NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur

...

Parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edilib ki, layihə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, habelə məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, 5 fəsil, 19 maddədən ibarət qanun layihəsinin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır. Bu məqsədlə layihədə məlumat verən şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların qanunsuz təsirdən və ədalətsiz rəftardan müdafiəsi əsas prinsiplər kimi müəyyən edilir.

Sənəddə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları təsbit edilir. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.

Nəzərə çatdırılıb ki, layihədə məlumat verən şəxslərin və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi, onların məlumatlarının konfidensiallığının qorunması, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək kimi hüquqları müəyyən edilib. Məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi nəzərdə tutulub.

Nəşr edilib : 30.10.2026 14:01