NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

...

Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi. Burada hökumətlərin, beynəlxalq təşkilatların, inkişaf tərəfdaşlarının və digər maraqlı tərəflərin nümayəndələri bir araya gələrək təcrübə mübadiləsi apardı, ümumi çağırışları müzakirə edərək dövlət institutlarının gücləndirilməsi üçün yeni yanaşmaları araşdırdılar
“Şərq qapısı” xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitin bağlanış mərasimində çıxış edərkən deyib.
Onun bildirdiyinə görə, müzakirələr zamanı səsləndirilən müxtəlif fikirlər bir daha göstərdi ki, institusional strukturlardan, milli prioritetlərdən və inkişaf səviyyəsindən asılı olmayaraq, hamını ümumi məqsəd birləşdirir: "Bu, insanlara xidmət edən daha səmərəli, inklüziv, dayanıqlı və onların ehtiyaclarına çevik reaksiya verən dövlət institutlarının qurulmasıdır. Sammit çərçivəsində aparılan müzakirələr göstərdi ki, gələcəyin çağırışlarına hazır institutların formalaşdırılması yalnız yeni texnologiyaların tətbiqini və ya proseslərin optimallaşdırılmasını nəzərdə tutmur. Bu, səmərəli liderlik, güclü institusional potensial, strateji uzaqgörənlik və idarəetmədə formalaşmış yanaşmaları yeniləmək iradəsi ilə dəstəklənən daha geniş dövlət idarəçiliyi transformasiyasını tələb edir. Sammit zamanı bölüşülən təcrübələr onu da nümayiş etdirdi ki, innovasiya məsuliyyətlə müşayiət olunmalıdır. Süni intellekt və digər yeni texnologiyalar dövlət xidmətlərinin səmərəliliyini və keyfiyyətini artırmaq üçün geniş imkanlar yaratsa da, onların uğurlu tətbiqi etibarlı məlumatlardan, müvafiq təhlükəsizlik mexanizmlərindən, institusional hazırlıqdan və dövlət qulluqçularının bacarıqlarından asılıdır", - deyə Ü.Mehdiyev qeyd edib.

Nəşr edilib : 06.11.2026 19:15