NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

Şahbuzda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

...

27 sentyabr – Anım Günü münasibətilə Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şahbuz şəhərində və Sələsüz kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyanın keçirilməsi ilə bağlı ərazilərdə əvvəlcədən zəruri hazırlıq işləri görülüb, ağacəkmə üçün müvafiq şərait yaradılıb.
Qəhrəman şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, onların göstərdikləri misilsiz fədakarlığın gənc nəsillərə nümunə olaraq çatdırılması məqsədilə təşkil olunan aksiyada Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasına, ümumilikdə, 130 nəfər qatılıb. Aksiya çərçivəsində Şahbuz şəhərində və Sələsüz kəndi ərazisində 270 ədəd meyvə və 30 ədəd bəzək ağacı olmaqla, ümumilikdə, 300 ədəd ting əkilib.
Bununla yanaşı, yaşıllıq sahələrində təmizlik işləri aparılıb, ərazilərin abad və səliqəli vəziyyətə gətirilməsi təmin edilib. Əkilən ağacların sağlam böyüməsi və inkişafının təmin edilməsi məqsədilə aqrotexniki qaydalara uyğun qulluq işləri həyata keçirilib. Belə ki, tinglərə üzvi gübrə verilib, gövdələri ağardılıb və suvarma işləri aparılıb.
Ağacəkmə aksiyası şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, rayonun yaşıllıq ərazilərinin genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına da töhfə verib.

Nəşr edilib : 26.09.2026 14:34