Azərbaycan ilə Türkiyə arasında reproduktiv tibb s...
16:08 15.01.2026
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2026, Cümə axşamı
Hər dəfə onun adı çəkiləndə şəhidlik zirvəsinə ucaldığı gündən sonra oğlunun səsləndirdiyi “Mən şəhid Elməddin Meydanovun oğluyam. Mən atamla fəxr edirəm” sözləri düşür yadıma. Və öz-özümə deyirəm ki, düşmən, qorx o xalqdan ki, o, bir ölüb min dirilə bilir. Qorx o xalqdan ki şəhid oğlu boynunu bükmür, “Atamın yolunu davam etdirəcəyəm”, – deyir.
Bəli, onlar öz ölümləri ilə əbədiyyət qazanıb, Vətəni balalarından çox sevib, soyuq məzar daşlarından boylanan gözlərinə əbədi həsrət çökən oğullardırlar. Onlar övladlarına atasız böyüyə bilərsiniz, amma Vətənsiz yaşaya bilməzsiniz deyən igidlərdir. Vətən savaşının şərurlu qəhrəmanlarından biridir Elməddin Meydanov.
Onun xatirələri ilə yaşayan oğulları Əli və Yusiflə nəfəs alan Səma xanım həyat yoldaşını belə xatırlayır: “Elməddinlə 2012-ci ildə ailə qurmuşuq. Həmin vaxtlarda o, Cəlilabadda xidmət edirdi. Çətin şərait olsa da, onun yanına getdim və orada yaşamağa başladım. İki övladımız oldu. Çox xoşbəxt həyatımız var idi. O, işdən imkan olan kimi uşaqları ilə vaxt keçirərdi. Onlarla oyunlar oynayardı. Bizi gəzməyə aparardı. Son vaxtlar imkanı olmurdu bizlə vaxt keçirməyə, tez-tez təlimə gedirdi. Mən elə bilirdim ki, xidmət yeri dəyişəcək, amma elə deyilmiş, döyüşə hazırlaşırmış, sən demə. Həmin gün hər kəs kimi mənim də bircə duam var idi, övladlarımın atası sağ-salamat evimizə qayıtsın. Müharibə başlayanda mənimlə danışdı. “Fikir eləmə, qalib olmağa gedirik”, – dedi. Sən güclü qadınsan, mənə nə isə olsa, balalarımızdan muğayat ol deyib getdi. Döyüşlər səngiyəndə zəng vurardı, mənə uşaqları bərk-bərk tapşırardı. Son dəfə oktyabrın 27-də, günorta saat 3-də danışdı mənimlə, son dəfə səsini eşitdim. Həmin gün beş saat sonra şəhid olub Elməddin. O, şəhid olub canını Vətənə qurban verəndə mən iki oğlumuzla birlikdə Cəlilabaddakı xidməti evimizdə onu gözləyirdim. Dəfələrlə zəng vurmağıma baxmayaraq, məşğul gedirdi telefonu. Sevinirdim ki, sağdır, kiminləsə danışır, yəqin ki. Elə həmin vaxt evimizin qapısı döyüldü. Qapını açanda ailə dostumuzun gəldiyini gördüm. Mənə Elməddin yaralanıb Bakıya gedirik dedilər. Sən demə, o, Vətəni məndən də, balalarından da çox sevirmiş. Bakıya çatandan sonra bildim onu əbədi olaraq itirdiyimi. Son dəfə bir ailə olaraq Naxçıvana qayıtdıq. Mən göz yaşları içində övladlarıma sarılmışdım, o isə çox sevdiyi üçrəngli bayrağa.
Həmin gün həyatımın ən çətin anını yaşadım. Elməddini canından çox sevdiyi torpağa tapşırandan sonra övladlarımın nəfəsi və onun xatirələri ilə yaşamağa çalışdım. Onun şəhadətindən iki il sonra Zəngilana getdim, son dəfə nəfəs aldığı yerlərdə onun izini axtardım. Çox çətin idi orada olmaq. Amma görəndə ki, Zəngilana həyat qayıdır, oradakı körpələr gülür əmin oldum ki, Elməddin kimi oğulların xatirəsi əbədi olaraq yaşayacaq”.
Onun təltif edildiyi “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları bu gün mənə təsəlli olur.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər