NAXÇIVAN :

08 Noyabr 2026, Bazar

Şuşa görüşü: Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının və ortaq siyasi iradənin göstəricisi

...

Azərbaycan və Türkiyə. Bu iki dövlət arasındakı münasibətlər beynəlxalq əlaqələr sistemində özünəməxsus yeri və mahiyyəti ilə seçilir. Bu münasibətləri yalnız diplomatik tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və ya ortaq tarixi köklərlə izah etmək mümkün deyil. Çünki Azərbaycan-Türkiyə əlaqələrinin əsasında xalqlarımızın əsrlər boyu formalaşmış mənəvi bağlılığı, qarşılıqlı etimadı, ortaq dəyərləri, eləcə də dövlət başçılarının nümayiş etdirdiyi sarsılmaz siyasi iradə dayanır.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ötən əsrin əvvəllərində səsləndirdiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı bu qardaşlığın mənəvi təməlini ifadə edir. Onilliklər sonra Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi isə həmin bağlılığı müasir dövlətlərarası münasibətlərin ideoloji və siyasi məzmununa çevirdi. Hər iki tarixi şəxsiyyətin fikirlərini birləşdirən əsas məqam Azərbaycan və Türkiyənin taleyinin, maraqlarının və gələcəyinin qarşılıqlı bağlılığıdır. Məhz bu möhkəm təməl üzərində formalaşan münasibətlər zamanın sınaqlarından keçərək 2021-ci ildə Şuşa şəhərində strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həmin tarixi miras yeni siyasi reallıqlar və konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilir.
Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə ölkəmizə səfəri də bu münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha gündəmə gətirdi. Səfərin Qarabağda, Şuşada baş tutması, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə bəyanatlarla çıxış etməsi mühüm siyasi və diplomatik məna daşıyırdı. Bu, Azərbaycan-Türkiyə birliyinin konkret siyasi addımlarda, tarixi hadisələrə münasibətdə və gələcəyə dair ortaq mövqedə təzahürünün növbəti ifadəsi oldu.

Şuşadan verilən mesaj: birliyin sarsılmazlığı və siyasi qətiyyət

Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşada keçirdikləri görüşün, mətbuata verdikləri bəyanatların əsas xəttini iki ölkə arasındakı qardaşlıq münasibətlərinin dəyişməzliyi təşkil etdi. Dövlətimizin başçısı səfərin əsas nəticəsini ifadə edərkən Azərbaycan-Türkiyə birliyinin əbədiliyini və sarsılmazlığını xüsusi vurğuladı. Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır” fikri görüşün siyasi mahiyyətini ifadə edən başlıca mesajlardan biri kimi yadda qaldı: “Təbii ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik. Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi – bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”.
Dövlət başçımızın bu fikirləri Şuşada, məhz Şuşa Bəyannaməsinin imzalandığı məkanda səsləndirməsi xüsusi rəmzi və siyasi məna daşıyır. Çünki Şuşa Azərbaycan xalqının tarixi yaddaşını, milli iradəsini və dövlət suverenliyini təcəssüm etdirən şəhərdir. 2021-ci il iyunun 15-də burada imzalanmış Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsini rəsmiləşdirən tarixi sənəddir. Bu sənədlə iki ölkə arasında siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm hüquqi-siyasi çərçivə formalaşdırılıb.
Prezident İlham Əliyevin “Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır” fikri sənədin mahiyyətini dolğun şəkildə ifadə edir. Başqa sözlə, Bəyannamə xalqlarımız arasında əsrlər boyu mövcud olan qardaşlığı dövlətlərarası münasibətlərin strateji müttəfiqlik səviyyəsində hüquqi-siyasi əsaslarla möhkəmləndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında bu məqama xüsusi diqqət çəkərək Şuşa Bəyannaməsi ilə möhkəmləndirilən qardaşlığı zəiflətməyə çalışanların dünən olduğu kimi, bu gün və sabah da məqsədlərinə nail ola bilməyəcəklərini bildirdi. Onun Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə istinadı, eləcə də bu qardaşlığı “sönməz bir məşəl” adlandırması münasibətlərin dəyişməz mahiyyətini bir daha təsdiqlədi.
Diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin iki ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyənlərə ünvanladığı qətiyyətli mesaj idi: “Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz – iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”. 
Bu fikirlər Azərbaycan-Türkiyə münasibətlərinin gündəlik müzakirələrdən və kənar təsirlərdən asılı olmadığını, dövlətlərin strateji maraqlarına, qarşılıqlı etimada və siyasi iradəyə söykəndiyini göstərir. Eyni zamanda ayrı-ayrı məsələlər ətrafında yaranan fikir ayrılıqlarının iki dövlətin strateji müttəfiqliyinin mahiyyətini dəyişdirmədiyi, münasibətlərin dialoq və qarşılıqlı hörmət prinsipləri əsasında davam etdiyi mesajı verildi. Bu baxımdan, Şuşadan səslənən bəyanatlar təkcə mövcud münasibətlərin qiymətləndirilməsi deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərinə dair ortaq siyasi iradənin ifadəsi kimi dəyərləndirilməlidir.

Zəfər Günündə səfər: ortaq sevinc, tarixi yaddaş və mənəvi həmrəylik

Prezident Ərdoğanın səfərinin 8 Noyabr – Zəfər Günündə reallaşması heç də təsadüfi deyil. Türkiyə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstəyini açıq şəkildə ifadə etdi, qardaş ölkənin ərazi bütövlüyü məsələsində prinsipial mövqe ortaya qoydu. Müharibənin ilk saatlarından Türkiyə rəhbərliyinin verdiyi bəyanatlar Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Prezident İlham Əliyev Şuşadakı bəyanatında həmin günləri xatırladaraq Türkiyə Prezidentinin müharibənin ilk saatlarında verdiyi bəyanatın Azərbaycan xalqına əlavə güc və ruh verdiyini xüsusi vurğuladı. Dövlət başçısının Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə səsləndirdiyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” tarixi mesajını xatırlatması bu dəstəyin xalqımızın yaddaşında necə dərin iz buraxdığını nümayiş etdirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qarabağ Zəfərini yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyi kimi səciyyələndirdi: “Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir”. Bu mövqe Azərbaycanın qazandığı tarixi Qələbənin Türk dünyasında doğurduğu siyasi və mənəvi əks-sədanı ifadə edir.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi yalnız ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı deyil, bütövlükdə, Cənubi Qafqazın geosiyasi mənzərəsində də mühüm dəyişikliklərə səbəb olub. Prezident Ərdoğanın Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin regionda yeni dövrə qapı açdığını bildirməsi bu reallığın Türkiyə tərəfindən də qəbul edildiyini göstərir.
Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri isə regionda dayanıqlı sülhün və sabitliyin təmin edilməsidir. Türkiyə Prezidentinin döyüş meydanında qazanılan Qələbənin davamlı sülhlə möhkəmləndirilməsinin vacibliyini vurğulaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə dayanıqlı sülhün bərqərar olması yönündə səmimi səylərini dəstəkləyirik”. Bu, Azərbaycanın sülh gündəliyinə verilən siyasi dəstəyin ifadəsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı postmünaqişə dövründə dövlət siyasətinin əsas istiqamətlərindəndir. Prezident Ərdoğan Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirərək Qarabağda yenidən yanan hər ocağın, yüksələn hər binanın və bərpa olunan tarixi irsin xalqımızın gələcəyə inamını nümayiş etdirdiyini bildirdi.
Türkiyənin bu prosesə töhfəsi isə siyasi bəyanatlarla məhdudlaşmır. Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzinin və “Ağıllı Tingçilik” Müəssisəsinin yaradılması, Ağdamda Türkiyə tərəfindən məktəb tikintisinə başlanılması qardaşlığın konkret layihələrdə təcəssümüdür. Prezident Ərdoğanın bu layihələri xüsusi qeyd etməsi iki ölkənin əməkdaşlığının Qarabağın bərpası və gələcək inkişafı ilə də sıx bağlı olduğunu göstərir.

Strateji müttəfiqlik regional təhlükəsizlik və sülhün mühüm amilidir

Azərbaycan-Türkiyə münasibətlərinin mühüm istiqamətlərindən biri regional təhlükəsizlik və sabitliyin təmin edilməsidir. Prezident İlham Əliyevin Şuşada Türkiyə-Azərbaycan birliyini sabitlik, əməkdaşlıq və təhlükəsizlik amili kimi səciyyələndirməsi bu tərəfdaşlığın yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını göstərir. Dövlət başçısı Türkiyənin beynəlxalq miqyasda artan siyasi çəkisinə və iqtisadi gücünə diqqət çəkərək Azərbaycanın da son illərdə böyük inkişaf yolu keçdiyini vurğuladı. “Biz birlikdə daha da güclüyük” fikri isə iki ölkənin imkanlarının və siyasi potensialının qarşılıqlı şəkildə tamamlandığını ifadə edir.
Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığı, nəqliyyat-kommunikasiya xətlərinin açılmasının, regional iqtisadi əlaqələrin genişləndirilməsinin və davamlı sülhün təmin olunmasının aktuallaşdığı bir dövrdə Bakı ilə Ankara arasında koordinasiyanın əhəmiyyəti daha da artır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Türkiyənin regional və beynəlxalq miqyasda artan siyasi-iqtisadi imkanları iki ölkəni bir sıra strateji məsələlərdə təbii tərəfdaşa çevirir.
Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyətin gücləndirilməsidir. Prezident Ərdoğanın təşkilatın hazırkı səviyyəsini ortaq iradə və səylərin nəticəsi kimi qiymətləndirməsi, Azərbaycanın sədrliyi dövründə Türk dünyasının birliyi və möhkəmliyi naminə göstərdiyi səylərə görə təşəkkür etməsi Bakının bu platformadakı roluna verilən yüksək qiymətdir. Türkiyə Prezidentinin öz ölkəsinin sədrliyi dövründə təşkilatın daha güclü və institusional quruma çevrilməsi üçün çalışacağını bildirməsi isə ortaq siyasi gündəliyin gələcək mərhələsinə dair mühüm mesajdır.
İki ölkənin siyasi və diplomatik koordinasiyası, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahələrində qarşılıqlı fəaliyyətinin genişlənməsi regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Xəzər hövzəsi ilə Aralıq dənizi arasında formalaşan nəqliyyat və enerji əlaqələri, Şərq-Qərb istiqamətində yükdaşımaların artırılması Azərbaycan və Türkiyənin ortaq maraqlarını daha da gücləndirir.
Prezident İlham Əliyevin bəyanatında Zəngəzur dəhlizinin geniş müzakirə olunan məsələlər sırasında qeyd edilməsi bu istiqamətin ikitərəfli əməkdaşlıq və regional bağlantıların gələcəyi baxımından əhəmiyyətini bir daha göstərir. Nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin genişlənməsi Azərbaycan-Türkiyə tərəfdaşlığının strateji gündəliyində mühüm yer tutur.

İqtisadi potensial və gələcək əməkdaşlığın perspektivləri

Azərbaycan-Türkiyə münasibətlərinin siyasi müttəfiqlik səviyyəsində inkişafı iqtisadi əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır. İki ölkə arasında enerji sahəsində formalaşmış əməkdaşlıq artıq regional və beynəlxalq əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və TANAP kimi layihələr Azərbaycanın enerji resurslarının dünya bazarlarına çatdırılmasında, Türkiyənin isə mühüm enerji tranzit mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayır.
Bununla yanaşı, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, kənd təsərrüfatı, turizm, rəqəmsal texnologiyalar və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanlar mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən iqtisadi layihələr Türkiyə şirkətləri üçün də yeni əməkdaşlıq perspektivləri yaradır.
Şuşa görüşündə ikitərəfli münasibətlərin siyasi və iqtisadi istiqamətlərinin, sərmayə qoyuluşunun, enerji və nəqliyyat dəhlizlərinin müzakirə edilməsi göstərir ki, iki ölkənin strateji müttəfiqliyi konkret iqtisadi nəticələrlə də zənginləşdirilir. Gələcək mərhələdə birgə istehsal və investisiya layihələrinin genişləndirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və mövcud potensialdan daha səmərəli istifadə mühüm vəzifələrdəndir.
Türkiyə Prezidentinin Şuşaya səfəri zamanı Qarabağda həyata keçirilən infrastruktur layihələrinə diqqət çəkməsi də bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir. Onun səfər marşrutu boyunca keçdiyi yeddi tuneli xüsusi qeyd etməsi, bölgədə aparılan quruculuq işlərini yüksək qiymətləndirməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaratdığı yeni infrastrukturun miqyasını göstərən mühüm məqamlardandır. Ərdoğanın növbəti səfərdə Şuşa və Füzulinin daha fərqli görkəmdə olacağına inamını ifadə etməsi isə quruculuq prosesinin davamlılığına dair nikbin mesajdır.

Şuşadan gələcəyə uzanan sarsılmaz qardaşlıq və birlik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycana səfəri və Şuşada səsləndirilən bəyanatlar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm tarixi, mənəvi və siyasi əsaslara söykəndiyini bir daha nümayiş etdirdi. Səfər həm tarixi Zəfərin ortaq sevincinin bölüşülməsi, həm də iki dövlətin gələcək əməkdaşlığa dair mövqelərinin ifadəsi baxımından əhəmiyyət daşıdı.
Prezident İlham Əliyevin “Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq” fikri Azərbaycan-Türkiyə münasibətlərinin dəyişməz mahiyyətini, tarixi davamlılığını və gələcəyə hesablanmış siyasi iradəsini ifadə edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mərhum şairimiz Bəxtiyar Vahabzadənin məşhur misralarına müraciət etməsi, Azərbaycan Bayrağı ilə Türkiyə Bayrağının göylərdə yan-yana əbədi dalğalanmasını arzulaması isə bu birliyin mənəvi və rəmzi məzmununu tamamlayır.
Şuşada səslənən bəyanatların əsas mahiyyəti bundan ibarətdir: Azərbaycan və Türkiyə yalnız ortaq tarixə və mədəniyyətə malik iki qardaş dövlət deyil, həm də regional sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və Türk dünyasının birliyi naminə ortaq məsuliyyət daşıyan strateji müttəfiqlərdir. Bu münasibətlərin gücü tarixi bağlılıqla yanaşı, həmin bağlılığı konkret siyasi qərarlara, iqtisadi layihələrə və qarşılıqlı dəstəyə çevirən liderlərin qətiyyətindən qaynaqlanır.
Şuşadan dünyaya verilən mesaj isə aydındır: Azərbaycan-Türkiyə birliyi keçmişin xatirəsi deyil, bu günün siyasi reallığı, gələcəyin strateji hədəflərini müəyyənləşdirən sarsılmaz qardaşlıqdır. Bu birlik zamanın sınaqlarından keçərək daha da möhkəmlənəcək, gələcək nəsillərə ötürülən əbədi mənəvi və siyasi miras olaraq qalacaqdır.

Nail ƏSGƏROV

Nəşr edilib : 08.11.2026 20:22