının təhsilinə dəstək olduğunu diqqətə çatdırıb: “İkinci istiqamət şəhid övladlarının təhsilinə dəstəklə bağlıdır. İl ərzində şəhid ailələrinin övladları ilə silsilə tədbirlər keçirilir. 9, 10 və 11-ci siniflərdə təhsil alan şagirdlərə imtahanlara hazırlaşmaq üçün DİM-in nəşrləri təqdim edilir. Onlar, həmçinin erkən ixtisas seçiminə dair psixoloji testlərə cəlb olunur, məlumatlandırılır və sınaq imtahanlarında iştirak edirlər. Bu dəstək qəbul prosesi başa çatanadək davam etdirilir. Son illərdə həmin ərazilərdə fəaliyyət göstərən məktəblərin kitabxanalarına ümumilikdə 100 minədək DİM nəşri təqdim olunub. Bu məktəblərdə artıq bir neçə ildir buraxılış imtahanları keçirilir, Qarabağ Universitetində də qəbul imtahanı təşkil edilib”.

DİM əməkdaşı vurğulayıb ki, 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə 9, 10 və 11-ci siniflərdə oxuyan 35 şəhid övladı iştirak edib. Onlara imtahanlara hazırlaşmaq üçün zəruri dərs vəsaitləri və DİM-in nəşrləri təqdim olunub.

Nəşr edilib : 06.11.2026 17:14