NAXÇIVAN :

27 Oktyabr 2026, Çərşənbə axşamı

Xarici diplomların tanınması ilə bağlı müraciətlərin 1433-ü müsbət qərarla yekunlaşıb

...

Bu ilin üçüncü rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 1607 müraciət daxil olub. Müraciətlərin 1433-ü üzrə müsbət qərar qəbul edilərək müvafiq şəhadətnamələr təqdim olunub, 174 müraciət isə mənfi qərarla yekunlaşıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə TKTA-nın 2026-cı ilin üçüncü rübü üzrə açıqladığı statistik məlumatda bildirilib. Qeyd olunub ki, mənfi qərarların əsas səbəbi ərizəçilərin təhsil aldıqları ölkədə normativ müddətdən az olmalarıdır. Belə ki, 116 müraciətçinin tədris yükünü mənimsəmək üçün təhsil aldıqları ölkənin ərazisində tələb olunan müddətdən az olduğu müəyyən edilib.

Digər imtina səbəbləri arasında kvalifikasiyalar üzrə əhəmiyyətli fərqlər (12 hal), təhsilalma forması (11 hal), akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil (7 hal) və ekvivalenti olmayan ixtisas (6 hal) yer alıb. Bundan başqa, 6 halda təhsil alınan ölkədə tələb olunan müddətdən az olma və kvalifikasiya üzrə əhəmiyyətli fərq, 5 halda diplomun həqiqi olmaması imtina səbəbi kimi göstərilib. Dörd müraciətdə əhəmiyyətli fərq, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və kvalifikasiyanın müvafiq ölkənin kvalifikasiyalar çərçivəsinə daxil edilməməsi, üç müraciətdə isə dövlət lisenziyası və akkreditasiyası olmayan ali təhsil müəssisəsi, eləcə də dövlət nümunəli blankda olmayan diplom amilləri qeyd olunub.

İmtina səbəbləri arasında baytarlıq ixtisası üzrə qiyabi təhsilalma forması (2 hal), akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil və tələb olunan müddətdən az olma (1 hal), eləcə də həqiqi olmayan diplom və tələb olunan müddətdən az olma (1 hal) da yer alıb.

Ölkələr üzrə statistikaya əsasən, xarici kvalifikasiyaların tanınması ilə bağlı ən çox müraciət Türkiyədən (545), Rusiyadan (490) və Ukraynadan (196) daxil olub. Sonrakı yerlərdə Birləşmiş Krallıq (67), Gürcüstan (40), Amerika Birləşmiş Ştatları (29), Polşa (28), Belarus (21), Almaniya (16) və Macarıstan (15) qərarlaşıb.

Litva və Özbəkistanın hər birindən 11, Çin, Estoniya və İtaliyanın hər birindən 9, İran, Latviya və Qazaxıstanın hər birindən 8, İsveçrə və Niderlandın hər birindən 7, İsveç və Kanadanın hər birindən 6 müraciət qeydə alınıb.

Birləşmiş Ərəb Əmirlikləri, İspaniya və Nigeriyanın hər birindən 5, Avstriya, Çexiya və Belçikanın hər birindən 4 müraciət daxil olub. Fransa, Keniya, Konqo, Qırğızıstan və Somalinin hər birindən 2 müraciət qeydə alınıb. İsrail, Küveyt, Avstraliya, Filippin, Hindistan, İndoneziya, Misir, Moldova, Pakistan, Sudan, Malayziya, Rumıniya, Türkmənistan və Yaponiyanın hər birindən 1 müraciət daxil olub. Beynəlxalq ikili diplom proqramları üzrə isə 10 müraciət qeydə alınıb.

Statistikaya görə, 2026-cı ilin üçüncü rübündə tanınma üçün ən çox müraciət edilən ixtisaslar tibb (171 müraciət), hüquqşünaslıq (150), iqtisadiyyat (98), biznesin idarə edilməsi (89) və maliyyə (66) olub.

Nəşr edilib : 26.10.2026 12:20