NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Şəhidliyin Çingiz Mustafayev zirvəsi

...

Elə insanlar var ki, onlar tarixi həm yaşayır, həm də özləri yazırlar. Amma tarixin ən ağrılı, ən qanlı səhifələrini öz canı, qanı və kamerasının obyektivi ilə yazan tək-tük fədailər tapılar. Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid telejurnalist Çingiz Mustafayevin anım günüdür. Onun cismən aramızdan ayrılmasından, əbədiyyətə qovuşmasından düz 34 il ötür...
1960-cı ilin avqustunda Həştərxanın Kapustin-Yar qəsəbəsində doğulan Çingiz Azərbaycan tamaşaçısının yaddaşına adi bir müxbir kimi həkk olunmadı. O, cəbhəyə yalnız reportyor kimi yox, həm də bir əsgər, bir zabit kimi getmişdi. Səngərdə döyüşçülərlə çiyin-çiyinə dayanan, döyüş bölgəsində böyük fədakarlıqlar göstərən Çingizin reportajları efirdən boy göstərən quru xəbərlər yox, həqiqətin özü idi.
Dünya mətbuatı Ermənistanın vəhşiliklərinə göz yumarkən Çingiz Mustafayevin çəkdiyi sənədli kadrlar tarixin gedişatını dəyişdi. Xocalı soyqırımı zamanı fəryad edən körpələrin, qətlə yetirilən günahsız insanların qarşısında hıçqıra-hıçqıra ağlayan, amma əlləri titrəsə də, kamerasını endirməyən Çingiz erməni cinayətlərini dünyaya sübut edən ən böyük ittiham aktını hazırladı. Bu görüntülər işğalçıların maskasını qıran, beynəlxalq ictimaiyyətin kar qulaqlarını açan mühüm silaha çevrildi.
Həyatını həqiqətə və Vətənə həsr edən bu cəsur jurnalistin son çəkilişi 1992-ci il iyunun 15-də Ağdamın Naxçıvanik kəndində oldu. Düşmənin açdığı atəş nəticəsində aldığı ağır mərmi qəlpəsindən həlak olan Çingiz son nəfəsində belə peşəsinə və millətinə xəyanət etmədi. O, yerə yıxılarkən belə kamerasını söndürmədi. Kamera onun son nəfəsini, şəhadətini və ölümsüzlüyünü lentə almağa davam etdi.
Bu gün Çingiz Mustafayevin kamerası ilə lentə aldığı həqiqətlər hələ də yaşayır. O, Azərbaycan mətbuatının və xalqının yaddaşında cəsarətin, fədakarlığın və sarsılmaz vətənpərvərliyin ən ali rəmzi olaraq hər zaman var olacaq. Onun yandırdığı həqiqət məşəli heç vaxt sönməyəcək!

Elnurə CƏFƏROVA

Nəşr edilib : 15.06.2026 11:46