NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Şanlı Zəfər tariximiz

...

8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfər Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi qələbə dünyada öz unikallığı ilə tarixə yazılmışdı. Dünya tarixində belə bir hadisə olmamışdı ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında sıx birləşərək dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı bir addım belə geri çəkilmədilər. Əsgərlərimiz və zabitlərimiz işğalda olan torpaqlarımızın azadlığı və suverenliyimizin tam bərpası naminə öz canlarını, qanlarını əsirgəmədilər.  Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-xalq-ordu birliyi nümunəyə çevrildi. Uzun illərdir, düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq”.

Bu gün təkcə 55 milyonluq Azərbaycan xalqının deyil, qəlbi azadlıq və suverenlik istəyi ilə döyünən hər bir insanın bayramıdır: “Dünyanın tərəqqipərvər ictimaiyyəti 44 gün xalqımızla birlikdə haqqın nahaq, düzün əyri, vətənpərvərliyin işğal, həqiqətin yalan üzərində Qələbəsini heyranlıqla seyr etdi, illərdən bizə miras qalmış qara ləkənin tariximizdən silinmə anını birnəfəsə izlədi və əldə olunan möhtəşəm nəticələrə ürəkdən sevindi. Artıq minilliklərdən bəri əzəli yurd yerlərimiz, erməni işğalı altında olan torpaqlarımız öz sahiblərinə qaytarıldı. Azərbaycan Qarabağımıza qovuşdu. Şəhidlərimizin, Xocalı qurbanlarının, həlak olan günahsız insanların qisası döyüş meydanında alındı.  Azərbaycan xalqı həmişə olduğu kimi, müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət “dəmir yumruğ”a çevrildi.

Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazılan, dövlət başçımızın rəhbərliyi, qətiyyəti, sərkərdəlik məharəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti sayəsində təmin edilən bu şanlı Zəfər hər bir azərbaycanlıda böyük qürur və iftixar hissi doğurur. Bu tarixi Qələbə barədə Prezident İlham Əliyev deyir: “Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”.

Xalqa və xalq-dövlət birliyinə arxalanaraq həyata keçirdiyi irimiqyaslı layihələr, möhtəşəm qələbələr, Müzəffər Ali Baş Komandan kimi rəşadətli Ordumuzla əldə etdiyi tarixi zəfərlə Prezident İlham Əliyev bu gün Azərbaycanı yeni zirvələrə doğru inamla apararaq əzəli torpaqlarımıza Böyük Qayıdışımızı gerçəyə çevirir. Bu gün hər bir azərbaycanlının qürur duyduğu, fəxr etdiyi Prezidenti var. O, nəyi necə, nə vaxt etmək lazımdır, bunu hər kəsdən yaxşı bilir, bütün məsələlər dövlətimizin başçısının iradəsi ilə zamanında həllini tapır. Xalqımız öz liderinin ətrafında bir yumruq kimi birləşərək qələbələrinin sırasına yeni qələbələr yazdırır.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 07.11.2025 16:20