NAXÇIVAN :

16 Avqust 2026, Bazar

Türk dünyasının arxeoloqları birgə tədqiqatların inkişaf etdirilməsi və arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

...

Macarıstanın Bugaç şəhərində Türk dünyasının Arxeologiya Elmi-Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) üçüncü iclası keçirilib. Görüş arxeologiya və tarixi irsin qorunması sahəsində əməkdaşlığın praktiki mərhələsinə keçidə və birgə beynəlxalq layihələrin hazırlanmasına həsr olunub.
"Şərq qapısı" xəbər verir ki, iclasda Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Macarıstanın “Turan” Fondunun prezidenti Andraş Biro, Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Monqolustanın arxeoloji təşkilatlarının rəhbərləri və nümayəndələri, Türkiyə Tarix Cəmiyyətinin nümayəndələri, həmçinin Macarıstan Milli Muzeyinin rəhbərləri və mütəxəssisləri iştirak ediblər.
İclası açıq elan edən Ş.Mustafayev bildirib ki, ARICA-nın yaradılmasından ötən üç il ərzində birlik əməkdaşlığın əsaslarının formalaşdırılmasından fəaliyyət göstərən beynəlxalq elmi şəbəkənin yaradılmasına qədər mühüm yol keçib.
“ARICA artıq formalaşma mərhələsini geridə qoyub və birgə layihələrin həyata keçirilməsinə yönəlmiş fəaliyyət göstərən beynəlxalq elmi şəbəkəyə çevrilir”, - deyə Türk Akademiyasının rəhbəri vurğulayıb.
ARICA Türk Akademiyasının təşəbbüsü ilə 2023-cü ildə Səmərqənddə yaradılıb. İlk rəsmi iclas 2024-cü ildə Şuşada, ikinci iclas isə 2025-ci ildə Ankara və Qaziantepdə keçirilib. Bu müddət ərzində iştirakçılar əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib, birgə elmi təşəbbüslərin və nəşr layihələrinin həyata keçirilməsinə başlayıblar.
Üçüncü iclasda əsas diqqət birgə fəaliyyətin praktiki mexanizmlərinin müzakirəsinə yönəlib. İştirakçılar türk ölkələrinin arxeoloji irsinin birgə tədqiqi üzrə ARICA Beynəlxalq Proqramının yaradılmasını müzakirə ediblər. Bu proqram müxtəlif ölkələrdən olan mütəxəssislərə hər il prioritet arxeoloji obyektləri müəyyənləşdirməyə, birgə çöl tədqiqatları, qazıntılar, sənədləşdirmə və elmi təhlillər aparmağa imkan verəcək.
Mümkün istiqamətlər sırasında Böyük İpək Yolunun şəhərləri, erkən türk dövrünə aid abidələr, qədim suvarma sistemləri, Avrasiyanın köçəri mədəniyyətlərinin arxeoloji irsi və orta əsrlərə aid istehsal mərkəzləri yer alır.
Digər mühüm layihə türk ölkələrinin arxeoloji abidələrinin Elektron atlasının yaradılması olacaq. Burada ən mühüm arxeoloji obyektlər, o cümlədən onların yerləşdiyi ərazi, xronologiyası, elmi təsviri, fotoşəkilləri, planları, tədqiqatların nəticələri və əsas elmi nəşrləri barədə məlumatların yer aldığı vahid rəqəmsal bazanın yaradılması nəzərdə tutulur.
İştirakçılar, həmçinin ARICA-nın Rəqəmsal İnformasiya Portalının və elektron tədqiqat məlumat bazasının yaradılmasını müzakirə ediblər. Bu sistemlər Türk dünyasının arxeoloji təşkilatları, tədqiqatçıları və elmi mərkəzləri arasında elmi məlumatların daim mübadiləsini təmin etməlidir. Platformada birgə ekspedisiyalar, nəşrlər, konfranslar, qrantlar, təhsil proqramları, tədqiqatçılar və ixtisaslaşmış təşkilatlar barədə məlumatların birləşdirilməsi mümkündür.
Bundan əlavə, Türk Akademiyasının prezidenti Ş.Mustafayev arxeoloji tədqiqatların yekunlarına həsr olunmuş ARICA-nın illik görüşünün keçirilməsini təklif edib. Bu görüşdə qazıntıların və elmi işlərin nəticələrinin təqdim edilməsi, yeni kəşflərin müzakirə olunması və növbəti il üçün əməkdaşlığın prioritetlərinin birgə müəyyənləşdirilməsi nəzərdə tutulur.
“Məhz bu dörd təşəbbüs ARICA-nı Türk dünyasının ümumi arxeoloji irsi sahəsində səmərəli və dayanıqlı əməkdaşlıq platformasına çevirə bilər”, - deyə akademiyanın rəhbəri qeyd edib.
Macarıstanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Qeyd olunub ki, macar alimləri, təşkilatları, muzeyləri və tədqiqat mərkəzləri uzun illərdir hunların, Avrasiya çöllərinin və türklərin erkən tarixinin öyrənilməsinə mühüm töhfə verirlər.
“Türk Akademiyası ARICA-nın yaradılmasının təşəbbüskarı kimi bundan sonra da Türk dünyasının arxeologiya elminin inteqrasiyasına və inkişafına dəstək göstərəcək”, - deyə akademiyanın prezidenti bildirib.
İclas çərçivəsində akademiyanın koordinasiyası ilə hazırlanmış “Türk dünyasının arxeoloqları: qısa bioqrafiyalar” nəşrinin təqdimatı da keçirilib. Kitabda Türk dünyasının müxtəlif ölkələrindən olan görkəmli arxeoloqlar, onların elmi tədqiqatları və arxeologiya elminin inkişafına verdikləri töhfələr barədə məlumatlar toplanıb və bununla da vahid elmi yaddaş mənbəyi formalaşdırılıb.
İclasın yekununda iştirakçılar ARICA-nın üçüncü iclasının əsas prioritetlərini və qarşıdakı illər üçün birgə fəaliyyət planını müəyyənləşdirən Yekun qətnamə qəbul ediblər. Sənəddə Assosiasiyanın birgə arxeoloji tədqiqatların praktiki şəkildə həyata keçirilməsinə, vahid rəqəmsal məkanın yaradılmasına və Türk dünyasının tədqiqat təşkilatları arasında sistemli elmi mübadilənin inkişaf etdirilməsinə keçidi təsbit olunub.

Nəşr edilib : 16.08.2026 18:48