NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

XIII Qlobal Bakı Forumu Azərbaycanın diplomatik güc mərkəzi kimi mövqeyini artırır

...

Martın 12-də  dünyanın müxtəlif yerlərindən diqqətlər yenə də Azərbaycana yönəldi.

Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu alimlər iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu forumun əsas məqsədi qlobal çağırışları müzakirə etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və siyasi, iqtisadi, sosial problemlərin həlli yollarını araşdırmaqdır. Bu mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Hər il dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin iştirakı ilə keçirilən forum qlobal problemlər üzrə müzakirələrin aparıldığı əsas beynəlxalq platformalardan birinə çevrilib. XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən   Prezident İlham Əliyev deyib: “Builki forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”.

Forumun məqsədi müxtəlif ölkələrdən dövlət və hökumət başçılarını, siyasətçiləri, alimləri və ekspertləri bir araya gətirərək beynəlxalq dialoqun inkişafına töhfə vermək, Azərbaycanı qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevirmək və ölkənin diplomatik mövqeyini gücləndirməkdir. Azərbaycan ev sahibi ölkə kimi qlobal məsələlərin müzakirəsinə töhfə verir və bu məsələlərdə vasitəçi rolunu oynayır. Forum çərçivəsində ölkələr arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi üçün yeni əməkdaşlıq imkanları  da yaranır. Etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən Azərbaycanda reallaşan Qlobal Bakı Forumu dünyanı birləşdirən səmərəli platforma kimi dəyərləndirilir və yeni çağırışların müzakirəsinə şərait yaradır.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Nəşr edilib : 13.03.2026 15:13