NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Vətəninə və adına layiq igid

...

Yolumuz qədim Naxçıvanın qeyrət qalası Sədərəyədir. Vətən müharibəsinin qəhrəmanlarından biri Ərtoğrulun ocağına gedirik… Heç kimdən soraq almırıq, çünki şəhid ocağında dalğalanan bayraq bizə həmin bu evin yerini nişan verir. Uğruna canını verdiyi bayraq yol göstərir gələnlərə… Hümbət atanın yollara dikilən gözlərinə əbədi həsrət çöküb. O, 52 gün yol gözləyib, hər gün əllərini Uca Tanrıya açıb: “Təki balam gəlsin, quzu qurban kəsəcəyəm”, – deyib. Ərtoğrulun cənazəsi gələn gün tabutu önündə qurban kəsib igid balasına. Deyir ki, oğlum əliboş qayıtmadı, özüylə zəfər gətirdi. 
Bir ananın toyunu, xeyrini, bəhrəsini görə bilmədiyi balasını qara torpağa verməsi nə qədər acıdır, bunu ancaq yaşayan bilər. Amma Nahidə ana qürurludur, dərdini içində boğmağı bacarır: “İgid oğlum öz arzusuna çatıb. Bağrım yanır, amma ağlamıram, çünki istəyinə çatıb balam”, – deyir Nahidə ana. Onun toy-büsatı cənazəsi gələn günü oldu. Hansı ki al bayrağa bələnib gəldi. Maşın karvanı qapımıza çatanda mən oğlumun toy karvanı kimi qarşıladım onları. Qalib kimi gəldi oğlum. Bütün Naxçıvan gəlmişdi onu qarşılayıb yola salmağa. 
Nubar xanım qardaşı haqqında danışır: “Qardaşımla son dəfə danışanda o, Goranboy rayonuna ezam edilmişdi. Həmin gündən sonra bir daha səsini eşitmədim. Düz 52 gün biz ondan xəbər ala bilmədik. Onun cənazəsini Bakıya gətirəndə orada yaşayan ən yaxın qohumu təkcə mən olduğum üçün cənazənin qardaşıma aid olduğunu təsdiq etməli idim. Xəstəxanaya gedəndə necə bir mənzərə ilə qarşılaşacağımı düşünmək belə istəmirdim. Həmişə eşitdiyim “Şəhidlər ölmür, onların ruhları əbədi yaşayır” fikrini xatırlayır, özümə təsəlli verirdim. Mən o gün orada bir möcüzəyə – Vətən, xalq, el, dövlət yolunda can verənlərin ruhunun da, cisminin də əbədi yaşadığına şahidlik etdim. Bu gün o təkcə mənim deyil, bütün azərbaycanlı qızların qardaşıdır. Vətənimiz uğrunda canından keçən igidlər bizim canımızdan bir parçadır. Onların hər biri bütöv Azərbaycanın övladıdır. Şəhid ailəsi, bacısı olmaq böyük şərəfdir. Bizim yurdumuzun şəhidləri heç bir zaman ölməyəcək. Onlara böyük ehtiram göstərilir, ruhları önündə daim baş əyilir, ailələri uca tutulur deyə”. 
Şəhid haqqında bir neçə kəlmə: Ərtoğrul Nadirli 31 mart 1997-ci ildə Sədərək rayonunun Qaraağac kəndində anadan olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2015-ci ildə oranı əla qiymətlərlə bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2019-cu ildə Ali Hərbi Məktəbi bitirib, leytenant rütbəsi alıb. Tovuz bölgəsinə göndərilib. 6 ay xidmətdən sonra Bakıya kursa gələn Ərtoğrul buranı bitirərək Daşkəsən rayonuna xidməti vəzifəsinə yola salınıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam olunub. Murovdağ yüksəkliyinin alınmasında döyüş yoldaşları ilə birgə çətin əməliyyatlarda iştirak edib, qəhrəmanlıq göstərib. Eyni zamanda onlarla yaralı yoldaşını döyüş bölgəsindən çıxarıb. Orada xeyli sayda erməni faşistlərini məhv ediblər. Ancaq son anda uzaq məsafədən snayperdən açılan atəşlə şəhadətə qovuşub. Onun təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə” medalları qəhrəmanlığından xəbər verir.
Ta qədimdən dünyaya göz açan körpəyə ad veriləndə “Adıyla böyüsün”, – deyirdilər. Ərtoğrul da adı ilə böyüdü. O, adının sahibi kimi bir türk fatehi oldu. İllərdir, Vətənin qanayan yarasına məlhəm olan qardaşlarına qoşuldu.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 18.10.2025 12:30