Türk İnvestisiya Fondu və Qırğız Respublikasının M...
17:33 29.07.2026
0
0
0
NAXÇIVAN :
29 Iyul 2026, Çərşənbə
Türk İnvestisiya Fondu (TİF) və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu (ÖQİF) “Qırğızıstan–Özbəkistan: Sənaye əməkdaşlığı, investisiyalar və ticarət” biznes forumu çərçivəsində institusional əməkdaşlığın gücləndirilməsi və investisiya imkanlarının birgə təşviq edilməsi məqsədilə anlaşma memorandumu imzalayıblar.
"Şərq qapısı" xəbər verir ki, memorandum Bişkek şəhərində TİF-in Baş direktoru Ramil Babayev və Özbəkistan–Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri Əziz Əliyev tərəfindən imzalanıb.
Tərəfdaşlıq birgə layihələrin müəyyənləşdirilməsi, regional bağlantıların inkişafı, özəl sektorun cəlb edilməsi, yaşıl və iqlimə davamlı investisiyaların təşviqi, eləcə də maliyyələşdirmə və xəzinədarlıq əməliyyatları sahəsində institusional potensialın gücləndirilməsi kimi istiqamətləri əhatə edəcək. Hər iki qurum, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərini, transsərhəd investisiyaların və biznesin genişlənməsinin dəstəklənməsi imkanlarını araşdıracaq.
İmzalanma münasibətilə TİF-in Baş direktoru Ramil Babayev bildirib: “Qırğız Respublikası və Özbəkistan Orta Dəhlizin mərkəzində yerləşir. Bu memorandum strateji əhəmiyyət daşıyan həmin bazarlarda bizimlə ortaq mandatı bölüşən institutlarla əməkdaşlığı dərinləşdirmək öhdəliyimizi əks etdirir. ÖQİF geniş yerli biliklərə və özünü doğrultmuş ikitərəfli əməkdaşlıq platformasına malikdir. Birgə üzv dövlətlərimizdə özəl sektorun inkişafını, regional bağlantıları və iqtisadi inteqrasiyanı dəstəkləyən güclü birgə maliyyələşdirmə layihələri portfelinin formalaşdırılmasını hədəfləyirik”.
TİF və ÖQİF memorandumun icrasını nəzərdən keçirmək və gələcək əməkdaşlıq üçün konkret imkanları müəyyənləşdirmək məqsədilə ən azı altı ayda bir dəfə olmaqla mütəmadi görüşlərin keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Türk İnvestisiya Fondu Türk dövlətləri tərəfindən birgə təsis edilmiş, Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və dayanıqlı inkişafın təşviqinə yönəlmiş ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur. TİF-in Təsis Sazişi 16 mart 2023-cü il tarixində Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə imzalanıb və 24 fevral 2024-cü il tarixində qüvvəyə minib. Ümumi inkişaf və rifah naminə istifadə olunacaq 600 milyon dollar həcmində nizamnamə kapitalına malik TİF “Türk Dünyasının İqtisadi İnteqrasiyası”na əsaslanan böyük Türk vizyonu çərçivəsində təsirli investisiyaların, innovativ həllərin və regional inteqrasiyanın təşviqi üçün platforma rolunu oynayır.
Digər xəbərlər