NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Şərurda kartof yığımına başlanılıb

...

Diyarımızın ən böyük aqrar bölgələrindən biri olan Şərur rayonunda kartofçuluq ənənəvi və aparıcı təsərrüfat sahələrindəndir. Münbit torpaqlar, kənd adamlarının zəngin təcrübəsi və dövlət dəstəyi bu sahədə yüksək nəticələrin əldə olunmasına imkan yaradır.
Ötən il rayonda həyətyanı sahələr də daxil olmaqla, 589 hektar ərazidə kartof əkilib, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi nəticəsində 17 min 825,8 ton məhsul tədarük olunub.
Bu il də kartof istehsalının artırılması məqsədilə əkin sahələri genişləndirilib. Belə ki, həyətyanı torpaqlar da daxil olmaqla, ümumilikdə, 746,41 hektar sahədə kartof əkini aparılıb. Fevral ayında əkilən sahələrdə artıq məhsul yığımına başlanılıb.
Rayonun kəndlərində məhsuldar toxum sortlarından istifadə olunub, əkin sahələrində aqrotexniki qaydalara ciddi əməl edilib. Müasir suvarma sistemlərinin tətbiqi və qabaqcıl becərmə üsullarından istifadə məhsuldarlığın daha da artırılacağına əminlik yaradır.
Qeyd edək ki, Şərur rayonunda istehsal olunan kartof məhsulu muxtar respublika əhalisinin bu vacib ərzaq məhsuluna olan tələbatının ödənilməsində mühüm rol oynayır. Hər il minlərlə ton məhsul bazar və yarmarkalara çıxarılaraq istehlakçılara təqdim edilir.

Nəşr edilib : 10.06.2026 17:22