Azərbaycan XİN qəza nəticəsində çoxsaylı insan təl...
15:22 26.11.2026
0
0
0
NAXÇIVAN :
26 Noyabr 2026, Cümə axşamı
İnsanın həyata bağlanmaq üçün son ümid qapılarından biridir xəstəxanalar. Bu qapıdan içəri girən hər kəsin bir arzusu, bir ümidi olur: ağrılarından xilas olmaq, doğmalarının yanına sağlam qayıtmaq… Burada heç kim imtiyaz, xüsusi münasibət istəmir. Sadəcə, vaxtında müayinə olunmaq, düzgün diaqnoz almaq, sağlamlığına qovuşmaq arzusundadır. Amma bəzən bu ümidlər, arzular elə xəstəxana dəhlizlərində yarımçıq qalır.
Naxçıvan Muxtar Respublikasının xəstəxanalarında hər gün müxtəlif yaşda, müxtəlif problemlərlə üzləşən insanlara rast gəlmək mümkündür. Kimi növbəsini gözləyir, kimi həkim qəbulundan çıxır, kimi isə müayinəyə göndərildiyi kabinetin qarşısında dayanır. Bütün bunlarla yanaşı, müasir görünüşlü kabinetlərdə, bahalı tibbi avadanlıqların arasında işləməyən cihazları da görməmək mümkün deyil. Düymələri, ekranları, texniki imkanları var, amma işləmir. Onlar sanki öz funksiyalarını deyil, səhiyyə sistemindəki biganəliyin səssiz mənzərəsini nümayiş etdirirlər.
Yollarda qalan 12 dializ xəstəsi
Xəstəxanalarda müasir tibbi avadanlıqların olması, əlbəttə, sevindirici haldır. Təsəvvür edin: xəstə müəyyən şikayətlərlə həkimə müraciət edir. Həkim onu müayinəyə göndərir. Vətəndaş müvafiq kabinetə yaxınlaşır, lakin gözləmədiyi cavabla qarşılaşır: “Aparat işləmir”. Bu sözün arxasında nə qədər narahatlıq, ümidsizlik, itirilmiş vaxt, bəzən də sağlamlıq üçün yaranan ciddi risk dayanır, bilirsinizmi?!
Xəstə niyə işləməyən avadanlığın, təşkilati məsuliyyətsizliyin və texniki problemlərin əziyyətini çəkməlidir? Tibbi cihazın işləməməsi, sadəcə, texniki nasazlıq deyil. Bu, xəstənin vaxtının itirilməsi, müayinənin gecikməsi, bəzən isə sağlamlığı üçün ciddi təhlükə deməkdir. Bəs muxtar respublikanın başqa rayon və kəndlərindən gələn xəstələr necə? Müayinə üçün həftələrlə növbə gözləyən, son ümidini bu xəstəxanalara bağlayan insanların qarşısında belə bir maneənin yaranması nə dərəcədə ədalətlidir?
Son vaxtlar xəstəxanalarda tibbi cihazların işləməməsi, bəzi müayinələrin vaxtında aparılmaması ilə bağlı vətəndaş narazılıqları səslənir. İnsanlar bildirirlər ki, xəstəxanaya müraciət etsələr də, bəzi cihazlardan istifadə etmək mümkün olmur. Culfa Rayon Mərkəzi Xəstəxanasına üz tutan vətəndaşların da ən böyük ümidi sağlamlıqlarına qovuşmaqdır. Onların arasında illərdir, hemodializ müalicəsi alan 12 nəfər var. Xəstəxanada müvafiq sistemin işləməməsi bu insanları yay-qış demədən başqa ünvana üz tutmağa məcbur edir. Arif Abdullayev, Məmməd Əliyev, Aydın İsmayıllı və Culfa rayonunun digər sakinləri bildirirlər ki, artıq üç aydan çoxdur, xəstəxanada dializ üçün nəzərdə tutulan sistem fəaliyyət göstərmir.
Ən acınacaqlısı odur ki, xəstələr bunun üçün Naxçıvan şəhərinə aparılır, müalicə aldıqdan sonra yenidən geri qaytarılırlar. Bu isə onlar üçün əlavə yol əziyyəti, vaxt itkisi və maddi-mənəvi çətinliklər yaradır. Halbuki bu insanlar xəstəxanaya sağlamlıqlarının qeydinə qalmaq üçün müraciət edirlər. Cihazın niyə xarab olduğunu, texniki xidmətin nə vaxt göstəriləcəyini, məsul şəxslərin işinə nə üçün vaxtında nəzarət edilmədiyini öyrənmək onların vəzifəsi deyil.
Müasir səhiyyənin inkişafı təkcə yeni xəstəxanaların tikilməsi və tibbi avadanlıqların alınması ilə ölçülmür. Əsas məsələ həmin avadanlıqların fasiləsiz və keyfiyyətli xidmət göstərməsidir. Bahalı cihazların alınması üçün dövlət vəsaiti ayrılır, onlar xəstəxanalara gətirilir, kabinetlərdə yerləşdirilir. Bəs avadanlıqların texniki baxışı, mütəmadi təmiri, ehtiyat hissələri ilə təminatı və istifadəsinə nəzarət hansı səviyyədədir?
Aylardır, bu xəstəxanada cihaz da “xəstədir”
Culfa Regional Tibb Mərkəzinin direktoru Zaur Həsənov bildirib ki, 2025-ci ildə vəzifəyə təyin olunarkən Hemodializ şöbəsində bir sıra problemlərin mövcud olduğu məlum olub: “Bu problemlər uzun müddətdir, mövcuddur. Xəstəxana 2008-ci ildə istifadəyə veriləndə burada Hemodializ Mərkəzi fəaliyyət göstərib. Lakin kadr çatışmazlığı səbəbindən şöbədə texniki xidmət olmayıb, həkim-nefroloq çalışmayıb. Xidmət yalnız tibb bacıları tərəfindən göstərilib. Hazırda bizim 12 xəstəmiz var. Onlar dializ xidmətini burada alırdılar. Avqust ayında məlum oldu ki, osmos sistemində nasazlıq var. Biz avqustun 13-də müqavilə bağladıq. Şirkətin əməkdaşları gəldilər və bildirdilər ki, membran filtrləri alınmalıdır. Biz membran filtrlərini aldıq, quraşdırdıq və uzun müddət xidmət göstərə bildik. Amma bir müddət sonra məlum oldu ki, bu filtrlər də öz funksiyasını lazımi müddətdə yerinə yetirmir. İki aydan sonra filtrlərin süzmə prosesi dayanır. Yenidən dekabr ayında başqa bir şirkətlə müqavilə bağladıq. Şirkətin əməkdaşları gəlib sistemə baxış keçirdilər, texniki qüsurları müəyyənləşdirdilər və bildirdilər ki, problem yenə də membran filtrləri ilə bağlıdır. Həmin filtrləri aldıq, təmin etdik, amma məsələ həll olunmadı. Sonda yenidən Naxçıvandan bir şirkət dəvət etdik. Onlar sistemə baxış keçirərək bildirdilər ki, osmos sistemi tamamilə dəyişdirilməlidir”.
Direktor onu da vurğulayıb ki, bununla əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edilib. Məqsəd osmos sisteminin yenisi ilə əvəzlənməsidir: “Müraciətimizi oktyabr ayında etmişik. Noyabr ayında isə mən özüm yenidən məktub yazmışam. Bildirmişəm ki, Culfa rayonunda hazırda 12 dializ xəstəsi məcburən Naxçıvan şəhərinə göndərilir. Biz həmin xəstələrin Naxçıvan şəhərinə daşınmasını Səhiyyə Nazirliyi və Regional Tibb Mərkəzi olaraq özümüz təşkil edirik. Xəstələr Naxçıvan şəhərindəki Dializ Mərkəzinə aparılır, prosedurdan sonra isə yenidən geri qaytarılırlar”.
Əgər bir cihazın nasazlığı aylarla aradan qaldırılmırsa, bu artıq yalnız texniki problem deyil. Bu, idarəetmə, nəzarət və məsuliyyət məsələsidir. Çünki tibbi avadanlıq hesabatlarda mövcudluğunu göstərmək və ya xəstəxananın texniki təchizatını nümayiş etdirmək üçün alınmır. Onun əsas vəzifəsi insan sağlamlığının qorunmasına xidmət etməkdir.
Üç ildən çoxdur, işləmir, amma rəsmi cavabda işlək göstərilir
Əlbəttə, tibbi avadanlıqlar texnikadır və zaman-zaman nasazlıq yarana bilər. Heç bir cihazın daim problemsiz işləyəcəyinə zəmanət verilmir. Lakin əsas məsələ nasazlığın baş verməsi deyil, onun nə qədər müddətdə və hansı operativliklə aradan qaldırılmasıdır. Bəzən problem ehtiyat hissələrinin çatışmazlığı, texniki xidmətin vaxtında göstərilməməsi, mütəxəssis azlığı ilə bağlı ola bilər. Ancaq bunların heç birini aidiyyəti qurum vətəndaşlar üçün bəhanəyə çevirməməlidir. Çünki səhiyyə sahəsində hər gecikmənin arxasında insan sağlamlığı dayanır.
Dövlət vəsaiti hesabına alınan, insanların sağlamlığına xidmət etməli olan cihazların fəaliyyətsiz qalmasına başqa ad vermək çətindir. Naxçıvanda bir sıra xəstəxanalarda tibbi avadanlıqların işləməməsi ilə bağlı vətəndaş narazılıqları var. Bəs nasazlıqlar niyə vaxtında aradan qaldırılmır? Bu sualın cavabını gözləyən təkcə xəstələr deyil, cəmiyyətin özüdür.
Xəstəxanalarda tibbi cihazların sükutunu adi bir sükut kimi qələmə vermək olmaz, cənablar! Bu sükutun arxasında növbə gözləyən, müayinə olunmaq istəyən xəstələr, gecikən diaqnozlar, cavabını gözləyən analizlər, narahat ailələr var. Ən ağır mənzərə də budur: insanın ümidlə qapısını döydüyü yerdə ona ümid verməli olan cihazlar belə işləmirsə, xəstə hara üz tutsun?
Diyarımızın ən böyük tibb müəssisəsi olan Naxçıvan Muxtar Respublika Xəstəxanasında da vəziyyət ürəkaçan deyil: həftələrlə növbə gözləyənlər, çalışan cihazların yerləşdiyi otaqların qarşısında nizamsız izdiham, səs-küy, işləməyən cihazların bağlı qapıları və daha nələr-nələr… İnsanlar bura təsadüfən gəlmirlər. Hər kəsin bu xəstəxanadan bir ümidi, bir gözləntisi var: vaxtında müayinə olunmaq, sağlamlığına qovuşmaq. Bəli, xəstəxanada cihaz var, amma işləmir.
Müasir tibbi texnologiyalar mövcuddur, amma onların hamısı xəstənin xidmətində deyil. Alınıb, gətirilib, quraşdırılıb, lakin vətəndaş yenə də narazıdır. Səbəb nədir? İnsanlar niyə şikayət edir?
Xəstəxanaların müasir avadanlıqlarla təmin olunması vacib məsələdir. Bunu vətəndaş da anlayır. Ancaq işləməyən, işlədilə bilməyən cihazın müasirliyi, istifadə olunmayan texnologiyanın bahalılığı heç bir xəstəyə şəfa vermir. Xəstəxana sərgi salonu deyil ki, dövlət vəsaiti hesabına tibbi avadanlıqlar nümayiş üçün alınsın. Xəstə şəfa axtarır, həkim müayinə təyin edir, amma bu müayinəni həyata keçirməli olan cihaz susur. Bu susqunluq isə xəstələrin, vətəndaşların gözündə getdikcə böyüyən suallara çevrilir.
Elə biz də həmin sualları aidiyyəti quruma ünvanlamışıq. Aldığımız cavablardan birində muxtar respublikada üç işlək vəziyyətdə olan maqnit-rezonans tomoqrafiyası (MRT) aparatının əhaliyə xidmət göstərdiyi qeyd olunub. Ancaq Naxçıvan Muxtar Respublika Xəstəxanasında MRT otağının qapısının üç ildən artıqdır, bağlı olduğu, cihazın istifadəyə yararsız vəziyyətdə qaldığı bildirilir. Bəs bu halda rəsmi cavabda göstərilən məlumatlar hansı vəziyyətə əsaslanır? İctimaiyyətə təqdim edilən rəqəmlərlə vətəndaşların qarşılaşdığı mənzərə niyə üst-üstə düşmür?
Tibb müəssisələrində avadanlıqların sayını açıqlamaqla yanaşı, onların faktiki işlək vəziyyəti və istifadə intensivliyi barədə də ətraflı məlumat verilməlidir. Sualımıza cavab olaraq isə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin balansında olan 2 MRT, 2 kompüter tomoqrafiyası (KT), 62 ultrasəs müayinəsi (USM), 48 rentgen və 11 stomatoloji rentgen aparatının hər biri hazırda tam işlək vəziyyətdədir və əhaliyə xidmət göstərir.
Əgər sadalanan aparatların hər biri işlək vəziyyətdədirsə, o zaman vətəndaşların ən çox narazılıq etdiyi sahələrdən birinin səhiyyə olması nə ilə bağlıdır? Niyə insanlar müayinələr üçün həftələrlə, bəzən aylarla növbə gözləməli olurlar? Rəsmi cavabda hər şey qaydasındadırsa, belə çıxır ki, o zaman Naxçıvan əhalisinin yarıdan çoxu xəstədir?!
İşləməyən cihazı xəstəxana niyə təhvil alıb?
Analoji vəziyyət Şahbuz rayonunda da hökm sürür. Bir tərəfdə tibbi müayinəyə, müalicəyə ehtiyacı olan insanlar, digər tərəfdə isə istifadə olunmayan, fəaliyyətsiz qalan, işləməyən avadanlıq… Bəzən bir xəstəxananın vəziyyətini anlamaq üçün uzun hesabatlara, rəsmi açıqlamalara, statistik rəqəmlərə ehtiyac qalmır. Sadəcə, otağa göz gəzdirmək və orada istifadəsiz qalan tibbi cihaza baxmaq kifayətdir. Çünki bəzən ən böyük problemlər elə səssiz qalmış avadanlıqların arxasında gizlənir. Nəticədə, xəstə yenə başqa ünvana üz tutmalı, əlavə xərc çəkməli, bəzən günlərlə növbə gözləməli olur.
Şahbuz Rayon Mərkəzi Xəstəxanasında qarşılaşdığımız mənzərə isə daha düşündürücüdür. Ən qəribəsi budur ki, burada cihazın işləməməsinin səbəbini izah etmək üçün uzun-uzadı texniki problemlər sadalanmır. Çünki cihaz elə xəstəxanaya qeyri-işlək vəziyyətdə təhvil verilib. Xəstəxananın hüquqşünası Elmar Əhmədli açıqlamasında bildirib ki, Şahbuz Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası cihazı artıq bir neçə ildir, işləmir: “Mənim məlumatıma görə, həmin cihaz Şahbuz Rayon Mərkəzi Xəstəxanasına təhvil verilərkən qeyri-işlək vəziyyətdə olub. Bir neçə dəfə təmir edilməsinə baxmayaraq, onu işlək vəziyyətə gətirmək mümkün olmayıb. Bu barədə rayon mərkəzi xəstəxanasının rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinə məlumat verilib. Hazırda həmin cihazın təmiri və yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı hansı işlərin görülməsi barədə məlumatım yoxdur”.
O zaman haqlı bir sual yaranır: Cihaz işləmədiyi halda xəstəxana onu niyə təhvil alıb? Onun qəbuluna kim məsuliyyət daşıyıb? Qeyri-işlək vəziyyətdə olan tibbi avadanlığın xəstəxananın balansına daxil edilməsinin məqsədi nə olub? Vətəndaş Şükür Məhərrəmov isə belə bir cihazın Şahbuzda olmasından xəbərsiz olduqlarını bildirir: “Müayinə olunmaq üçün şəhərə üz tuturuq. Naxçıvan şəhərində Mərkəzi Xəstəxanada növbəyə yazılırıq, deyirlər ki, neçə gündən sonra gəl, filan ayda gəl, filan vaxtda gəl. Bu da vaxtımızı aparır, işdən-gücdən qalırıq, bir də çox əziyyət çəkirik. Yaxşı olar ki, burada o aparat olsun, işə salınsın”.
Bundan başqa, rayon mərkəzi xəstəxanasının lifti də işləmir. Bildirilib ki, hazırda liftin təmir olunması və qısa müddət ərzində yenidən işlək vəziyyətə gətirilməsi üçün tədbirlər görülür. Bəs xəstəxanalarda işləməyən cihazlara görə kim məsuliyyət daşıyır? Tibbi avadanlıqların alınmasına vəsait ayrılırsa, onların sonrakı istismarına da eyni diqqət göstərilməlidir. Cihazın alınması ilə iş yekunlaşmır. Onun işlək vəziyyətdə saxlanılması, texniki xidmətinin təşkili və vaxtında təmiri bu prosesin ayrılmaz hissəsidir.
Aidiyyəti qurum bu məsələyə aydınlıq gətirməli, hansı tibb müəssisəsində hansı cihazların işləmədiyini, bunun səbəblərini və problemin həlli üçün hansı addımların atıldığını ictimaiyyətə açıqlamalıdır. Çünki dövlət vəsaiti hesabına alınan avadanlıqların taleyi yalnız xəstəxananın deyil, bütün cəmiyyətin maraq dairəsində olan məsələdir.
Milyonlarla manatlıq ambulanslar niyə parkda qalır?
Səhiyyə Nazirliyi xəstəxanalarda növbələrin yaranmasını müraciətlərin çoxluğu, avadanlıqların iş yükü və tibbi personalın iş qrafiki ilə izah edir. Ümumilikdə, MRT, KT və digər müayinələr üçün növbələrin orta gözləmə müddətinin nə qədər olduğunu soruşduqda isə belə cavab verilib: “İcbari tibbi sığortanın Xidmətlər Zərfi üzrə aidiyyəti xidmətlərə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqladığı gözləmə müddətlərinə əməl edilməlidir. Agentliyin məlumatına əsasən müvafiq göndərişlə göstərilən instrumental diaqnostik və laborator müayinələr üçün gözləmə müddəti göndəriş tarixindən etibarən 14 gündən gec olmamalıdır”.
Bəs reallıq necədir? Xəstəxanalarda aylarla növbə gözləyən vətəndaşlar var. Rəsmi qaydada müəyyənləşdirilmiş 14 günlük müddətlə insanların faktiki gözləmə müddəti arasındakı fərqin səbəbi nədir? Bu suala da aydınlıq gətirilməlidir.
2025-ci ildə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 52 yeni təcili tibbi yardım avtomobili alınıb. Onlardan 37-si sadə differensiallı təcili tibbi yardım avtomobili, 5-i boks tipli reanimobil, 5-i perinatal küvəzlə təchiz olunmuş, 5-i isə xüsusi yolsuz ərazilər üçün nəzərdə tutulmuş avtomobillərdir.
Bu avtomobillərin hər birinin qiyməti 220-430 min manat arasında dəyişir. Əlbəttə, yeni təcili tibbi yardım avtomobillərinin alınması təqdirəlayiq haldır. Lakin tam təchizatlı bu avtomobillərin əksəriyyətinin Naxçıvan Muxtar Respublika Xəstəxanasının həyətində park vəziyyətində qalması diqqət çəkir. Dövlətin milyonlarla manat vəsaiti hesabına alınan bu avtomobillər nə üçün təyinatı üzrə tam gücü ilə istifadə edilmir? Əgər alınan ambulansların hər biri muxtar respublika ərazisində əhaliyə xidmət göstərməyəcəkdirsə, o zaman avtomobillərin alınması üçün bu qədər vəsait niyə xərclənilib?
Təcili tibbi yardım avtomobili, sadəcə, xəstəxananın həyətində dayanmaq, texniki təchizat siyahısında yer almaq üçün alınmır. Onun əsas təyinatı ehtiyacı olan insana vaxtında çatmaq, həyatını xilas etməkdir. Belə olan halda həmin avtomobillərin faktiki istifadəsi ilə bağlı sualların cavablandırılması zəruridir.
Xəstənin ümidini doğrultmaq kimin vəzifəsidir?!
Xəstəxana insanın ən çox ehtiyac duyduğu yerdir, vətəndaşın ümid qapısıdır. Buraya gələn hər kəs xidmət, diqqət və ən əsası, işlək tibbi avadanlıq gözləyir. Səhiyyə müəssisələrində müasir avadanlıqların olması qədər onların daim işlək vəziyyətdə saxlanılması da vacibdir. Vətəndaş keyfiyyətli tibbi xidmət tələb etməkdə haqlıdır. Əgər bir xəstəxanada cihaz istifadəyə yararsız vəziyyətdədirsə, onda onun, sadəcə, mövcud olmasının kimə faydası var? Dövlət vəsaiti hesabına alınan avadanlıqların istifadəsiz qalmasına kim cavabdehdir? Niyə işləmir? Nə vaxt işləyəcək?
Bunlar vətəndaşların bizə ünvanladığı suallardır. Bu sualları cavablandırmaq, problemi araşdırmaq və məsul şəxslərin mövqeyini ictimaiyyətə çatdırmaq isə aidiyyəti qurumların vəzifəsidir. İşləməyən, eləcə də alındığı halda istifadəyə verilməyən cihazların qiyməti, təyinatı, texniki vəziyyəti və onların işlək saxlanılmasına görə məsuliyyət məsələsi də cəmiyyət üçün açıq olmalıdır. Çünki söhbət yalnız texniki avadanlıqdan deyil, insanların sağlamlığından, vaxtından və həyatından gedir. Məsuliyyətinizi dərk edin, cənablar! Çünki səhiyyədə ən qiymətli avadanlıq belə insan sağlamlığından üstün deyil.
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər