Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Kənd təsərrüfatı yalnız məhsul istehsalı deyil, həm də səbrin, zəhmətin və torpağa bağlılığın ifadəsidir. Xüsusilə istixana təsərrüfatı günbəgün diqqət və qayğı tələb edən, hər mərhələsi zəhmətlə yoğrulan bir sahədir. Bu sahədə uğur isə təkcə texnika ilə deyil, həm də insanın torpağa verdiyi dəyər və inamla ölçülür.
Səhərin erkən saatlarıdır. İstixananın içində yayılan çiyələk qoxusu adamı elə ilk andan ovsunlayır. Əli bəylə söhbətə başlayanda hiss olunurdu ki, bu iş onun üçün sadəcə, qazanc yox, artıq həyat tərzidir.
Əli bəy deyir ki, bu sahədə az vaxt keçirməyib, 9-10 ildir bu işin içindədir. Amma istixana təcrübəsi hələ yenidir. Bir il əvvəl qurulub və bu il ilk dəfə məhsul götürürlər. Sözlərinin arasında həm yorğunluq, həm də sevinc hissi var. Gündəlik yığıma gələndə isə hələ başlanğıc mərhələsində olduqlarını gizlətmir. Hazırda 30-40 kiloqram məhsul toplanır. Amma ümidi böyükdür, artım olacaq. Ən çox diqqət çəkən məqam isə məhsulun təbiiliyidir. Qətiyyətlə vurğulayır ki, heç bir kimyəvi dərmandan istifadə etmirlər. Çiyələklər tam orqanik üsulla yetişdirilir. Bu da həm istehlakçı üçün güvən, həm də torpağa olan hörmət deməkdir. Söhbət boyu bir şey aydın olur: burada yetişən təkcə çiyələk deyil. Burada zəhmət, səbir və torpağa bağlılıq böyüyür.
Bu zəhmətli yolda Əli bəyə uğurlar arzulayırıq. Zəhmətinin bəhrəsi bol, qazancı daim artan olsun. Torpağa verdiyi dəyər hər zaman bolluq və bərəkətlə qarşılıq tapsın.
Günay HACIYEVA
Digər xəbərlər