NAXÇIVAN :

04 Oktyabr 2026, Bazar

Ulu Öndər xatirələrdə

...

Həyatımızın ən unuldulmaz anlarını yaşadıq

Ulu Öndər Heydər Əliyev dövlət başçısı olduğu illərdə yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünləri bir an belə unutmur, onların taleyi ilə həmişə maraqlanırdı. Efirdə tez-tez rast gəlirəm o günlərdə çəkilən kadrlara. Həmin kadrlardan birinə – Ulu Öndərin 1999-cu ildə Biləsuvar rayonu ərazisində yerləşən çadır şəhərciyində məcburi köçkünlərlə görüşü ilə bağlı videoya baxıram. Böyükdən-kiçiyə hər kəs Onu görməyə can atır. O, çıxış etməsi üçün hazırlanan üstüörtülü kürsünün sökülməsinə göstəriş verir və oranın sakinləri kimi Günəşin altında dayanaraq çıxış edir. Çıxışını bitirəndən sonra Ulu Öndər Onun üçün hazırlanan otağa yox, çadırlara tərəf gedir. Həmin çadır şəhərciyində iki küçə var. Birinci küçə ilə irəliləyir və uzaqdan gələn ocaq tüstüsü diqqətini çəkir. Yaxınlaşır. Qadınlar lavaş bişirir. Soruşur ki, nə münasibətlə ocaq qalanıb? Cavab verilir ki, toy çörəyi bişirilir. Sabah toy olacaq, onun üçün tədarükdür. Çörək kəsir. Bu səhnənin arxasındakı dialoqları həmin gün orada olan və bir ay sonra Heydər Əliyevin toyunda işirak etdiyi Birinci Qarabağ müharibəsi qazisi Azər Cavadovdan dinləyirəm: 
“1993-cü ilin oktyabrında Cəbrayıl rayonu Çaxırlı kəndi düşmən işğalına məruz qalandan bir neçə gün əvvəl mən döyüşlərdə yaralanmışdım. Hospitalda idim.     Ailəm həmin gündən qaçqın həyatı yaşamağa məhkum oldu. Qardaşım Fazil Füzuli rayonu ərazisində döyüşlərdə iştirak edirdi. O, kəşfiyyatçı idi. 1997-ci ilin aprel ayında döyüş tapşırığını yerinə yetirmək üçün Hadrut qəsəbəsinə getmişdi. Həmin günlərdən birində 8 yoldaşı ilə birgə mənfur düşmənin xain pusqusuna düşdülər. Üç gün var gücü ilə döyüşən 8 yoldaş silahları bitəndə əsir düşməmək üçün son əl qumbarası ilə öz həyatlarına son veriblər. Onlar Ulu Öndərin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Həmin vaxt ailəmiz Biləsuvar rayonunda 4 saylı çadır şəhərciyində yaşayırdı. Dahi rəhbərin 1999-cu ilin fevral ayında çadır şəhərciyinə gəlişi burada sabahı gün olacaq toy mərasiminə   hazırlığa təsadüf etmişdi. Habil adlı qonşu oğlanın toyu olacaqdı bir gün sonra. Qadınların toy çörəyi bişirdiyi yerə gedən Ulu    Öndər orada söhbət edəndə toyu harada edəcəyimizlə maraqlandı. Və öyrəndi ki, qurulacaq mağarda toy olacaq. Həmin gün rayon rəhbərliyinə göstəriş verdi ki, burada bir mərasim evi inşa olunsun. İlk toy mərasimində iştirak edəcəyini bildirdi”.
Müsahibim qeyd edir: “19 mart 1999-cu il. Ümummilli Liderimiz həmin gün – Novruz bayramı ərəfəsində çadır şəhərciyinə gələrək soydaşlarımızın gün-güzəranı, problemləri ilə yaxından tanış oldu, bizi milli-mənəvi dəyərlərimizdən biri olan əziz gün – Novruz bayramı münasibətilə təbrik etdi. 
Həmin gün 2 gənc ailənin bizim – Azərlə Kifayətin və Tuqayla Aygünün toyunda iştirak etdi, xeyir-dua verdi. Aradan keçən illərdə həmin gün dahi rəhbərin verdiyi sözlərə necə əməl olunduğuna şahid olduq. Cəbrayıl rayonu və digər işğalda olan ərazilər ordumuzun gücü ilə azad edildi. Cəbrayıl şəhərinə artıq həyat qayıdıb. Kəndlərimiz də bir-bir abadlaşır. Qardaşımın şəhid ruhu şaddır, döyüşlərdə aldığım güllə yarasının yeri artıq sızlamır. Biz vaxtilə çəkdiyimiz bütün əziyyətlərin bəhrəsini görürük. Hazırda o çətin günlərdə Ulu Öndərin göstərişi ilə Biləsuvar rayonunda salınan qəsəbədə bizə verilən mənzildə yaşayır və həsrətlə iki övladımla birlikdə Çaxırlı kəndinə öz evimə gedəcəyim günü gözləyirəm”. 
Kifayət xanım da həmin günləri xoş sözlərlə yada salır: “Aradan 27 il keçməsinə baxmayaraq, o vaxt keçirdiyim sevinc hissini sözlə ifadə etməkdə bu gün də çətinlik çəkirəm. Buradakı bütün insanlar: qoca da, cavan da, uşaq da sevinirdi. Həmin gün Biləsuvar şəhərindən və ətraf kəndlərdən də böyük rəhbərin ziyarətinə çoxlu sayda adamlar gəlmişdi. Xalqı həmişə özünə arxa-dayaq sayan Ümummilli Liderimiz bir-bir çadır şəhərciklərini gəzdikdən, insanlarla ətraflı söhbət apardıqdan, onların yaşayışı ilə yaxından tanış olduqdan sonra bizim toyumuza gəldi. Mərasim çadır şəhərciyində həmin gün istifadəyə verilən mərasim evində idi. Ulu Öndər toy məclisində iştirak edənlərlə səmimi salamlaşdı. Bizi, valideynlərimizi yanına dəvət etdi. Xeyir-dua verərək hər birimizə xoşbəxtlik, səadət arzuladı. Qarabağ probleminin həll edilməsi, torpaqlarımızın geri qaytarılması, dədə-baba yerlərindən didərgin düşmüş insanların doğma ocaqlarına qaytarılmasının onun fəaliyyətində birinci sırada durduğunu dedi. İnsanları nikbin olmağa səslədi”.
Füzuli rayonunun Qorqan kənd sakini Tuqay Rzayev və həyat yoldaşı Aygün Quliyeva da həmin gün Ulu Öndərin xeyir-duasını alıb ailə həyatı yoluna qədəm qoyublar. Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kənd sakini Aygün xanım həmin günləri xatırlayır: “Ulu Öndər toyumuzda iştirak etməklə bizə ömürboyu unuda bilməyəcəyimiz ən gözəl hədiyyəni bağışladı. Həyat yoldaşımın anası Ulu Öndəri təkidlə “Süleymani” rəqsini oynamağa dəvət edəndə Heydər Əliyev, dedi ki, indiyə kimi o heç bir toyda oynamayıb. Lakin bu gün bu toyda oynayacaq. Xoş musiqi sədaları altında qol qaldırıb bizimlə oynadı. Valideynlərimizi də rəqsə dəvət etdi. Hər iki ailəyə rəngli televizor bağışladı. Sonra birlikdə şəkil çəkdirdik. Onun xeyir-duası ilə qurulan ailəmizdə Tanrı bizə ilk olaraq bir qız övladı bağışladı. Qızımıza Ulu Öndərin vəfalı həyat yoldaşı, gözəl həkim Zərifə xanımın adını verdik. Onu böyüdüb boya-başa çatdırdıq. Təhsilini bitirib müəllim oldu və müəllimlərin işə qəbul imtahanında 70 bal toplayaraq təhsilverən kimi ilk addımını Füzuli rayonunda atdı. Hazırda orada müəllim işləyir. Bu gün fəxr hissi ilə deyirəm ki, cənnət torpaqlarımız azaddır və oraya həyat qayıdır”. 
Birinci Qarabağ müharibəsi iştirakçısı Tuqay Rzayev deyir ki, hazırda onlar Bakı şəhərində yaşayır və hər ikisi “Azərişıq” ASC-nin əməkdaşıdır. Həmin günləri yada salanda qürur hissi keçirir, Ümummilli Liderimizi dönə-dönə yad edir. 
“Dörd gənc ailə həyatı qururdu həmin gün. Bizim toyumuz təkcə el şənliyi deyildi, həm də düşmənin caynağında haray çəkən yurdun həsrəti ilə yaşayan amma heç vaxt ümidini itirməyən insanların gələcəyə ümidi idi. Ulu Öndərin toyumuza gəlişi indiki kimi yadımdadır. Onun dik duruşu və “Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi mənim müqəddəs vəzifəmdir və bu vəzifəni mən yerinə yetirmək üçün bundan sonra da əzmlə çalışacağam” deməsi orada olan hər kəsin gələcəyə ümidini daha da artırdı. Dahi rəhbərin dediyi sözlər bu gün öz yerini tapıb və torpağımız azaddır, Vətənimiz bütövdür və biz öz yurdumuza qayıdırıq. Ulu Öndərin xeyir-duası ilə qurduğumuz ailədə iki övladımız var və arzu edirəm ki, oğlumun toy mağarını Füzuli rayonunun Qorqan kəndində qurum”. 
Həmin ildən 27 il ötür. Və həmin çətin günlərdə tozun-torpağın içində, çadırlarda yaşayan insanların çoxu şanlı Vətən savaşında qazandığımız qələbədən sonra dövlətimizin abadlaşdırdığı doğma yurduna qayıdıb. Cəbrayılda yanan işıq, Ağdamda qalanan bayram tonqalı, Şuşada, Xankəndidə dalğalanan üçrəngli, ay-ulduzlu bayraq düşmənlərin gözünü kor, Xocalıdan gələn toy sədası, Zəngilandan eşidilən körpə, Qələbə paradında addımlayan Azərbaycan əsgərinin ayaq səsi, Şuşa dağlarında əks-səda verən Qarabağın şikəstəsi isə qulağını kar edir. Bütün dünyaya bizim bir qarış torpağımız qızıldan qiymətli, Vətənimiz canımızdan əziz, sözümüz isə imzamızdır deyir. 

Ramiyə ƏKBƏROVA

 

Nəşr edilib : 04.10.2026 16:38