Türk Dövlətləri Təşkilatının Türk dünyasının inkiş...
22:35 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Müstəqil Azərbaycanın son iyirmi iki illik dövrünə nəzər saldıqda siyasi fəaliyyətini güc balansı, milli maraqlar və real siyasət üzərində qurmuş, “Bizim daxili işlərimizə heç kim qarışa bilməz!” tezisi ilə siyasi fəlsəfəsini dünyaya bəyan etməklə qloballaşan dünyada Azərbaycanın müstəqil qərarvermə hüququnu ön plana çəkən, Qarabağı azadlığına qovuşduraraq siyasi iradəsini nəticəyə çevirməklə liderlik keyfiyyətlərini dünyaya sübut edən, xarici siyasətdə balanslı və çevik diplomatiya yürüdərək çoxvektorlu siyasətlə dövlətini regionda etibarlı tərəfdaşa çevirməklə güc, praqmatizm və milli maraqların üzərində yüksələn İlham Əliyev Zirvəsini görürük.
Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və siyasi nüfuzunun dayanıqlılığının təmin edilməsi keçirilən beynəlxalq zirvə görüşləri ilə təkrar-təkrar tarixə yazılır. Dünyada baş verən iqtisadi, siyasi, hərbi və sosial tendensiyalar fonunda sülhə, dayanıqlı inkişafa, qlobal və regional birliyə töhfə verən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın regionda sülhün, sabitliyin davamlılığını təmin etmək əzmini nümayiş etdirir və eyni zamanda əməkdaşlıq və dialoq üçün açıq platforma yaradılmasına imkan verir. Keçirilən beynəlxalq zirvə və forumların siyasi ideoloqu Ali Baş Komandan İlham Əliyevin nitqlərində Heydər Əliyev siyasi xəttinə, şəhidlərimizə, milli birliyimizə dərin ehtiram, eləcə də qlobal sülhə, regional əməkdaşlığa və iqtisadi inkişafa verdiyi önəm əsas məqamlar kimi diqqəti cəlb edir.
4 iyul 2025-ci ildə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu mötəbər tədbirin Xankəndi şəhərində keçirilməsi böyük siyasi, iqtisadi və mənəvi əhəmiyyət daşımaqla bərabər, həm də Azərbaycanın regionda sülhün, sabitliyin və bərpa proseslərinin davamlılığını təmin etmək əzmini nümayiş etdirdi. Görüş həm də qlobal çağırışların artdığı, regional həmrəylik, qarşılıqlı dəstək və ortaq inkişaf strategiyalarının hər zamankından daha böyük önəm kəsb etdiyi bir dövrdə əməkdaşlıq və dialoq üçün açıq platforma yaratdı.
Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsi
Ölkə başçısı həmin tədbirdəki nitqində ECO məkanında ilk dəfə Bakıda COP 29 konfransının, Azərbaycanın təşəbbüsü ilə ilk dəfə ECO Həftəsinin keçirilməsi (Zirvə ilə paralel olaraq ECO Biznes Forumu, ECO Qadınlar və Gənclər forumları və əməkdaşlıq görüşləri keçirilmişdir), ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması, 2026-cı ildə Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə diqqət çəkərək Azərbaycanın siyasi, iqtisadi, sosial sahələrdəki rolunu və mövqeyini aydın şəkildə diqqətə çatdırmışdır.
Azərbaycan işğaldan azad etdiyi ərazilərində yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil edərək regionun bərpası və yenidənqurulması mesajını dünyaya çatdırır. Regionda sülhün, enerji təhlükəsizliyinin, iqtisadi-siyasi sabitliyin, dürüst qonşuluq münasibətlərinin qarantı olan Azərbaycan uzaqgörən və dahi lider rəhbərliyində siyasi xətt izləyir. Zirvə görüşündə üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət, investisiya və nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi və bərpaolunan enerji sahəsində əməkdaşlıq, iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələləri, rəqəmsal iqtisadiyyat və innovasiyaların təşviqi əsas müzakirə mövzuları olmuşdur.
7 oktyabr 2025-ci ildə Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin dövlət və hökumət başçıları, həmçinin yüksək səviyyəli nümayəndə heyətləri iştirak etmişdir. Zirvə görüşünün əsas məqsədi türk dövlətləri arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də təşkilat çərçivəsində ortaq strateji prioritetlərin müəyyənləşdirilməsi olmuşdur.
“Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi”, – deyərək çıxışında görüşün Qəbələdə keçirilməsinin mahiyyətinə toxunan dövlət başçımız tariximizə, regionumuzun hər bir qarışındakı qədim türk izinə, dövlətçilik ənənələrimizin tarixiliyinə işarə etmişdir. TDT-ni qlobal arenadakı vacib aktora çevirən faktorlara diqqət çəkən ölkə rəhbəri Naxçıvan sazişində sülhün qorunması və təhlükəsizliyin əsas məqsəd və vəzifələr sırasında yer aldığını və görüşün “Regional sülh və təhlükəsizlik” mövzusunu vurğulamışdır. Hərbi gücün vacibliyini qeyd edən Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etmişdir. Təlimlərin Azərbaycanda keçirilməsi hərbi, geosiyasi və strateji baxımdan mühüm mesaj hesab oluna bilər. Vaşinqton Zirvəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, yeni geosiyasi reallıqlar fonunda ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, Zəngəzur dəhlizinin açılmasının vacibliyinə diqqətçəkən Müzəffər Ali Baş Komandan şəhidlərimizə ehtiramını ifadə etmişdir. 2026-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində geniş şəkildə qeyd olunması təklifi ilə çıxış edən dövlət başçısı ortaq dəyərimiz olan dilimizin saflığının qorunmasının vacibliyinə diqqəti yönəldə bilmişdir.
Zirvədə türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, nəqliyyat və logistika dəhlizlərinin genişləndirilməsi, rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq, mədəni və humanitar bağların möhkəmləndirilməsi, regional və qlobal təhlükəsizlik məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi kimi istiqamətlərdə müzakirələr aparılmışdır. Qəbələ Zirvə görüşü Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına, üzv dövlətlər arasında birlik, həmrəylik və strateji tərəfdaşlığın daha da güclənməsinə, ortaq tarix, dil və mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi ideologiyasına mühüm töhfə vermişdir.
“Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu
İnkişaf etməkdə olan Səkkiz Ölkə Təşkilatına (D-8) üzv dövlətlər arasında media və informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və ortaq kommunikasiya yanaşmalarının formalaşdırılması məqsədilə 21 noyabr 2025-ci il tarixdə Bakı şəhərində Media Forum keçirilmişdir. D-8 üzvü ölkələrin media qurumlarının rəhbərləri, jurnalistlər, kommunikasiya üzrə məsul dövlət nümayəndələri, sahə ekspertlərinin iştirakı ilə keçirilən forum çərçivəsində informasiya təhlükəsizliyi, sosial medianın təsiri, süni intellektin media fəaliyyətində rolu və regional əməkdaşlıq mexanizmləri müzakirə olunmuşdur.
Forumun ilk dəfə Bakıda keçirilməsini mühüm hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev demişdir: “...Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.
Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir...”
Azərbaycanın D-8 təşkilatındakı iqtisadi, siyasi rolunu vurğulayan ölkə başçısı enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməklə regional və beynəlxalq arenada ölkəmizin aparıcı aktorlardan birinə çevrildiyini qeyd etmişdir. Cənab Prezident çıxışında müasir dövrümüzdə mediada baş verən sürətli texnoloji transformasiya fonunda dezinformasiya amilinin yaratdığı təhdidlər və media etikasının həmrəylik və birlik üçün vacibliyinə diqqət çəkmişdir.
Beynəlxalq platformalarda Azərbaycanın strateji qazancı
Üç beynəlxalq tədbirin timsalında son illərdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin artan siyasi çəkisini, Prezident İlham Əliyevin nüfuzunu və Azərbaycanın diplomatik fəallığını aydın şəkildə nümayiş etdirir. Keçirilən hər bir beynəlxalq tədbir regionda sülhə, sabitliyə, strateji məqsədlərə xidmət edir, növbəti beynəlxalq diplomatik manevrlərin hesablanması üçün mühüm əhəmiyyət daşıyır. Beynəlxalq platformalar Azərbaycanın regionda sülh, siyasi sabitlik, regional və qlobal əməkdaşlığa töhfə, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, ekoloji problemlər və iqlim dəyişikliklərinə diqqət çəkilməsi baxımından proseslərin davamlılığını təmin etmək əzmini nümayiş etdirir. Əməkdaşlıq və qarşılıqlı dialoq üçün açıq platformanın yaradılması Azərbaycanın siyasi etikaya, müzakirə mədəniyyətinə və mədəniyyətlərarası ünsiyyətə hörmətlə yanaşmasının bariz nümunəsidir.
ECO 17-ci Zirvə Görüşü Azərbaycanın nəqliyyat və logistika rolunu ön plana çıxardaraq enerji təhlükəsizliyi və yaşıl enerji sahəsində strateji tərəfdaş statusunu gücləndirdi, Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni iqtisadi reallıqları beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.
TDT-nin Qəbələ Zirvəsi Azərbaycanın Türk dünyasında aparıcı siyasi mərkəzlərdən biri kimi rolunu daha da gücləndirdi, türk dövlətləri arasında siyasi həmrəyliyi və koordinasiyanı artırdı, Orta Dəhliz və digər nəqliyyat layihələrində Azərbaycanın əsas tranzit ölkə statusunu möhkəmləndirdi. Qəbələ Zirvəsi göstərdi ki, Azərbaycan təkcə coğrafi deyil, həm də ideoloji və siyasi baxımdan Türk dünyasının birləşdirici mərkəzidir.
D-8 Media Forumu Azərbaycanın media diplomatiyasının yeni mərhələyə keçdiyini göstərdi, Qarabağ reallıqlarının D-8 ölkələrinin media resurslarında daha düzgün təqdim olunmasına imkan verdi.
Ümumilikdə, beynəlxalq platformalar Azərbaycanın regional inteqrasiya proseslərində təşəbbüskar və etibarlı aktor olduğunu təsdiqlədi. Sübut olundu ki, Azərbaycan təkcə regional deyil, həm də çoxtərəfli beynəlxalq platformalarda təsir gücünə malikdir, siyasi, iqtisadi və informasiya sahələrində sistemli diplomatiya ilə çıxış edir, post-münaqişə dövründə sabitlik, əməkdaşlıq və inkişaf modeli təklif edir.
Bütün bunların memarı isə milli maraqlara söykənən dərin və uzaqgörən diplomatiyası, siyasi iradəsi, çevik qərarvermə və risk idarəçiliyindəki ustalığı ilə Azərbaycanın regional və qlobal hadisələrdə yalnız iştirakçı deyil, həm də təşəbbüskar və regional proseslərə istiqamət verən dövlət olduğunu sübut edən Heydər Əliyev siyasətinin davamçısı, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevdir!
Aidə CƏLİLZADƏ
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru
Digər xəbərlər