Prezident İlham Əliyev İranın Azərbaycanda yeni tə...
13:30 27.06.2025
0
0
0
NAXÇIVAN :
27 Iyun 2025, Cümə
Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan Naxçıvan bu gün təkcə coğrafi deyil, mənəvi və strateji mövqeyi ilə də xüsusi önəm daşıyır. Hər qarışı qəhrəmanlıqla yoğrulan bu qədim torpaq, yalnız canlı qəhrəmanları ilə deyil, həm də tarixə şahidlik edən abidələri ilə də danışır. Bu abidələrin ən yenisi və təsirlilərindən biri də Naxçıvan Döyüş Şöhrəti Muzeyidir – vətən sevgisinin, hərbi qüdrətin və tarixi yaddaşın bir məkanı.
Bu muzey muxtar respublika ərazisində yaradılmış ilk hərbi profilli açıq səma altındakı muzeydir. Naxçıvan hərbi şəhərciyində yerləşən və 13 min kvadratmetrlik geniş ərazini əhatə edən bu kompleks, sadəcə, eksponatların sərgiləndiyi bir məkan deyil – o, döyüş ruhunun canlı sərgisinə çevrilmiş bir vətənpərvərlik dərsliyidir.
İlk vaxtlar 26 adda eksponatla fəaliyyətə başlayan muzey, qısa müddətdə genişləndirilərək müxtəlif adda silah, texnika və qurğunu özündə cəmlədi. Burada yalnız metal deyil, tarix və qəhrəmanlıq nümayiş olunur.
Muzeyin açıq meydanında düzülmüş ağır texnika və silahlar keçmişin səssiz şahidləridir. Onlar danışmasa da, hər birinin yaddaşında Vətən uğrunda keçilən yol var. Burada nümayiş olunan texnikalar arasında gəzərkən baxışlar gah Azərbaycanın hava məkanını qoruyan, düşmənə gözdağı olan güclü “S-75”, “S-125” və “S-200” zenit raket kompleksləri sisteminə, gah da daşıyıcıdan çox, səmanın müdafiəçisi olan “Mi-8T” döyüş-nəqliyyat vertolyotunun məğrur duruşuna cəmlənir. Sərhədləri qoruyan texniki qəhrəmanlar, göydə şahin kimi süzərək Vətənin hava sərhədlərinin keşiyində duran “SU-17” və “MİQ-21” döyüş təyyarələri və daha nələr-nələr.
Haubitsalar, toplar, minaatanlar – tarixboyu ordumuzun döyüş qüdrətinin əsas dayaqları. Tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, mühəndis texnikaları və hərbi avtomobillər, bir sözlə, Azərbaycanın quru qoşunlarının güc simvolları.
Bu texnikaların bir çoxu vaxtilə döyüş növbətçiliyində iştirak edib, sərhədlər qoruyub, müstəqilliyimizin və ərazi bütövlüyümüzün keşiyində dayanıb. Hər bir texnika audioməlumatlandırma sistemi ilə təchiz edilib ki, ziyarətçilər onun tarixi, texniki göstəriciləri və döyüş yolu haqqında ətraflı məlumat ala bilsinlər.
Naxçıvan Döyüş Şöhrəti Muzeyi yalnız keçmişə baxış deyil, gələcəyə verilən mesajdır. Bu muzeyə gələn hər bir məktəbli, hər bir gənc burada silahın parıltısından çox, Vətənə sevginin nə qədər möhkəm, qəhrəmanlığın nə qədər dərin olduğunu anlayır. O, hərbi ruhun yaşadılması, milli özünüdərkin formalaşması baxımından nadir nümunədir.
Əraziyə daxil olan kimi hiss edirsən ki, burada təkcə dəmir parçaları deyil, bir xalqın müqaviməti, inamı və qüruru sərgilənir. Hər eksponatın arxasında bir əsgərin izi, bir komandanın əmri, bir şəhidin son nəfəsi yatır.
26 İyun – Silahlı Qüvvələr Günü təkcə bayram deyil, həm də xalq və ordu birliyinin simvoludur. Bu gün biz yalnız bugünkü qüdrətli ordumuza baxmır, həm də onu bu səviyyəyə gətirən tarixə nəzər salırıq. Naxçıvan Döyüş Şöhrəti Muzeyi bu baxış üçün ideal bir məkandır – o, keçmişi yaşadır, gələcəyi tərbiyə edir, bu günə güc verir.
Çünki vətənpərvərlik təkcə döyüş meydanında deyil, tarixi yaşatmaqla, qəhrəmanları xatırlamaqla, gələcək nəsillərə doğru örnəkləri çatdırmaqla yaşayar.
Rafiq TƏHMƏZ
Digər xəbərlər