NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

Təhlükəsiz qida ilə daha sağlam həyata

...

Qəbul olunan Dövlət Proqramı yeni çağırışlara cavab verir

Əhalinin sağlamlığının qorunmasında ən vacib faktorlardan biri qida təhlükəsizliyidir. Bu anlayış yalnız onların keyfiyyətli qida məhsulları ilə təminatla məhdudlaşmır, həm də  qida zəhərlənmələrinin minimuma endirilməsi, istehsaldan istehlaka qədər bütün mərhələlərdə təhlükələrin müəyyənləşdirilməsi və qarşısının alınması üzrə kompleks tədbirləri əhatə edir və nəzarət tədbirlərinin  həyata keçirilməsidir. Qlobal iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su ehtiyatlarının azalması, biomüxtəlifliyin zəifləməsi, urbanizasiya, dəyişən istehlak vərdişləri, həmçinin baytarlıq preparatları, pestisidlərin və digər kimyəvi maddələrdən nəzarətsiz istifadənin yaratdığı risklər qida təhlükəsizliyi sahəsində yeni yanaşmaların tətbiqini zəruri edir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı” da bu çağırışlara cavab olaraq qida təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və mövcud risklərin daha çevik idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov cavablandırır.  

– Orxan müəllim, xoş gördük. Dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi bir zamanda ölkəmizdə qəbul olunan yeni Dövlət Proqramının qida təhlükəsizliyinə nəzarət mexanizminin gücləndirilməsinə mühüm töhfə verəcəyi şübhəsizdir. Qida təhlükəsizliyi qarşısında bu gün hansı yeni çağırışlar dayanır?

– Qida təhlükəsizliyi yalnız istehsal olunan məhsulun yoxlanılması ilə məhdudlaşmır. Bu, məhsulun istehsalından başlayaraq emalı, daşınması, saxlanması, satışı və istehlakına qədər bütün mərhələləri əhatə edən vahid və davamlı sistemdir. Bu gün qida təhlükəsizliyi qarşısında əvvəlki illərlə müqayisədə daha mürəkkəb məsələlər dayanır. İqlim dəyişiklikləri, temperatur dəyişkənliyi, yeni xəstəliklər, antimikrob rezistentlik, qida zəncirinin qloballaşması, istehlak vərdişlərinin dəyişməsi və elektron ticarətin genişlənməsi yeni risklərin meydana çıxmasına səbəb olur. Bu səbəbdən qida təhlükəsizliyinə nəzarət yalnız baş vermiş problemin aşkar edilməsi deyil, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və qarşısının alınması prinsipinə əsaslanmalıdır. 2027-2032-ci illəri əhatə edən Dövlət Proqramı da məhz bu yanaşmanın inkişaf etdirilməsinə və qida təhlükəsizliyinin müasir çağırışlara uyğun gücləndirilməsinə istiqamətlənib.

– Qarşıdakı 5 ili əhatə edən Dövlət Proqramının əsas məqsəd və hədəfləri nədən ibarətdir?

– Dövlət Proqramının əsas məqsədi milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi,  qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması, əhalinin məlumatlılığının artırılması, sahəsində istehlakçıların və sahibkarların prosesdə daha fəal iştirakının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ekoloji cəhətdən təmiz və dayanıqlı metodlarının təşviq, eləcə də qida israfının qarşısının alınmasıdır.

Burada əsas məsələlərdən biri qida məhsullarının izlənilə bilməsidir. Məhsulun hansı müəssisədə istehsal edildiyini, hansı xammaldan hazırlandığını, hansı mərhələlərdən keçdiyini və istehlakçıya necə çatdığını müəyyən etmək mümkün olduqda təhlükə yarandığı halda problemin mənbəyini daha sürətlə müəyyənləşdirmək və müvafiq tədbirlər görmək mümkündür. Bu baxımdan, rəqəmsal texnologiyaların tətbiqi qida təhlükəsizliyinin gələcək inkişafında mühüm rol oynayacaq.

Digər mühüm istiqamət sahibkarların qida təhlükəsizliyi sistemində daha fəal iştirakıdır. Müasir yanaşmada dövlət nəzarəti ilə yanaşı, müəssisənin öz daxilində təhlükələrin müəyyənləşdirilməsi və idarə olunması da vacibdir. HACCP prinsiplərinin tətbiqinin genişləndirilməsi istehsal, emal və ictimai iaşə müəssisələrində təhlükələrin baş verməmişdən əvvəl müəyyənləşdirilməsinə imkan verən mühüm mexanizmlərdən biridir. Dövlət Proqramında da HACCP sisteminin tətbiqinin genişləndirilməsi əsas hədəflərdəndir.

– Qida təhlükəsizliyinin təmin edilməsində laboratoriyaların rolunu necə qiymətləndirirsiniz?

– Qida təhlükəsizliyinin təmin edilməsində laboratoriya imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir laboratoriyalar yalnız mövcud problemin aşkarlanmasına deyil, həm də yeni risklərin vaxtında müəyyənləşdirilməsinə xidmət etməlidir. Bu məqsədlə laboratoriyaların texniki imkanlarının artırılması, yeni müayinə metodlarının tətbiqi və mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi nəzərdə tutulur. Müasir dövrdə bioloji təhlükələr, yeni və təkrar meydana çıxan patogenlər, qlobal hərəkətlilik və transsərhəd risklər yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya komplekslərinin yaradılmasını zəruri edir. Belə infrastruktur təhlükəli bioloji amillərin təhlükəsiz şəraitdə öyrənilməsi, onların vaxtında aşkarlanması, elmi əsaslı qiymətləndirmə aparılması və fövqəladə risklərə operativ cavab verilməsi baxımından vacibdir. Laboratoriya kompleksi ilə vəhdət təşkil edən müasir vivariumun yaradılması da elmi-tədqiqat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu cür infrastrukturun formalaşdırılması qida təhlükəsizliyi sahəsində elmi-tədqiqat imkanlarının artırılmasına, beynəlxalq standartlara uyğun müasir elmi platformanın yaradılmasına və gələcəkdə bioloji risklərə qarşı daha hazırlıqlı müdafiə mexanizminin qurulmasına xidmət edir.

– Görülən tədbirlər istehlakçını məsuliyyətdən azad etmir. İstehlakçı nələrə diqqət etməlidir?

– Qida təhlükəsizliyi yalnız dövlət qurumlarının və sahibkarların məsuliyyəti deyil. İstehlakçının da bu sistemdə mühüm rolu var. Məhsul alarkən etiket məlumatlarına diqqət yetirmək, son istifadə tarixini yoxlamaq, saxlanma şərtlərinə əməl etmək və şübhəli məhsullarla bağlı aidiyyəti qurumlara məlumat vermək ümumi təhlükəsizliyə mühüm töhfə verir. Dövlət Proqramında istehlakçıların məlumatlılığının və ictimai nəzarətin artırılması da ayrıca məqsəd kimi müəyyənləşdirilib.

Xüsusilə uşaqların və digər həssas əhali qruplarının sağlam qidalanması məsələsi diqqətdə saxlanılmalıdır. Bu istiqamətdə maarifləndirmənin məktəb yaşlarından başlaması, sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı biliklərin təhsil prosesinə daha geniş daxil edilməsi nəzərdə tutulur. Uşaq bağçalarında və məktəblərdə sağlam və təhlükəsiz qidalanma vərdişlərinin təşviqi də uzunmüddətli davranış dəyişikliyinə xidmət edəcək.

Növbəti illərdə qida təhlükəsizliyinə yanaşmanın əsas xüsusiyyətlərindən biri insan, heyvan, bitki və ətraf mühit sağlamlığının vahid sistem kimi qiymətləndirilməsidir. Çünki heyvan sağlamlığında və ya ətraf mühitdə yaranan problem müəyyən mərhələdə insan sağlamlığı və qida təhlükəsizliyi üçün də riskə çevrilə bilər. Bu səbəbdən müxtəlif sahələr arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

– Dövlət Proqramında  Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın yaradılması da hədəflər sırasındadır. Bu istiqamətdə hansı işlər görülür?

– Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın yaradılması muxtar respublikada heyvandarlıq təsərrüfatlarının xəstəlik risklərindən qorunması, daxili bazarın yüksək keyfiyyətli ət və süd məhsulları ilə təmin edilməsi, eyni zamanda istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Ölkə Nəzarət Proqramı çərçivəsində mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyası və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının AQTİS üzərindən izlənilməsi, kütləvi vaksinasiya tədbirlərinin həyata keçirilməsi və digər zəruri tədbirlər nəzərdə tutulur. İşlərin sistemli təşkili məqsədilə müvafiq Tədbirlər Planı təsdiq edilib. Hazırda agentlik tərəfindən aidiyyəti qurumlarla birgə Naxçıvan Muxtar Respublikasının dabaq xəstəliyindən azad zona elan edilməsi istiqamətində hazırlıq işləri davam etdirilir.

– Ailə təsərrüfatlarının aktiv fəaliyyəti və insanların  ev şəraitində hazırlanan məhsullara marağının artması bu sahəyə nəzarət mexanizminin gücləndirilməsini də zəruri edir. Ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması necə tənzimlənəcək?  

– Dövlət Proqramının “Qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi” prioritet istiqamətinə əsasən yaxın illərdə ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizmi formalaşdırılacaqdır. Tədbirlər Planına əsasən 2028-2032-ci illərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi başda olmaqla Kənd Təsərrüfatı, İqtisadiyyat və Daxili İşlər nazirlikləri və digər aidiyyəti qurumlar bu istiqamətdə birgə fəaliyyət göstərəcəklər. İlkin mərhələdə müvafiq mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və nəticədə, tənzimləmə mexanizminin tətbiq edilməsi nəzərdə tutulur.

Unutmayaq ki, qida təhlükəsizliyi məsələsi iqtisadi inkişafla da birbaşa əlaqəlidir. Məhsulların beynəlxalq tələblərə uyğun istehsalı yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarını genişləndirir. Təhlükəsiz və izlənilə bilən məhsul həm daxili bazarda istehlakçı etimadını artırır, həm də Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə müsbət təsir göstərir. Bütün bunlar onu göstərir ki, qarşıdakı dövrdə məqsəd yalnız daha çox nəzarət həyata keçirmək deyil. Əsas məqsəd daha ağıllı, çevik və riskləri qabaqcadan müəyyən edə bilən qida təhlükəsizliyi sistemi formalaşdırmaqdır.

Təhlükəsiz qida sağlam cəmiyyətin, dayanıqlı iqtisadiyyatın və etibarlı qida bazarının əsas şərtlərindən biridir. Dövlət qurumlarının, sahibkarların, mütəxəssislərin və istehlakçıların birgə fəaliyyəti nə qədər güclü olarsa, qida təhlükəsizliyi sisteminin nəticələri də bir o qədər davamlı olacaqdır. 2027-2032-ci illər üçün müəyyənləşdirilən yanaşma məhz qida təhlükəsizliyinin bütün zəncir üzrə daha müasir, elmi əsaslı, rəqəmsal və preventiv mexanizmlərlə gücləndirilməsinə xidmət edir.

Müsahibə üçün sağ olun.

                                                                                    Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 25.09.2026 17:03