NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Şərur yallıları: milli irsimizin yaşanan salnaməsi

...

Şərur yallıları öz qədimliyi, rəngarəngliyi və ifa xüsusiyyətləri ilə seçilərək Azərbaycanın qeyri-maddi mədəni irsinin ən qiymətli nümunələri sırasında yer alır. Bu sənətin qorunması və yaşadılmasında 1929-cu ildən fəaliyyət göstərən “Şərur” Xalq Yallı Ansamblının xüsusi rolu var. Kollektiv ötən onilliklər ərzində qədim yallıların unudulmaması, səhnə mədəniyyətinin inkişafı və milli rəqs ənənələrinin gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərib. Ansamblın formalaşması və inkişafında Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin tövsiyələri də mühüm rol oynayıb. Kollektiv uzun illər ölkəmizin müxtəlif bölgələrində və xarici ölkələrdə keçirilən tədbirlərdə çıxış edərək Şərur yallıları və Azərbaycan mədəniyyətini beynəlxalq auditoriyaya uğurla tanıdıb.
Bu ənənə bu gün də uğurla davam etdirilir. “Şərur” Xalq Yallı Ansamblı növbəti dəfə Türkiyə Respublikasının Artvin vilayətinin Şavşat rayonunda təşkil olunan 33-cü Beynəlxalq Şavşat Sahara Mədəniyyət və İncəsənət Festivalında iştirak edərək qədim yallılarımızı nümayiş etdirib. Ansamblın çıxışı festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və milli rəqs sənətimizin zənginliyi bir daha beynəlxalq səviyyədə təqdim olunub.
Biz də bu məqsədlə “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Əfsər Novruzovla səfərin təəssüratları, əldə olunan uğurlar və qarşıdakı planlar barədə həmsöhbət olduq. Əfsər Novruzov bildirdi ki, festival çərçivəsində qədim yallılarımız vasitəsilə Naxçıvanı və Azərbaycanı qardaş ölkədə layiqincə təmsil etmək onlar üçün böyük qürur olub. Onun sözlərinə görə, ansamblın təqdim etdiyi proqramda UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş yallılar da yer alıb. “Xələfi”, “Köçəri”, “Tənzərə” və digər qədim yallılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Festivalın ilk günündə təşkil olunan ənənəvi yürüş proqramı ən yaddaqalan məqamlardan biri olub. Milli geyimlərdə çıxış edən ansambl üzvləri yürüş zamanı Azərbaycan mədəniyyətini nümayiş etdiriblər. Ardınca bələdiyyə meydanında keçirilən rəsmi açılış mərasimində müxtəlif ölkələrdən gələn kollektivlərin çıxışları təqdim olunub. Təxminən, 15 nəfərlik heyətlə festivalda iştirak edən “Şərur” Xalq Yallı Ansamblının çıxışı böyük maraqla qarşılanıb və qədim yallılarımız unudulmaz anlar yaşadıb.
Festival çərçivəsində keçirilən qarşılıqlı hədiyyə təqdimetmə mərasimində də milli dəyərlərimiz ön plana çıxıb. Ansambl tərəfindən Naxçıvanın tarixi simvollarından olan Möminə xatun türbəsinin təsviri əks olunan tablo hədiyyə edilib. Daha sonra kollektiv Yayla Festivalında da çıxış edərək qədim yallılarımızı nümayiş etdiriblər. Təqdim olunan rəqslər iştirakçılara Azərbaycan xalqının zəngin folklor irsini daha yaxından tanımaq imkanı yaradıb.
Əfsər Novruzovun sözlərinə görə, Türkiyənin müxtəlif bölgələrində dəfələrlə çıxış etsələr də, Şavşat festivalı onlar üçün xüsusi əhəmiyyət daşıyıb. Çünki bu festival yerli tamaşaçıların Şərur yallıları ilə ilk əyani tanışlığı olub.
Ansamblın sənət yolu uzun illərdir, ölkə sərhədlərini aşır. Polşa, Macarıstan, Misir və Türkiyənin müxtəlif bölgələrində keçirilən tədbirlərdə çıxış edən kollektiv milli rəqs sənətimizi uğurla təbliğ edib. Eyni zamanda Naxçıvanda keçirilən müxtəlif mədəni tədbirlərdə, o cümlədən Qərbi Azərbaycan  festivallarında da fəal iştirak edib.
Yallı sənətinin yaşadılması və təbliği istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də “Zamanın səsi – Şərur yallıları” adlı sənədli filmdir. Filmdə qədim yallı ənənəsinin tarixi, bu irsin qorunması istiqamətində görülən işlər və sənətin daşıyıcılarının fəaliyyəti əks olunacaq. Müsahibim bildirir ki, təxminən, bir il əvvəl filmin rejissoru Orxan Cabbarovla bu mövzuda söhbətləri olub. Həmin görüş zamanı yallı sənətimizlə bağlı film çəkilməsi ideyası irəli sürülüb. Qısa müddət sonra layihə üzərində hazırlıq işlərinə başlanılıb, Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən də təşəbbüs yüksək qiymətləndirilib. Aprel ayından etibarən “Şərur” Xalq Yallı Ansamblının rəhbəri və üzvləri çəkiliş prosesinə cəlb olunub, daha sonra “Nurani” Ansamblının üzvləri də filmə dəvət edilərək çəkilişlərdə iştirak ediblər.
Əfsər Novruzovun sözlərinə görə, belə layihələrin həyata keçirilməsi yallı sənətinin daha geniş tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O ən böyük arzularından birinin Qarabağda, Cıdır düzündə Şərur yallısını ifa etmək olduğunu da vurğulayıb. Bu, kollektiv üçün həm mənəvi dəyər, həm də  unudulmaz hadisə olardı. 
Beynəlxalq festivallarda uğurlu çıxışlar, müxtəlif ölkələrdə keçirilən mədəni tədbirlər və yallı sənətinə həsr olunan yeni layihələr bir daha təsdiq edir ki, Şərur yallıları təkcə keçmişin yadigarı deyil, bu gün də yaşayan və inkişaf edən ən zəngin mədəni irs nümunəsidir. 

Zəhra VƏLİYEVA

Nəşr edilib : 04.08.2026 09:59