Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azə...
11:03 13.09.2026
0
0
0
NAXÇIVAN :
13 Sentyabr 2026, Bazar
Saray deyəndə insanın göz önünə ilk olaraq əzəmətli bir bina, geniş salonlar, naxışlı divarlar gəlir. Naxçıvan Xan sarayına daxil olanda isə bu təsəvvür yalnız tamamlanmır, həm də canlı bir tarixə çevrilir. Burada hər otağın, hər pəncərənin, hər eksponatın danışacaq bir hekayəsi var. Mənim diqqətimi ilk çəkən isə sarayın vitrajlı pəncərələri oldu. Günəş şüaları naxışlı şüşələrdən içəri süzüldükcə otaqların divarlarında yaranan rəng çalarları insanda xüsusi təəssürat yaradır. Vitrajlar burada, sadəcə, memarlıq elementi deyil, sarayın ruhunu tamamlayan incə bir sənət nümunəsinə çevrilib.
XVIII əsrin sonlarında Naxçıvan xanı Kalbalı xan Kəngərli tərəfindən inşa etdirilən Xan sarayı uzun illər Naxçıvan xanlarının yaşayış məskəni olmaqla yanaşı, xanlığın siyasi həyatında mühüm rol oynayıb. Şərq memarlıq üslubunda inşa olunan saray Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə yaşadır. Binanın relyefə uyğun yerləşdirilməsi, bişmiş kərpicdən istifadə, şəbəkəli pəncərələr, divar taxçaları, çatma tağlı eyvan və dəhlizlər onun memarlıq simasını müəyyənləşdirən əsas elementlərdəndir.
Amma Xan sarayını yalnız gözəl memarlıq nümunəsi kimi təqdim etmək bu məkanın tarixini tam ifadə etmir. Bir vaxtlar bu divarlar arasında Naxçıvan xanlığının taleyinə təsir edən qərarlar müzakirə olunub, siyasi və diplomatik görüşlər keçirilib, nüfuzlu qonaqlar qəbul edilib. Sarayın şimal hissəsi yaşayış məkanı, cənub hissəsi isə qonaqların qarşılandığı və dövlət işlərinin həyata keçirildiyi məkan kimi istifadə olunub. Beləliklə, saray həm ailə ocağı, həm də xanlığın siyasi iqamətgahı olub. Bu gün həmin tarix sarayın otaqlarında qorunur.
Muzeyin girişindəki ekspozisiya otaqlarında arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi və xan nəslinin tanınmış nümayəndələri haqqında elmi tədqiqatlar nümayiş etdirilir. Burada tam süvari generalı Hüseyn xan Naxçıvanski və general-mayor Cəmşid xan Naxçıvanski ilə bağlı sənədlər, fotoşəkillər və məlumatlar da yer alır. Xan nəslinin tarixində qadınların da özünəməxsus yeri var. Heyran xanım, Xurşid Qacar, Qönçəbəyim, Xanbikə xanım və Zərrintac bəyim kimi Kəngərli nəslinin tanınmış qadın nümayəndələri haqqında foto və yazılı məlumatlar həmin dövrün ictimai və mədəni həyatına başqa bir pəncərə açır.
Nəhayət, sarayın ən çox maraq doğuran məkanlarından birinə – güzgülü salona gəlib çıxırsan. Divarlardakı əkslər məkanı olduğundan daha geniş və sirli göstərir. Güzgülərin yerləşdirilməsi ilə bağlı maraqlı bir fikir də var: deyilənə görə, otağın bu şəkildə qurulmasının məqsədlərindən biri xanın otaqda hərəkət edərkən arxasında baş verənləri görə bilməsi olub. Bunun həqiqət payını zaman özü bilir. Ancaq bu fikir belə otağın sirrini daha da artırır. Güzgülü salonun yaddaşında yalnız saray həyatı deyil, ədəbi-mədəni mühit də yaşayır. Naxçıvan xanlığı dövründə burada şeir və musiqi məclislərinin keçirildiyi, ədəbi söhbətlərin aparıldığı söylənilir. Şeirlərin, mahnıların bu məclislərdə səsləndirilməsi güzgülü salonu, sadəcə, memarlıq baxımından deyil, mədəni tarix baxımından da xüsusi məkana çevirir.
Sarayın digər otaqlarında isə keçmişin gündəlik həyatından izlər görmək mümkündür. XIX-XX əsrlərə aid silah və qılınclar, gümüş kişi və qadın kəmərləri, gümüş xəncərlər, şəbəkəli mücrülər, misgərlik nümunələri, mis məişət əşyaları, çıraqlar, şamdanlar, həvəngdəstələr, dekorativ sənət nümunələri və rəsm əsərləri bir dövrün həyat tərzini göz önündə canlandırır. Naxçıvan xanlığı dövrünə aid qadın milli geyim nümunələri də ekspozisiyanın diqqətçəkən hissələrindəndir. Geyimin naxışında, rəngində və formasında bir xalqın estetik zövqü, məişəti və dünyagörüşü yaşayır. Bütün bunların arasında isə sarayın özünün səssiz dili var. Divar taxçaları, şəbəkəli pəncərələr, qədim əşyalar, güzgülər və arxiv sənədləri bir-birindən ayrı eksponatlar kimi görünsə də, əslində, eyni hekayənin parçalarıdır. Bu hekayə Naxçıvan xanlığının siyasi tarixindən, xan nəslinin həyatından, şəhərin mədəni yaddaşından və əsrlərboyu formalaşan sənətkarlıq ənənələrindən danışır.
Bu gün Xan Sarayı muzey kimi fəaliyyət göstərir. Amma onun qapısından içəri girəndə muzey sözünün yaratdığı statik təsəvvür bir qədər dəyişir. Çünki burada keçmiş yalnız şüşə vitrinlərin arxasında qorunmur. Günəş vitrajlı pəncərələrdən içəri daxil olur, aynalarda əks olunur, qədim əşyaların üzərinə düşür və bir neçə əsr əvvəlki həyatın izlərini yenidən görünən edir. Bəlkə də, Xan sarayının ən böyük özəlliyi elə budur – o, tarixə baxmağa deyil, tarixi hiss etməyə imkan verir.
Səmayə RƏSULOVA
Digər xəbərlər