NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Əlincə qalasında “Şəhidlər zirvəsi” adlı anım tədbiri keçirilib

...

Noyabrın 6-da “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Əlincə qalasında “Şəhidlər zirvəsi” adlı anım tədbiri keçirilib. Layihənin dördüncü ildönümünə həsr olunan tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əlincə qalasına təşkil olunan yürüş iştirakçılar üçün şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların qəhrəmanlıq yoluna sədaqətin ifadəsinə çevrilib.
Tədbir çərçivəsində iştirakçılar Əlincə qalasına yürüş edərək zirvəyə qalxıblar. Yürüşdə iştirak edənlər arasında şəhid leytenant Hafis Qasımovun qardaşı Nəcmi Qasımov da vardı. Onun üçün bu yol qardaşının xatirəsinə ehtiram göstərmək, adının və qəhrəmanlığının unudulmadığını bir daha hiss etmək demək idi. Nəcmi Qasımovla söhbətimizdə belə tədbirlərin şəhid ailələri üçün mənəvi əhəmiyyətindən danışdıq. Nəcmi Qasımov şəhidlərin xatirəsinə göstərilən ehtiramın ailələrə mənəvi dayaq olduğunu vurğuladı.
Tədbirin ideya müəllifi və rəhbəri, Birinci Qarabağ müharibəsinin qazisi Vaqif Şahsuvarovla söhbətimizdə bildirdi ki, 2023-cü ildə rejissor Nazim İmanovun rəhbərliyi ilə üç ay ərzində 24 dəqiqəlik “Şəhidlər zirvəsi” sənədli filmi ərsəyə gətirilib.
Layihənin dördüncü ildönümü münasibətilə isə Əlincə qalasının aşağı hissəsində və zirvəsində Azərbaycan və ingilis dillərində məlumat lövhələri yerləşdirilib. Onun fikrincə, bütün bu təşəbbüslərin başlıca məqsədi şəhidlərin adını yaşatmaq, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığı gələcək nəsillərə çatdırmaqdır.

 Səmayə RƏHİMQIZI

Nəşr edilib : 06.11.2026 20:20