Naxçıvan idmançısı Ləman Bağırova beynəlxalq yarış...
20:20 27.07.2026
0
0
0
24-26 iyul 2026-cı il tarixlərdə Türkiyə Respublikasının Artvin vilayətinin Şavşat rayonunda keçirilən 33-cü Beynəlxalq Şavşat Sahara Mədəniyyət və İncəsənət Festivalında ölkəmizi Şərur Regional Mədəniyyət İdarəsinin "Şərur" Xalq Yallı Ansamblı təmsil edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, festivalın açılış mərasimindən əvvəl rəsmi şəxslərin, qonaq qismində festivala qatılan ölkələrin iştirakçılarının iştirakı ilə şəhər mərkəzinə doğru təntənəli festival yürüşü keçirilib. Yürüşdən sonra festivalın rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində rəsmi qonaqlar çıxış edərək festivalın xalqlar arasında dostluq, mədəni əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin inkişafındakı rolunu vurğulayıblar.
Şavşat Kaymakamlığı və Şavşat Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq festivalda Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyənin müxtəlif bölgələrindən rəqs və musiqi kollektivləri iştirak edərək milli mədəniyyət nümunələrini nümayiş etdiriblər.
Festivalın sonrakı günləri Şavşatın məşhur Sahara yaylağında davam etdirilib. "Şərur" Xalq Yallı Ansamblı qədim yallılarımızı yüksək peşəkarlıqla nümayiş etdirib. Ansamblın çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. İfa olunan yallılar milli-mədəni irsimizin zənginliyini nümayiş etdirməklə yanaşı, Azərbaycan xalqının qədim folklor ənənələrinin beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verib.
Festival çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi adından Şavşat Bələdiyyəsinin sədrinə xatirə hədiyyəsi təqdim olunub. Hədiyyə Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinin rəmzi kimi təqdim edilib.
"Şərur" Xalq Yallı Ansamblının 33-cü Beynəlxalq Şavşat Sahara Mədəniyyət və İncəsənət Festivalındakı uğurlu çıxışı yallılarımızın beynəlxalq arenada tanıdılması, eləcə də Azərbaycan-Türkiyə dostluq və mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Digər xəbərlər