NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Təbiətdən gələn möcüzə

...

Tut doşabı – min bir dərdin dərmanı

 Əsrlərboyu həm kulinariyada, həm də dərman məqsədilə istifadə olunan doşab sağlamlıq mənbəyidir, – desək, yanılmarıq. Doşab bəkməz adı ilə də tanınır və müxtəlif meyvələrdən hazırlanmış qatılaşdırılmış şirin şərbətdir. Xurma, əncir, üzüm və sairdən hazırlanmış doşablar müxtəlif faydalara malikdir. Lakin bunlar içərisində ən çox yayılanı və rəğbət görəni tutdan hazırlanmış doşabdır. İştahartırıcı özəlliyə malik olan doşab, həm də qanazlığına müsbət təsiri ilə seçilir.

Tutdan hazırlanmış doşab güclü enerji mənbəyidir. Ümumiyyətlə, soyuqdəymə, bronxit, qaraciyər xəstəlikləri, halsızlıq, immunitet zəifliyi, sümük əyilmələri və ərimələri kimi xəstəliklərin müalicəsində doşabdan istifadə edildiyi məlumdur. Ana südünün artırılmasında, böyrək və sidik yollarında yaranan həm daş, həm də iltihab xəstəliklərin müalicəsində mühüm rol oynayan doşab mədə yaralarına və ağciyər problemlərinə də xüsusi təsir göstərir. Bəs gəlin görək bu möcüzəvi qida necə hazırlanır? Hansı çətinliklər bahasına ərsəyə gəlir? Bütün bunlar haqqında məlumat almaq üçün Kəngərli rayonu Şahtaxtı kənd sakini Təranə İmranova ilə saxladıq. Müsahibim doşab hazırlanışını anasından öyrəndiyini bildirərək deyir ki, tut may ayında yetişsə də, əsasən, iyun ayında doşabın bişirilməsinə başlanılır. Çünki bu zaman tut daha da şirinləşir və bişirilən doşab daha yaxşı alınır.

Təranə xanım bildirir ki, doşab hazırlanışı elə də asan başa gəlmir. Bunun üçün bizə ən az iki gün vaxt lazımdır. Əvvəlcə tut çırpılır. Sonra qazana tökülərək qaynadılır və kisələrə tökülür. Üzərinə daş qoyularaq suyunu süzməsi üçün bir gün gözlənilir. Ertəsi gün qazanın içərisinə tənzif salınaraq tutun suyu süzülür. Süzülmüş təmiz su ocaq üzərində qatılaşıb doşab halına gələnədək qaynadılır. Tutun miqdarından və suyunun həcmindən asılı olaraq qaynama müddəti 1-2 saatdan 4-5 saatadək çəkə bilir. Qeyd edək ki, doşab üçün lazım olan tut yuyulmur.  

Müsahibim onu da diqqətimizə çatdırdı ki, doşab hazırlanarkən tərkibində su qalmamalıdır. Əgər su qalarsa, onda turşuma əmələ gəlir. Həmçinin bəkməzin töküldüyü butulkalar da quru olmalıdır. Düzgün qaydada hazırlanmış doşabı 3-4 il müddətə saxlamaq mümkündür. Belə ki, doşab qaldıqca daha da keyfiyyətli olur.

Doşabın faydalarından bəhs edən müsahibim bildirir ki, doşab ən çox qış aylarında satılır. Çünki boğaz ağrısına, öskürəyə faydalı olan doşab, həm də ən yaxşı bəlğəmgətiricidir. Diqqətə çatdıraq ki, əsasən qədim torpağımız Ordubadda hazırlanan və bir növ brendə çevrilmiş sucuğun tərkibini də məhz doşab təşkil edir.

Qeyd edək ki, Təranə İmranova dəfələrlə ailə təsərrüfatları yarmarkalarında iştirak etmiş, doşabla yanaşı, tut qurusu, tut mürəbbəsi və sair məhsullar satışa çıxarmışdır. Hazırda isə o hazırladığı məhsulları Bakı şəhərindəki yaxınlarına göndərərək satışını həyata keçirdiyini söyləyir.

Heç bir iş zəhmətsiz başa gəlmir. Sevə-sevə, alın təri axıdılaraq ərsəyə gələn iş isə təqdirəlayiqdir. Biz də, öz növbəmizdə, təbiətdən gələn bu möcüzələri ərsəyə gətirib xalqımıza şəfa paylayan zəhmət adamına “Məhsulunuz bərəkətli olsun”, – deyirik.

                                        Türkanə ƏSƏDOVA

Nəşr edilib : 21.06.2025 10:10