NAXÇIVAN :

08 May 2026, Cümə

“Şərqin qapısı”nda bahar nəfəsi: sən yazda necə də gözəlsən...

...

Azərbaycanın hər bir bölgəsi fəsillərin rəngi ilə bir başqa gözəlliyə bürünsə də, mənim qəlbimin paytaxtı sənsən, Naxçıvan. Səni hər zaman ayrı bir sevgi ilə qucaqlasam da, yaz fəsli sənə bir başqa yaraşır. Torpağın köksündən boylanıb qışın sərtliyinə meydan oxuyan o ilk qardələn bizə yeni bir həyatın müjdəsini pıçıldayanda sənə olan heyranlığım daha da artır.
Uca dağların zirvələrində hələ də ağ örpək kimi duran əriməmiş qarın səmada dəstə-dəstə süzən pambıq buludlarla yaratdığı qəribə ahəng insanı tilsimləyir. Bu mənzərəyə baxanda zamanın necə də dayandığını hiss etməmək mümkün deyil. Pəncərəni açanda içəri dolan o kəskin yasəmən qoxusu adamı bihuş edir. Səhər Günəşinin ilk şüaları ilə oyandığın vaxt ilk işin yaşıllıqların içində o möcüzəli dörd yarpaqlı yoncanı axtarmaq olur. Bir möcüzəyə inanmaq, təbiətlə baş-başa qalıb güllərin ətrini ciyərlərinə çəkmək istəyirsən.
Qışın soyuğunda ağ örpəyə bürünən torpaq, günəşin isti nəfəsini duyan kimi silkələnib oyanır. Torpaqla bərabər ruhun da canlanır sanki... Bağlarda ora-bura qaçan uşaqların gülüşlərinə, əlində kitab tutub xəyallara dalan gəncin sükutuna sərçələrin cəh-cəhi qarışır. Təbiət öz möhtəşəm simfoniyasını onlarla birgə ifa edir.
Günəşin şəfəqləri nazlı Arazın suları üzərində bərq vuranda günbatımını izləməyin dadı başqadır. Haçadağın zirvəsindən buludlara toxunmaq, Möminə xatun türbəsinin daş yaddaşı ilə həmsöhbət olmaq keçir adamın könlündən... Rəngarəng kəpənəklərin rəqsi arasında itib, ağacların yenicə açan ətirli çiçəkləri içində bihuş olub özünü nağıllar aləmində hiss edirsən.
Ağacların buludlara uzanan budaqlarının altında dincələndə ruhunun sakitləşdiyini duymamaq mümkün deyil. Mən baharın gəlişini Zeynəddinin ətirli çiyələyindən, Naxçıvanın nübar meyvəsi olan o məşhur turşməzə göycəsindən tanıyıram. Yazın müjdəçisi qaranquşlar, uzaq yoldan gələn hacıleyləklər səmada görünəndə bilirəm ki, günəşli, çiçəkli günlərə çox az qalıb.
Albalı ağaclarının çiçəkləri isə mənim üçün tamam başqa bir dünyadır. Yaponiyanın məşhur Sakuralarını xatırladan bu mənzərə məni ölkəmdən uzaqlaşmadan Uzaq Şərqə səyahətə aparır. Çox keçməyəcək ki, o zərif qönçələr meyvəyə çevriləcək, budaqlar öz yükü ilə insan əməyi qarşısında baş əyəcək.
Bahar gələndə bu qədim torpaq, bu “Şərqin qapısı” özü bütöv bir ətirşaha bənzəyir. Həm zərif, həm məğrur, həm də əvəzsiz... Sən yazda bir başqa gözəlsən, Naxçıvanım!

Səmayə RƏSULOVA
 

Nəşr edilib : 04.05.2026 15:06