NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərin sahibkarların ictimai birlikləri, sahəvi assosiasiyalar, palatalar, auditorlar və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib.
Dövlət Vergi Xidmətindən “Şərq qapısı” na verilən məlumata görə, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirak ediblər.
Tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov aparılan islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini, sahibkarlığı təşviq etmək, “kölgə iqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu vurğulayıb. Bildirib ki, ümumilikdə sahibkarlıq subyektləri tərəfindən daxil olan 170 təklifdən 103-ü son illər ərzində qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb. Son dəyişikliklər üç əsas istiqamət üzrə formalaşıb. Bunlar investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsidir. Qanunvericiliyə dəyişikliklər vergi yükünün optimallaşdırılmasına və vergiödəyiciləri ilə səmərəli əməkdaşlığa xidmət edəcək.
Daha sonra tədbir iştirakçıları üçün geniş təqdimat edilib. Baş idarə rəisinin müavini Əvəz Quliyev diqqətə çatdırıb ki, 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına işğaldan azad edilmiş ərazilərlə eyni vergi rejiminin tətbiqi, fərdi sahibkarların sosial sığorta yükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı, gəmiqayırma və kənd təsərrüfatı kimi prioritet sektorlara güzəştlərin verilməsi nəzərdə tutulur. Həmçinin nağdsız ödənişlərin stimullaşdırılması üçün pərakəndə ticarət və xidmət sahələrində POS-terminal vasitəsilə nağdsız dövriyyə limiti 400 min manata çatdırılacaq və nağdsız dövriyyənin yalnız 50 faizi ƏDV qeydiyyatı məqsədləri üçün nəzərə alınacaq. Eyni zamanda, muzdlu işdən gəlirlər üzrə vergi yükü optimallaşdırılacaq.
Bundan başqa, orta və iri vergiödəyiciləri ilə münasibətlərin şəffaflaşdırılması məqsədilə elektron audit sistemi ləğv ediləcək, əvəzində üfüqi monitorinq mexanizmi tətbiq olunacaq. Şəffaflığın genişləndirilməsi məqsədilə bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə "ƏDV geri al" mexanizminin tətbiqi və fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi də qanunda öz əksini tapıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və təklif edilən dəyişikliklərin iqtisadiyyatın inkişafına gözlənilən müsbət təsirləri geniş müzakirə olunub.

Nəşr edilib : 16.12.2025 19:18