NAXÇIVAN :

29 Noyabr 2026, Bazar

Şahin Babayev: Yaxın gələcəkdə İT və kibertəhlükəsizlik mütəxəssislərinə tələbat artacaq

...

Rəqəmsallaşmanın sürətlənməsi və süni intellekt həllərinin tətbiqinin genişlənməsi yaxın gələcəkdə İT, kibertəhlükəsizlik və data mühəndisliyi üzrə mütəxəssislərə tələbatı artıracaq.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Peşə Təhsili Forumu Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda keçirilən panelsessiyada çıxışı zamanı deyib. O bildirib ki, holdinqin illik layihə strategiyasına uyğun olaraq pilot layihələrin sayının artırılması əsas hədəflərdən biridir. Bu istiqamətdə işlər telekommunikasiya, aviasiya, yükdaşıma və digər sahələrdə davam etdirilir. Rəqəmsallaşmanın genişlənməsi və süni intellekt həllərinin tətbiqinin artması kibertəhlükəsizlik məsələlərini də aktuallaşdırır. Bu baxımdan, yaxın gələcəkdə data mühəndisləri, İT və süni intellekt mütəxəssisləri xüsusi prioritet təşkil edəcək.

AZCON-un digər ölkələrin nəqliyyat holdinqləri ilə müntəzəm görüşlər keçirdiyini diqqətə çatdıran icraçı direktor beynəlxalq təcrübədən də nümunələr gətirib. O, Sinqapura səfər zamanı PSA limanında müşahidə etdikləri avtomatlaşdırma proseslərindən danışıb. Qeyd edib ki, ildə 50-60 milyondan çox konteynerin aşırıldığı limanda proseslərin böyük əksəriyyəti avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilir. Bu təcrübə hətta mürəkkəb texniki proseslərin də avtomatlaşdırılmasının mümkünlüyünü göstərir. Holdinqin beynəlxalq əməkdaşlıq çərçivəsində apardığı müşahidələr də İT, kibertəhlükəsizlik və data mühəndisliyi kimi rəqəmsal transformasiyaya xidmət edən sahələrin gələcəkdə daha çox əhəmiyyət qazanacağını göstərir.

Nəşr edilib : 18.11.2026 14:45