NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Sahibə Qafarova Bişkekdə "Ata-Beyit" Memorial Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib

...

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 19-da Bişkekdə "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, S.Qafarova abidənin önünə əklil qoyub. Qonaqlara məlumat verilib ki, "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksi 2000-ci ildə Qırğız dövlətinin inkişaf mərhələlərinin tarixi yaddaşının bərpa edilməsi və qorunub saxlanması məqsədilə tikilib istifadəyə verilib. Bu memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit" – Ataların məzarlığı adlandırılıb. Kompleks üç hissədən – memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.

Azərbaycan nümayəndə heyəti həmçinin Bişkekdə Çingiz Aytmatovun ev-muzeyində də olub. Burada qonaqlara məlumat verilib ki, muzey 1986-cı ildən yazıçının ömrünün son illərini yaşadığı evdə yerləşir və 2014-cü ildə istifadəyə verilib.

Milli Məclisin sədri burada Çingiz Aytmatovun kiçik oğlu, Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov ilə görüşüb.

E.Aytmatov qonaqlara bildirib ki, yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

Nəşr edilib : 19.10.2026 16:33