NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Torpağına Vurğun birinin səsi...

...

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Bu misraları eşidəndə insanın yaddaşında yalnız bir şeir canlanmır. Sanki illərin o tayından bir səs gəlir – doğma torpaqdan, insandan danışan, sözün içində bütöv bir Azərbaycan yaşadan bir səs. Torpağına Vurğun birinin səsi...
Səməd Yusif oğlu Vəkilov 1906-cı i ldə dünyaya göz açmışdı. Sonralar “Vurğun” təxəllüsü ilə Azərbaycan poeziyasının ən parlaq simalarından birinə çevrilən şairin yaradıcılığı XX əsr milli ədəbiyyatımızda mühüm mərhələlərdən birini təşkil etdi. Vətən, torpaq, xalq, ana dili, təbiət və insan duyğuları onun poeziyasının əsas damarını təşkil edirdi. Səməd Vurğunun yaradıcılığını yalnız müəyyən bir dövrün ədəbi hadisəsi kimi qiymətləndirmək qeyri-mümkündür. Çünki onun əsərlərində Azərbaycan insanının Vətənə bağlılığı, milli-mənəvi dəyərlərə sədaqəti elə ecazkar bir poetik dillə ifadə olunub ki, nəsillər dəyişsə də, bu şeirlər öz təsir gücünü əsla itirmir.
Təbiətən çoxşaxəli istedada malik olan Səməd Vurğun təkcə böyük şair deyil, həm də dramaturq, tərcüməçi, ictimai xadim idi. Cəmi 50 illik ömür sürən sənətkarın miras qoyduğu zəngin irs bu gün də tədqiqatçıların diqqət mərkəzindədir. 120 il əvvəl dünyaya gələn, 70 il əvvəl əbədiyyətə qovuşan Səməd Vurğun, əslində, özündən sonra bir ömürdən daha böyük bir ömür qoyub getdi. Bu müddətdə cəmiyyət dəyişdi, həyat tərzi yeniləndi, yeni nəsillər yetişdi. Ancaq Səməd Vurğunun adı və sözü dəyişmədi. Çünki həqiqi sənətin ömrünü təqvim müəyyən etmir. Prezidentin 2026-cı il 23 fevral tarixli Sərəncamı ilə şairin 120 illiyinin dövlət səviyyəsində qeyd olunması da məhz onun milli poeziyamızın inkişafındakı müstəsna rolunun və bədii irsinin əbədiyaşarlığının bariz göstəricisidir.
Söz yaşadıqca Səməd Vurğun da yaşayacaq. Bu ölməzliyi hiss etmək üçün Xalq şairini kitabların arasında axtarmağı qərara aldım. Yolumu Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasına saldım. Elə qapıdan girər-girməz şairin yubileyi münasibətilə hazırlanmış xüsusi sərgi diqqətimi çəkdi. Bəzən bir kitab rəfi insana uzun bir tarixdən daha çox şey danışır. Ən maraqlısı isə o idi ki, kitabların qarşısında dayanarkən Səməd Vurğunun ötən əsrin ortalarında yaşamış bir şair olduğunu düşünmürdüm. Sanki onunla eyni zamanın içində idim. 
Burada kiril qrafikası ilə çap olunmuş, saralmış səhifəli nəşrlər latın qrafikası ilə işıq üzü görmüş təzə kitablarla qol-qola dayanıb. Eyni şair, eyni misralar, amma fərqli illər, fərqli oxucular... Bir vaxtlar Səməd Vurğunu kiril əlifbası ilə oxuyan ana-atalarımız, indi isə həmin kitabları latın qrafikası ilə vərəqləyən gənc nəsil. Aradakı illər çox şeyi dəyişib – əlifba dəyişib, həyat dəyişib, dünyanın ritmi başqalaşıb. Amma Səməd Vurğunun adı həmin kitabların üz qabığında yenə eyni qürurla, əvvəlki işıqla parıldayır.
Kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə xanım bildirdi ki, Səməd Vurğunun yaradıcılığına oxucuların marağı hələ də davam edir. Onun sözlərinə görə, kitabxanaya gələn oxucular şairin əsərləri ilə maraqlanır, yaradıcılığını oxuyur və onun zəngin ədəbi irsinə müraciət edirlər. Yeganə xanım sərgidə nümayiş olunan kitabları bir-bir göstərərək Səməd Vurğunun müxtəlif illərdə çap edilmiş əsərləri haqqında məlumat verdi.
Sərgidə şairin “Seçilmiş əsərləri”nin beş cildinin nümayiş etdirilməsi isə xüsusilə diqqətimi çəkdi. Beşcildlik bu nəşr bir şairin yaradıcılıq dünyasının nə qədər geniş olduğunu göstərməklə yanaşı, onun sözünün illər sonra da oxucuya çatdığını sübut edən nümunələrdən biridir. Kitabxana rəflərində onun yalnız öz əsərləri deyil, yaradıcılığı haqqında yazılan elmi-tədqiqat əsərləri də yer alır. Çünki Səməd Vurğun haqqında danışmaq heç vaxt bir neçə cümlə ilə bitməyib, bitməyəcək də. Filoloqlar illərdir, onun dilini, üslubunu, milli düşüncə dünyasını araşdırır. Hər yeni tədqiqat şairin yaradıcılığına başqa bir pəncərə açır. Amma bir sənətkarın böyüklüyünü hər şeydən çox onun oxucusu müəyyən edir. Məktəblilər şeirlərini əzbərləyir, tələbələr onun haqqında düşünür, ədəbiyyatsevərlər hər dəfə bu kitablara yenidən sığınırlar.
Səməd Vurğun sözünün ömrü yalnız kitab səhifələrində məhdudlaşmır. Onun dramaturgiyası müxtəlif illərdə teatr səhnələrinə daşınaraq başqa bir ömür qazanıb. Aktyorun səsində, obrazın hərəkətində, tamaşaçının baxışında. Beləcə, vaxtilə kağız üzərinə köçürülmüş söz illər sonra canlı insanın səsinə çevrilir. “Vaqif” dramında səsləndiyi kimi: “Əyilməz vicdanın böyük heykəli!” Səməd Vurğunun özü də Azərbaycan ədəbiyyatında məhz belə bir əbədi heykəldir.
Kitabxanadakı guşəyə bir daha baxıram. Rəflərdə sıralanan kitablar sanki susmur. Hər biri öz dili ilə eyni həqiqəti söyləyir: “Səməd Vurğunun sözü yalnız bir dövrə deyil, gələcəyə ünvanlanıb. O sözün içində Vətən var, Azərbaycan var, torpaq var. Zaman insan ömrünü bitirə bilər, amma həqiqi sənətin ömrünü bitirə bilməz. Səməd Vurğunun əbədiyyəti də elə burada başlayır – sözündə, Vətən sevgisində və onu hər yeni nəsillə yenidən yaşadan oxucusunda...”

Səmayə RƏSULOVA
 

Nəşr edilib : 14.09.2026 15:11