NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Tarın sədası, orkestrin ahəngi – Elman Əliyevin sənət yolu

...

Azərbaycan milli musiqi mədəniyyətinin inkişaf tarixində elə sənətkarlar var ki, onların adı təkcə bir ifaçı, bir dirijor, bir pedaqoq kimi deyil, bütöv bir sənət mühitinin formalaşdırıcısı kimi çəkilir. Tarın sədasını taleyinə çevirən, orkestr kürsüsündə zamanın ritmini idarə edən, yüzlərlə tələbənin qəlbində musiqi eşqini alışdıran belə sənətkarlarımızdan biri də dirijor, tarzən, pedaqoq Elman Əliyevdir.

65 illik ömür yoluna nəzər saldıqda aydın görünür ki, bu həyat təkcə illərlə ölçülmür. Bu, konsert salonlarının alqışları, səhnələrin işıqları, orkestrin ahəngi, muğamın nəfəsi, tələbələrin uğuru və milli musiqimizin keşiyində dayanan fədakar əməyin hekayəsidir.

Elman Əliyev musiqi ilə 7 yaşında tanış olub və tarın sehrli sədaları onun həyat yoluna çevrilib. Naxçıvan Şəhər Pioner və Məktəblilər Evində ilk addımlar, ardınca musiqi məktəbində aldığı təhsil, ustad sənətkarlarla təmas – bütün bunlar gələcək böyük musiqiçinin formalaşmasında mühüm rol oynayıb. O, uşaq musiqi məktəbində təhsil alarkən Rəşid Məmmədov, Əkrəm Məmmədli kimi ustadlardan sənətin incəliklərini öyrənib. “Əlvan çiçəklər” ansamblında ifaçı kimi Gəncə və Bakı səhnələrinə çıxması onun sənət taleyinin erkən parlaq səhifələrindən idi.

1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyində orkestr heyətinə tar ifaçısı kimi dəvət olunması isə onun həyatında dönüş nöqtəsi olub. Həmin tədbirdə orkestri maestro Niyazinin idarə etməsi gənc musiqiçi üçün unudulmaz sənət dərsi idi. 1976-1980-ci illərdə Naxçıvan Orta İxtisas Musiqi Məktəbində tar ixtisası üzrə təhsil alan Elman Əliyev ali təhsilini 1983-1988-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. Tələbəlik illərində Qurban Qasımov və Nizami Hüseynovla yaratdığı üçlük muğam və xalq musiqisinin təbliğində fəal olmuş, 1989-cu ildə Ağdam və Şuşada keçirilən “Xarıbülbül” Muğam Festivalında çıxış etmiş, daha sonra isə müxtəlif vaxtlarda Təbriz, Urmiya, Tehran, Ankara, Qars, Kayseri və Ərzurumda keçirilən konsertlərdə milli musiqimizi beynəlxalq səviyyədə təqdim etmişdir.

Elman Əliyev 1978-ci ildən pedaqoji fəaliyyətə başlayaraq uşaq musiqi məktəblərində və Naxçıvan Musiqi Kollecində çalışıb, 1985-ci ildə tələbəsi Fəxrəddin Baxşəliyevin Ümumittifaq ifaçılıq müsabiqəsində qalib olması ilə mühüm uğur qazanıb və bu nailiyyətə görə SSRİ Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

1983-cü ildə Naxçıvan Dövlət Filarmoniyası yaradıldıqdan sonra Elman Əliyev burada tar ifaçısı kimi fəaliyyətə başlayıb. Sonralar dirijor və bədii rəhbər, 2005-2018-ci illərdə isə direktor vəzifəsində çalışmış, onun rəhbərliyi dövründə Filarmoniya Türkiyədə, Türkmənistanda, Moskvada, Polşada təşkil olunan festival və konsertlərdə ölkəmizi layiqincə təmsil etmişdir. 2017-ci ildə yaratdığı “Muğam studiyası” ilə Elman Əliyev muğam sənətinə yeni nəfəs vermişdir.

Elman Əliyevin yaradıcılığında xüsusi yer tutan sahələrdən biri də orkestrləşdirmədir. O, Hacı Xanməmmədovun Kamança konsertini, Fikrət Əmirovun “Sevil” operasından “Sevilin ariyası”nı, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasını Xalq Çalğı Alətləri Orkestri üçün işləyib. Fikrət Əmirovun “Sevil” tamaşası üçün bəstələdiyi 16 musiqi nömrəsinin müəllif əlyazmaları əsasında simfonik orkestr üçün partiturasını bərpa etməsi isə milli musiqi irsinin qorunması baxımından böyük mədəni hadisədir. Elman Əliyev bəstəkar Tofiq Bakıxanovun “Naxçıvan” simfoniettasının redaktəsində Xalq artisti Ağaverdi Paşayevlə birgə iştirak etmiş, son illərdə isə bəstəkarın yubiley tədbirlərində Ağaverdi müəllimlə səhnəni bölüşərək ustalıqla dirijorluq etmişdir.

Musiqi irsimizin zənginləşdirilməsinə verdiyi töhfələrə görə Elman Əliyevin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Bu yaxınlarda Elman Əliyevin 65 illik yubileyi münasibətilə Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm yubiley konserti keçirildi. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə təqdim olunan konsert proqramı Elman müəllimin uzun illər ərzində formalaşdırdığı musiqi zövqünün, repertuar seçiminin və dirijor təfəkkürünün parlaq ifadəsi idi. Proqramda həm milli klassikamızdan, həm muğam irsimizdən, həm də bəstəkar yaradıcılığından nümunələr yer aldı.

Tədbirdə Azərbaycan musiqi ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edirdilər. Xalq artistləri Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Nuriyyə Hüseynova və digər sənətçilər öz çıxışları ilə gecəyə unudulmaz canlılıq gətirdilər. Konsert boyu səhnədə səslənən ifalar Elman Əliyevin yaradıcılıq yolunun müxtəlif mərhələlərini əks etdirirdi – tarzən kimi keçdiyi yol, dirijor kimi qazandığı uğurlar, muğamın və xalq musiqisinin təbliğinə verdiyi töhfələr bu proqramda öz bədii əksini tapmışdı.

Bu yubiley gecəsi bir daha təsdiqlədi ki, Elman Əliyev yalnız Naxçıvan musiqi mühitinin deyil, bütövlükdə, Azərbaycan milli musiqi mədəniyyətin inkişafında mühüm rolu olan sənətkardır. Bu yubiley həm keçilmiş yolun hesabatı, həm də gələcək yaradıcılıq uğurlarına inamın rəmzi kimi yadda qaldı.

Biz də yubileyi münasibətilə dəyərli sənətkar, dirijor və pedaqoq Elman Əliyevi səmimi-qəlbdən təbrik edir, ömrünün böyük bir hissəsini Azərbaycan milli musiqisinin inkişafına, Naxçıvan musiqi mühitinin formalaşmasına və yeni nəslin yetişdirilməsinə həsr etmiş Elman müəllimə möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi arzulayırıq. Sənət yolunuz daim işıqlı və uğurlu olsun!

Günay MƏMMƏDOVA

Naxçıvan Dövlət Universitetinin müəllimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

 

 

 

 

 

Nəşr edilib : 02.03.2026 12:44