NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Vətəni qorumaq şərəfli yoldur, şərəfli vəzifədir

...

Naxçıvanlılar sərhəd təhdidlərinə baxmayaraq,

müstəqilliyin qorunmasında böyük rol oynayıblar

SSRİ-nin 70 illik tikanlı sərhəd səddi Naxçıvanda 1989-cu il dekabrın 31-də söküldü. Azadlıq və müstəqillik arzusu ilə meydanlara axışan insanların qarşısında tab gətirə bilməyən sovet ordusunun Naxçıvandan çıxarılmasına isə Ulu Öndərin Vətənə qayıdışından sonra nail olundu. Həmin illərdə Naxçıvan əhalisi ağır iqtisadi və sosial çətinliklərə, blokadaya, sərhəd təhdidlərinə baxmayaraq, Azərbaycanın müstəqilliyini qoruması naminə böyük fədakarlıq göstərdi. Bu baxımdan, Şərur rayonu xüsusilə seçilirdi. Sərhədboyu yaşayan sakinlər keşik çəkərək mümkün hücumların qarşısının alınması üçün müdafiə tədbirlərində fəal iştirak edirdilər. Həmin illərdə sərhəd qoşunlarının formalaşdırılması ciddi çətinliklərlə müşahidə olunurdu. Dövlət sərhədindəki mühəndis-texniki qurğular dağıdılmış, hərbi texnika və digər vasitələr yararsız hala salınmışdı. Ölkə ərazisinin 20 faizinin ermənilər tərəfindən işğalı nəticəsində dövlət sərhədinin nəzarətsiz qalmış 132 kilometr hissəsində yaranmış vəziyyətdən faydalanmağa çalışan qüvvələr təhlükəni daha da artırmışdı. Bütün bunlara baxmayaraq, 1991-1992-ci illərdə sovet sərhədçilərinin Naxçıvan ərazisindən çıxarılması və milli sərhəd mühafizəsinin yaradılması prosesi Heydər Əliyevin qətiyyətli siyasi iradəsi və uğurlu danışıqları nəticəsində həyata keçirildi. 
Bu proses Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində mühüm tarixi mərhələ oldu.
1992-ci il oktyabrın 18-də Naxçıvan Sərhəd Dəstəsində Azərbaycan Respublikası milli sərhədçilərinin ilk andiçmə mərasimi keçirildi. Ulu Öndər sərhədçiləri təbrik edərək demişdi: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır”.

Dövlət sərhədinin mühafizəsi işində mühüm irəliləyişlər

1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan dahi öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət sərhədlərinin mühafizəsi sahəsində islahatlara başlanıldı. Milli sərhəd qoşunlarının formalaşdırılması, onların peşəkar hərbi quruma çevrilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Keçmiş sovet sərhədçilərinin ölkə ərazisindən tam çıxarılması prosesi başa çatdırıldı, sərhəd mühafizəsinin etibarlı təşkili üçün zəruri addımlar atıldı. Kadr hazırlığı gücləndirildi, müasir idarəetmə sistemi formalaşdırıldı, sərhəd aviasiyası yaradıldı və dövlət sərhəddində baş verən hadisələrə operativ reaksiya imkanları genişləndirildi. 2002-ci il iyulun 31-də Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Sərhəd Xidməti müstəqil qurum kimi fəaliyyətə başladı. Bu qərar Azərbaycanın milli sərhəd quruculuğunda yeni mərhələnin əsasını qoydu. 

Milli sərhəd quruculuğu uğurla davam etdirildi

Ulu Öndərin milli sərhəd quruculuğu istiqamətindəki fəaliyyətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən milli sərhəd quruculuğu siyasəti yeni mərhələyə qədəm qoydu. Müasir sərhəd dəstələri yaradıldı, hərbi hissələr və qarnizon kompleksləri əsaslı şəkildə yenidən quruldu, sərhəd mühafuzəsinin maddi-texniki bazası daha da gücləndirildi. Xəzər dənizində ölkəmizin maraqlarının etibarlı qorunması məqsədilə sahil mühafizəsi inkişaf etdirildi.
Eyni zamanda sərhəd-buraxılış məntəqələri beynəlxalq standartlara uyğunlaşdırıldı, sənədlərin yoxlanılması və sərhəd nəzarəti müasir texnologiyalar əsasında təşkil olundu. Avtomatlaşdırılmış informasiya sistemlərinin tətbiqi sərhəd təhlükəsizliyinin etibarlılığını daha da artırdı və miqrasiya prosesləri üzərində nəzarətin gücləndirilməsinə imkan yaratdı. 
2007-ci ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması isə peşəkar sərhədçi kadrların hazırlanmasında mühüm mərhələ oldu.

Vətən savaşında DSX-nin Sərhəd Qoşunlarının xüsusi qəhrəmanlığı

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi tam nəzarətə götürüldü. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ölkəmizin dövlət suverenliyi tam bərpa olundu, dövlət sərhəddindən qanunsuz keçidlərin və silah-sursat daşınmasının qarşısı alındı. Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları və Çevik Hərəkət Qüvvələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə yüksək şücaət göstərmişdilər. Füzuli, Hadrut və Xudafərin körpüsü istiqamətində qarşıya qoyulmuş döyüş tapşırıqları uğurla yerinə yetirildi. Qədim Xudafərin körpüsündə və dövlət sərhədi boyunca müqəddəs, üçrəngli Azərbaycan Bayrağının ucaldılması tarixi zəfərin rəmzinə çevrildi. Müasir pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsinə ciddi zərbələr vuruldu. Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb. Döyüş əməliyyatları zamanı şəxsi igidlik nümunəsi göstərmiş 12 sərhədçi (4 nəfəri ölümündən sonra) “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub. Prezident İlham Əliyev sərhədçilərin xidmətini dəyərləndirərək bildirib: “...Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm...”

Zəfər bayrağımız sərhədimizdə qürurla dalğalanır

2020-ci il oktyabrın 16-da Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı”, “Mahmudlu”, oktyabrın 30-da Cəbrayıl və Zəngilan rayonları ərazisindəki “Soltanlı”, “Xələfli”, “Xudafərin” və “Qumlaq” sərhəd zastavalarında Dövlət Bayrağı ucaldıldı. Noyabrın 9-da isə Dövlət Sərhəd Xidmətinin Zəngilan rayon ərazisində Mincivan qəsəbəsində sərhəd zastavasında üçrəngli, ay-ulduzlu zəfər bayrağı dalğalandı. Qələbə ilə başa çatan və Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən savaşı bitən kimi ilk iş düşməndən azad edilmiş dövlət sərhədimizdə hərbi quruculuğun bərpa edilməsi və sərhədlərimizin etibarlı şəkildə mühafizəsi oldu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə sərhəd mühafizəsinin təşkili istiqamətində geniş quruculuq işləri həyata keçirildi. Dövlət sərhədi boyunca onlarla sərhəd zastavası əsaslı təmir edildi və ya yenidən qurularaq xidməti-döyüş fəaliyyətinə başladı.
Bu gün Azərbaycan Ordusunun qəhrəman hərbçiləri Kəlbəcərin keçilməz zirvələrində, Soyuğun qarlı aşırımlarında, Kürün, Arazın sahilində, Xəzərin dərin sularında, aydın səmamızda qış-yay demədən dövlətimizin keşiyində dayanır və hər addımda Vətənin sərhədinin keçilməz olduğunu sübut edir. 

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 31.07.2026 09:00