Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
XIII Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasi gündəmdəki mövqeyinin təsdiqi hesab olunur. Forum iştirakçıları arasında dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və aparıcı analitiklərin olması, Azərbaycanın regional və qlobal məsələlərdə dialoq aparmaq qabiliyyətini göstərir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forum, həmçinin Azərbaycanı sülh və əməkdaşlıq təşəbbüslərinin təşəbbüskar ölkəsi kimi tanıdır və ölkənin beynəlxalq nüfuzunu yüksəldir.
Regional baxımdan isə bu mötəbər tədbir Avropa, Qafqaz və Orta Asiya ölkələri arasında iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə imkan yaradır. Belə platformalar sayəsində qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq və davamlı inkişaf üçün vacib mexanizmlər formalaşdırılır.
Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasətin nəticəsi kimi qiymətləndirilir. Müxtəlif siyasi və iqtisadi bloklar arasında dialoq üçün platforma təqdim edən Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verən ölkələrdən biri kimi çıxış edir. Bakı şəhərinin qlobal müzakirə məkanına çevrilməsi ölkənin sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma prinsiplərinə sadiqliyinin göstəricisidir.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dünyanın qarşısında duran əsas çağırışlara diqqət çəkərək qlobal siyasi sistemdə yeni reallıqların formalaşdığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, dünya sürətlə dəyişir və beynəlxalq münasibətlər sistemi də bu dəyişikliklərə uyğun olaraq yenidən formalaşır. Onun sözlərinə görə, artan geosiyasi gərginliklər və iqtisadi rəqabət şəraitində dövlətlər arasında dialoq və qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə vacibdir.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, qlobal problemlərin həlli yalnız kollektiv səylər və çoxtərəfli əməkdaşlıq vasitəsilə mümkündür. İqlim dəyişikliyi, enerji təhlükəsizliyi, qlobal iqtisadi qeyri-sabitlik və regional münaqişələr kimi məsələlərin bütün dünya üçün ortaq çağırışlar yaratdığını vurğulayan dövlət başçısı qeyd etdi ki, bu problemlərin aradan qaldırılması üçün dövlətlər arasında konstruktiv dialoq və koordinasiyalı fəaliyyət zəruridir.
XIII Qlobal Bakı Forumunda enerji təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyev enerji təhlükəsizliyinin müasir beynəlxalq münasibətlər sistemində getdikcə daha böyük əhəmiyyət qazandığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, hazırkı dövrdə enerji bazarlarında baş verən dalğalanmalar və xüsusilə neft və qaz qiymətlərindəki kəskin artım təkcə istehlakçı ölkələr üçün deyil, ümumilikdə, qlobal iqtisadi sistem üçün ciddi problemlər yaradır.
Prezident İlham Əliyevin sözlərinə görə, bəzi hallarda yüksək enerji qiymətlərinin istehsalçı və ixracatçı ölkələr üçün üstünlük yaratdığı düşünülür. Lakin bu yanaşma tam reallığı əks etdirmir. Çünki bir çox enerji istehsal edən dövlətlərin suveren sərvət fondları mövcuddur və həmin fondlar beynəlxalq maliyyə bazarlarında müxtəlif alətlərə, o cümlədən istiqrazlara investisiya yatırırlar. Maliyyə bazarlarında qeyri-sabitlik və birjaların kəskin enişi baş verdikdə isə bu ölkələr enerji satışından əldə etdikləri əlavə gəlirdən daha çox maliyyə itkisi ilə üzləşə bilirlər. Bu səbəbdən Azərbaycan enerji bazarında balansın qorunmasının və proqnozlaşdırıla bilən qiymət siyasətinin tərəfdarı kimi çıxış edir.
Son bir ildə Azərbaycanın enerji tərəfdaşlarının sayının artması da bu sahədə ölkənin mövqeyinin gücləndiyini göstərir. Bir il əvvəl Azərbaycandan təbii qaz alan ölkələrin sayı 12 idisə, bu gün həmin göstərici 16-ya yüksəlib və bütün bu ölkələr Azərbaycan qazını boru kəmərləri vasitəsilə alır. Bu fakt Azərbaycanın beynəlxalq enerji bazarında mühüm rol oynadığını və geniş coğrafiyada enerji təhlükəsizliyinə töhfə verdiyini göstərir.
Forumda vurğulandığı kimi, qlobal enerji təhlükəsizliyi məsələsi yalnız istehsalçı və istehlakçı ölkələr arasında əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan siyasət nəticəsində təmin oluna bilər. Azərbaycan isə bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edərək beynəlxalq enerji bazarında sabitliyin qorunmasına və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməyə davam edir.
Prezident İlham Əliyev müasir dövrdə nəqliyyat və logistika əlaqələrinin strateji əhəmiyyətinin daha da artdığını bildirib. Dövlət başçısı qeyd edib ki, beynəlxalq münaqişələr və siyasi gərginliklər bir çox hallarda ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə mənfi təsir göstərir. Bu isə yalnız ayrı-ayrı ölkələr üçün deyil, bütövlükdə, qlobal iqtisadi sistem və beynəlxalq tədarük zəncirləri üçün ciddi çətinliklər yaradır.
Prezident İlham Əliyevin sözlərinə görə, nəqliyyat və logistika əlaqələrinin pozulması həm insanların sərbəst hərəkətinə, həm də ölkələr arasında iqtisadi əməkdaşlığa mənfi təsir göstərir. Bu baxımdan, qlobal bağlılığın qorunması və alternativ nəqliyyat marşrutlarının inkişafı müasir dövrün əsas prioritetlərindən biri hesab olunur.
Dövlət başçısı çıxışında Azərbaycanın bu sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrə də diqqət çəkib. Qeyd olunub ki, ölkə enerji resurslarının ixracından əldə etdiyi gəlirləri strateji infrastruktur layihələrinə yönəldərək nəqliyyat və logistika sahəsində mühüm imkanlar yaradıb. Bu siyasət nəticəsində Azərbaycan regionda əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilib.
Bu gün Azərbaycan qlobal nəqliyyat marşrutlarının inkişafında mühüm rol oynayır və Şərq-Qərb, eləcə də Şimal-Cənub Nəqliyyat dəhlizləri üzrə etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər iki beynəlxalq dəhlizin inkişafında fəal iştirak edən və geniş investisiyalar yatıran ölkələrdən biridir. Xüsusilə Orta Dəhliz və Şimal-Qərb istiqamətləri üzrə həyata keçirilən layihələr Azərbaycanın qlobal tranzit xəritəsində mövqeyini daha da gücləndirib. Bu layihələr Asiya ilə Avropa arasında yük daşımalarının daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır.
XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha göstərdi ki, qlobal bağlılığın qorunması və nəqliyyat marşrutlarının inkişafı beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Bu kontekstdə Azərbaycan regional və qlobal tranzit layihələrində fəal iştirak edərək Avrasiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və tədarük zəncirlərinin dayanıqlılığının təmin olunmasına mühüm töhfə verməyə davam edir.
Prezident İlham Əliyevin forumdakı çıxışı isə müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərin dərin təhlilini təqdim etməklə yanaşı, qlobal əməkdaşlığın gücləndirilməsi üçün mühüm çağırış kimi səsləndi. Dövlət başçısının vurğuladığı kimi, dünya yeni siyasi və iqtisadi reallıqlar dövrünə qədəm qoyur və bu şəraitdə dövlətlər arasında etimadın bərpası, çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və konstruktiv dialoqun təşviqi qlobal sabitliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Bu baxımdan, XIII Qlobal Bakı Forumu yalnız beynəlxalq müzakirə platforması deyil, həm də qlobal fikir ayrılıqlarının aradan qaldırılması və gələcək əməkdaşlıq modelinin formalaşdırılması üçün mühüm intellektual məkan kimi çıxış edir.
Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər