NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

...

Tailandda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb.

"Şərq qapısı" bu ölkə mediasına istinadla xəbər verir ki, 29 əyalətdə və paytaxt Banqkokda daşqınlar davam edir. Təbii fəlakət 1,12 milyondan çox ev təsərrüfatına və 3,19 milyon insana təsir göstərib.

Fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması idarəsinin məlumatına görə, Tailandın Geo-İnformatika və Kosmik Texnologiyaların İnkişafı Agentliyinin peyk məlumatları göstərir ki, ölkə üzrə təxminən 273 min hektar ərazi hələ də suyun altındadır.

Ölkənin cənub hissəsinin aşağı zonaları istisna olmaqla, əksər bölgələrdə yağışlar səngiyib. Bununla belə, qarşıdakı günlərdə yağıntının yenidən güclənməsi gözlənilir ki, bu da Tailandın mərkəzi hissəsinə və Banqkok şəhərinə təsir göstərə bilər.

Su anbarlarının həddindən artıq dolmasının qarşısını almaq məqsədilə Banqkokun qərbindəki Kançanaburi əyalətində yerləşən bəndlərdən suyun buraxılması artırılacaq. Raçaburi və Samut Sonqkhram ərazilərindən keçən Mae Klonq çayında suyun axını saniyədə 1600 kubmetrdən 2000 kubmetrə qədər artırılacaq. Bu isə çaykənarı ərazilərdə suyun səviyyəsini təxminən 80 santimetr yüksəldə bilər. Sakinlərə sığınacaqlara köçməyi nəzərdən keçirmək barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, sentyabrın 16-dan paytaxt Banqkok da daxil olmaqla Tailandın 29 əyalətində leysan yağışları yağır. Fasiləsiz yağışlar səbəbindən Banqkoku bir neçə rayonunu su basıb. Yağıntıların toplanması şəhərin böyük kanallarında suyun səviyyəsini yüksəldib. Daşqın yolları suyun altında qoyub və nəqliyyatın hərəkətini iflic edib.

Nəşr edilib : 01.10.2026 16:17