NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Türkiyəli turistin Naxçıvanda diqqətçəkən şəhər mədəniyyəti müşahidələri

...

Naxçıvana səfər edən xarici qonaqların şəhərin müasir siması, yaşıllıq və ictimai məkanların təşkili, tarixi-mədəni irslə müasir şəhər həyatının uzlaşdırılması ilə bağlı müşahidələri diqqət çəkir. Bu yaxınlarda Naxçıvanda olmuş Türkiyənin Iğdır Universitetinin müəllimi Sözer Akyıldırım da şəhər mühiti ilə bağlı təəssüratlarını qələmə alıb.

Səyahətdən qayıtdıqdan sonra “Yeşil Iğdır” nəşrində dərc etdirdiyi “Naxçıvan: şəhərsalmada insan, mədəniyyət və nizam üzərinə bir model” sərlövhəli məqaləsində müəllif Naxçıvanın yalnız təmiz və baxımlı şəhər kimi deyil, həm də insan amilinin, şəhər mədəniyyətinin və tarixi yaddaşın ön planda tutulduğu şəhər mühiti kimi diqqət çəkdiyini qeyd edir.

Akyıldırımın fikrincə, şəhərin əsl mahiyyəti yalnız binalarda və yeni tikililərdə deyil, insanın gündəlik həyatında özünü göstərir. Piyadalar üçün yaradılan şərait, parklar, yaşıllıq, ictimai məkanların təşkili, təmizlik, təhlükəsizlik hissi və mədəni irsə münasibət şəhər mədəniyyətinin əsas göstəriciləri sırasında yer alır.

Yaşıllıq və şəhər mühiti

Müəllif Naxçıvana daxil olarkən yolboyu müşahidə etdiyi yaşıllığa xüsusi diqqət çəkir. Ağacların, güllərin və digər bitkilərin şəhərə gedən yollar boyunca vahid görüntü yaratmasını şəhər mühitinin formalaşdırılmasının mühüm elementlərindən biri kimi qiymətləndirir. Onun müşahidələrində səkilərin funksionallığı da xüsusi yer tutur. Akyıldırım Naxçıvanda piyadaların hərəkəti üçün nəzərdə tutulan məkanların öz funksiyasını qoruduğunu, ticarət obyektlərinin fəaliyyətinin isə ümumi şəhər nizamına xələl gətirməyəcək şəkildə təşkil olunduğunu yazır. Müəllifin yanaşmasına görə, parklar da Naxçıvanda yalnız abadlaşdırılmış ərazilər deyil. Bu məkanlar insanların istirahət etdiyi, uşaqların oynadığı, yaşlıların dincəldiyi, ailələrin asudə vaxt keçirdiyi ümumi şəhər məkanlarıdır. Küçə və digər ictimai məkanların təmizliyinə də diqqətçəkən Akyıldırım bunu idarəetmə, nəzarət, vətəndaş məsuliyyəti və şəhər mədəniyyətinin qarşılıqlı əlaqəsi ilə izah edir.       

Şəhərin simasında tarixi yaddaş

Naxçıvanın tarixi və görməli məkanlarını ziyarət edən müəllif şəhərin müasir siması ilə yanaşı, onun tarixi yaddaşına da diqqət yetirir. Akyıldırım Ulu Öndər Heydər Əliyevin Naxçıvanla əlaqələrinin yalnız onun doğulduğu torpaqla məhdudlaşmadığını, Naxçıvanın onun siyasi fəaliyyətinin mühüm mərhələlərindən birinə də şahidlik etdiyini vurğulayır. Müəllif Heydər Əliyevin Naxçıvana qoyduğu irsin mühüm istiqamətlərindən birini şəhərin tarixi və mədəni dəyərlərinin qorunmasına verilən önəmlə əlaqələndirir. Bu baxımdan, Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsini mühüm nümunə kimi təqdim edir. Onun yanaşmasına görə, bu cür addımlar tarixi yaddaşla əlaqə yaradır, milli-mədəni kimliyin qorunmasına xidmət edir və şəhərin yalnız fiziki məkan deyil, həm də tarixi yaddaş daşıyıcısı olduğunu göstərir.

Naxçıvanın təcrübəsi Türkiyədən necə görünür?

Məqalədə Naxçıvanın Türkiyə üçün əhəmiyyətinə də xüsusi yer ayrılır. Müəllif Naxçıvanın Türkiyənin sərhədində, Iğdırla qonşuluqda yerləşdiyini və eyni coğrafi mühiti paylaşdığını qeyd edir. Bu baxımdan, Akyıldırım hesab edir ki, Türkiyədə şəhərsalma sahəsində nümunələr axtarılarkən yalnız Avropanın böyük şəhərlərinə deyil, Naxçıvan kimi yaxın coğrafiyada yerləşən şəhərlərin təcrübəsinə də nəzər salmaq faydalı ola bilər.

Müəllifin fikrincə, şəhərin inkişaf səviyyəsini yalnız hündür binaların və yeni tikililərin sayı ilə ölçmək olmaz. Şəhərin inkişafı onun səkilərində, parklarında, ağaclarında, təmizliyində, tarixi abidələrinə münasibətində, uşaqlar üçün yaratdığı oyun məkanlarında, yaşlı insanların istirahəti üçün formalaşdırdığı şəraitdə, ictimai təhlükəsizlikdə, sahibkarlıq fəaliyyəti üçün yaratdığı nizamlı mühitdə və piyadaya ayırdığı məkanda da özünü göstərir.

Sözer Akyıldırımın Naxçıvanla bağlı müşahidələri şəhərsalmanın yalnız tikinti və infrastruktur məsələsi olmadığını, burada insan amilinin, mədəniyyətin, tarixi yaddaşın və gündəlik həyatın da mühüm rol oynadığını göstərir.

Məqalənin tam mətni ilə “Yeşil Iğdır” nəşrinin internet səhifəsində tanış olmaq mümkündür: NAHÇIVAN: ŞEHİRCİLİKTE İNSAN, KÜLTÜR VE DÜZEN ÜZERİNE BİR MODEL - Yeşil Iğdır Haberleri.

Əli  CABBAROV 

Nəşr edilib : 20.08.2026 21:00