Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkist...
18:12 25.08.2026
0
0
0
NAXÇIVAN :
25 Avqust 2026, Çərşənbə axşamı
Üzüm bağında ilk diqqəti çəkən salxımlar olur. Günəşin altında bir-birinə sıx düzülmüş gilələr sanki təbiətin öz əli ilə yaratdığı mirvarilərdir. Qızılı-sarı, yaşıl-sarı rənglərə çalan salxımlar budaqlardan asılaraq bağa xüsusi gözəllik verir. Eləsi var, incə və zərif görünüşü ilə rəssamın fırçasına ilham ola bilər, eləsi də var ki, dolu, şirəli, yetişmiş gilələri ilə az qala “Məni dər, dadıma bax”, – deyir. Bağdakı bu rəng çalarları bir araya gələndə isə sanki canlı bir tablo yaranır.
Üzüm təkcə görünüşü ilə deyil, süfrəmizdəki yeri ilə də seçilir. Bu meyvədən mürəbbə, kişmiş, şirə və digər məhsullar hazırlanır. Günəş altında qurudularaq hazırlanan kişmiş üzümün təbii şirinliyini özündə saxlayan nemətlərdəndir. Təzə üzüm də su təbii şəkərlər vitamin və mineral maddələrlə zəngindir. Bu xüsusiyyətlərinə görə üzüm mövsümündə süfrələrdə həm dadına, həm də qida dəyərinə görə xüsusi yer tutur.
Amma süfrəyə gələn bir salxımın arxasında görünməyən böyük bir zəhmət dayanır. Üzümün yetişməsi yalnız günəşin işığı ilə başa gəlmir. Torpağın hazırlanması, suvarma, gübrələmə, bitkinin xəstəlik və zərərvericilərdən qorunması, yaşıl budama və məhsulun vaxtında yığılması bir-birini tamamlayan işlərdir. Bağda yetişən hər salxım, əslində, aylarla davam edən qulluğun nəticəsidir.
Naxçıvanda üzüm mövsümünün qızğın çağında belə mənzərələrə daha çox rast gəlinir. Üç hektarlıq üzüm təsərrüfatının sahibi Şirxan Rüstəmov da il ərzində çəkdiyi zəhmətin bəhrəsini artıq görür. O qeyd edir ki, təsərrüfatda qırmızı kişmişi, ağ kişmişi, qızıl üzüm, inəkəmcəyi, qara üzüm və keçiəmcəyi kimi müxtəlif üzüm sortları yetişdirilir. Hər sortun öz görünüşü, dadı və istifadəsi var. Bəziləri təzə halda süfrəyə yol alır, bəziləri isə qurudularaq kişmişə çevrilir. Təsərrüfatçının sözlərinə görə, bu il üzüm mövsümü normal keçir. Hava şəraitinin də yaxşı keçməsi məhsula müsbət təsir göstərib. Təsərrüfatdan təxmini bir hektardan orta hesabla 2 ton məhsul götürülür. Şirxan Rüstəmov qeyd edir ki, üç hektarlıq sahəyə qulluq etmək asan deyil. Xüsusilə suvarma və yaşıl budama çox zəhmət tələb edir. İl ərzində əkin, dərmanlama, suvarma və yaşıl budama işləri aparılır. Budaqların vaxtında budanması, torpağın və bitkinin ehtiyacına uyğun suvarılması, xəstəlik və zərərvericilərdən qorunması məhsulun keyfiyyətinə təsir edən əsas amillərdəndir. Bağda yetişən məhsulun əsas ünvanı bazardır. Təzə halda satışa çıxarılan üzümün bir hissəsi isə sonradan müxtəlif məhsullara çevrilir.
Həmçinin təsərrüfatçı üçün bütün bunlar, sadəcə, iş deyil. Üzümçülüklə məşğul olmasının əsas səbəbini bu sahəni sevməsi ilə izah edir. Bu gün üzümçülük onun üçün dəyərli sahələrdən birinə çevrilib. Üzümçülüyə marağın son illərdə artdığını deyən təsərrüfatçı bu sahənin inkişafı üçün, ilk növbədə su təminatının yaxşılaşdırılmasını və dövlət dəstəyinin davam etdirilməsini vacib hesab edir. Subsidiya almaq imkanı yarandığı təqdirdə isə təsərrüfatını daha da genişləndirmək niyyətindədir.
Bağdan ayrılarkən bir qədər əvvəl diqqətimi çəkən salxımlara yenidən baxıram. Günəş şüaları altında parıldayan yetişmiş gilələr indi mənə yalnız gözəl bir mənzərə kimi görünmür. Hər salxımın arxasında aylarla davam edən qulluq, gözləmə və səbir var. Təbiətin verdiyi imkanlar insan əməyi ilə tamamlananda isə bağ öz bəhrəsini göstərir. Bəlkə də, bu mənzərənin ən gözəl tərəfi elə budur – yetişən hər salxım bir mövsümün deyil, bütöv bir ilin zəhmətini özündə daşıyır.
Səmayə RƏSULOVA
Digər xəbərlər