NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib

...

Mayın 8-i Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2010-2013-ci il təvəllüdlü oğlan və qız cüdoçular arasında muxtar respublika turniri keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yarışda 70 idmançı medallar uğrunda mübarizə aparıb. 

Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov iştirakçıları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda idmanın yüksəlişi və gələcək inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir müavini əlavə edib ki, hər il olduğu kimi bu dəfə də muxtar respublikada Heydər Əliyev dühasına hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlər, o cümlədən idman yarışları keçirilir. Bu kimi tədbirlər, eyni zamanda məşqçi, hakim və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə, bədən tərbiyəsi və idmana olan marağın artırılmasına hədəflənib.

Yarış açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca mübarizəyə start verilib. Görüşləri Azərbaycan Cüdo Federasiyasından olan hakimlər idarə ediblər. 

Nəticələrə gəlincə, Davud Məmmədzadə (38 kq), Onur Fərzəliyev (42kq), Fuad Cəlilzadə (46kq), Elvin Cəfərov (50kq), Yusif Əsədli (55kq), Hüseyn Mustafayev (60kq), Sadiq Rzazadə (66kq), Səccad Heydərov (73kq), Mirməhəmməd Hacılı (+73kq), Ləman Bağırova (36kq), Nuray Cabbarli (40kq), Yağmur Əlizadə (44kq), Nuray Kərimova (48kq) və Aysu Səfərova (65kq) müvafiq yaş və çəki kateqoriyalarında birinci olublar.

İlk üç yerin sahiblərin diplom və medallarla təltif olunublar. Mükafatlandırmada nazir müavini Məcid Seyidov da iştirak edib.

Nəşr edilib : 08.05.2025 17:51