Güləş Federasiyasının Naxçıvan üzrə nümayəndəliyi ...
20:32 06.11.2026
0
0
0
NAXÇIVAN :
06 Noyabr 2026, Cümə
Noyabrın 6-da Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında ali təhsil ocağının Bələdiyyə və turizm kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru, “Şərq qapısı” qəzetinin əməkdaşı, jurnalist Əli Cabbarovun Milli mətbuatın 150 illiyinə həsr olunmuş “Sözümüz imzamızdır” və Naxçıvan Dövlət Universitetinin prorektoru olmuş görkəmli alim, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimlinin xatirəsinə həsr olunmuş “Arı” kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyətinin üzvləri, şəhid ailələrinin üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev müəllifin elmi-pedaqoji və jurnalist fəaliyyətindən, müxtəlif dövrlərdə dövri mətbuatda dərc olunmuş yazılarından, həmçinin təqdimatı keçirilən kitabların mövzu və məzmun xüsusiyyətlərindən bəhs edib. Rektor qeyd edib ki, “Sözümüz imzamızdır” kitabında Azərbaycan xalqının müasir tarixinin ən mühüm hadisələrindən biri olan Qarabağ Zəfərinin siyasi, tarixi və dövlətçilik aspektləri geniş şəkildə öz əksini tapıb. Nəşrdə 44 günlük Vətən müharibəsinə aparan tarixi proseslər, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, dövlət-xalq-ordu birliyi və əldə olunan tarixi Qələbənin əhəmiyyəti müəllifin publisistik yanaşması ilə təqdim olunur. Yazılarda Azərbaycan dövlətinin güclənməsi, milli birliyin möhkəmlənməsi və ölkəmizin beynəlxalq mövqelərinin yüksəlməsi kimi məsələlərə də diqqət yetirilir. Eyni zamanda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası və milli yaddaşın qorunması mövzuları ön plana çəkilir.
Diqqətə çatdırılıb ki, Zəngəzurun tarixi Azərbaycan torpağı kimi öyrənilməsi, bu bölgənin milli-mənəvi irsinin, tarixi keçmişinin və coğrafi əhəmiyyətinin təbliği müəllifin publisistik yaradıcılığında mühüm istiqamətlərdəndir. Bu baxımdan, nəşrdə Qarabağ və Zəngəzur mövzularının işıqlandırılması Azərbaycanın tarixi yaddaşının qorunması və milli maraqların təbliği baxımından əhəmiyyət daşıyır.
Elbrus İsayev Əli Cabbarovun jurnalist fəaliyyətinə də diqqət çəkərək onun müxtəlif vaxtlarda “Şərq qapısı” qəzetində dərc olunan tənqidi satirik məqalələrinin mövzu aktuallığı, publisistik yanaşması və özünəməxsus üslubu ilə seçildiyini bildirib. Qeyd edib ki, bu yazılar Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, eləcə də media sahəsində çalışan qələm adamları üçün faydalı təcrübə mənbəyidir.
Tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin Baş redaktoru Rəmzi Tahirli, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov və həmin fakültənin Bələdiyyə və turizm kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova müəllifi yeni nəşrlər münasibətilə təbrik ediblər. Çıxışlarda bildirilib ki, 11 kitabın, 100-ə yaxın elmi məqalənin, eləcə də “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Şərq qapısı” qəzetlərində dərc olunmuş yüzlərlə publisistik və analitik yazının müəllifi olan Əli Cabbarov uzun illərdir, Naxçıvan Dövlət Universitetində və muxtar respublikanın mətbuatında səmərəli fəaliyyət göstərir. Onun elmi-pedaqoji fəaliyyəti iqtisadiyyat və idarəetmə sahəsində apardığı tədqiqatlarla, publisistik yaradıcılığı isə ictimai-sosial və iqtisadi məsələlərin işıqlandırılması ilə səciyyələnir. Vurğulanıb ki, müəllifin çoxşaxəli fəaliyyəti elmi düşüncənin, maarifçilik ənənələrinin və milli mətbuatın inkişafına verdiyi töhfələrlə əhəmiyyət kəsb edir.
Jurnalistika və rəqəmsal media fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Arı” kitabının ön söz müəllifi İman Cəfərov çıxışında Əli Cabbarovun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən bəhs edib. O bildirib ki, müəllifin qələmə aldığı mövzularda elmi təhlil və publisistik yanaşma bir-birini tamamlayır. Yazılar yalnız məlumatlandırma məqsədi daşımır, eyni zamanda oxucuda müxtəlif məsələlər barədə dolğun təsəvvür formalaşdırır. İqtisadi proseslərə, ictimai-sosial məsələlərə və aktual problemlərə münasibətdə müəllifin tədqiqatçı mövqeyi, çatışmazlıqlara tənqidi münasibətlər aydın şəkildə nəzərə çarpır. Faktların təhlili, məntiqi ümumiləşdirmələr və əsaslandırılmış fikirlər onun yazılarının əsas xüsusiyyətlərindəndir. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetindəki pedaqoji fəaliyyəti də Əli Cabbarovun elmi bilik və təcrübəsinin gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, onun yaradıcılığı alim, tədqiqatçı, pedaqoq və jurnalist fəaliyyətinin vəhdətini özündə əks etdirir.
Sonda yeni nəşrlərin müəllifi, dosent Əli Cabbarov tədbirin təşkilinə və kitabların ərsəyə gəlməsinə dəstək göstərənlərə, o cümlədən nəşrin sponsoru “Sirab” şirkətinə təşəkkürünü bildirib. Daha sonra müəllif Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalmış Kükü kəndindən olan qəhrəmanların – Müşfiq Həsənovun, Novruzəli Quliyevin və Kamran Hüseynovun, həmçinin mərhum professor Hüseyn Həşimlinin ailə üzvlərinə və eləcə də digər tədbir iştirakçılarına yeni kitablarını təqdim edib.
Sonda xatirə şəkilləri çəkilib.
Məcid Rəşadətoğlu
Digər xəbərlər