NAXÇIVAN :

20 Sentyabr 2026, Bazar

Xocalı: “Böyük Qayıdış” proqramının ən maraqlı, zəngin səhifələrindən biri

...

Xocalıdayam. İllərlə həsrəti ilə yaşadığımız bu şəhərdə. Yayın son günlərindən birində. Xocalı şəhər tam orta məktəbinin qarşısında dayanmışam. Bu, illərdir, uşaq səsinə həsrət qalan məktəbdir. Aliyə müəllim dərsə tələsir, Raya nənə nəvələri ilə gəlib. 
O soyuq fevral gecəsində hələ yeddi yaşında ayaqyalın çıxmışdı Xocalıdan Aliyə adlı kiçik qız. Atasını, qohumlarının çoxunu həmin qanlı gecədə itirmişdi. Xocalıdan ağlaya-ağlaya çıxan o körpə qız uşağı artıq iki ildir ki, Xocalıya ali təhsilli bir xanım kimi qayıdıb. Qalib xalqın qalib gələcəyinə Xocalı rayonunda, öz doğma məktəbində dərs deyir. Raya nənə nəvələrini məktəbə yola salır, onların ardınca baxır, köks ötürür. Baxışları uzaqlara zillənir. Həmin qanlı gecədə itirdiyi əzizlərini yada salır, zənnimcə. Gənc polis zabitinin üzündəki qürura sataşır gözüm. Xocalılı olub Xocalını görmədən böyüyən Rəşad... Atası polis zabiti kimi döyüşüb, bu şəhərin müdafiəsində sağlamlığını itirib. Ən böyük arzusu isə oğlunun da bu torpaqlarda xidmət etməsi olub. Bu gün o burada dalğalanan Azərbaycan Bayrağının keşiyində qürurla dayanır. Bəli, onlar illərlə Xocalı həsrəti ilə yaşayan xocalılılardan bir neçəsidir. 
2023-cü ilin sentyabrında Azərbaycan əsgərinin qələbəsi ilə sevinən xocalılılar. Həmin gün “Xocalı azaddır!” sözlərini eşidəndə ürəkdən bir ah çəkdilər. Xocalılıların qisası qiyamətə qalmadı. İgid oğullarımız qiyamətə saxlamadı bu qisası. Biz artıq Xocalıya qayıtmışıq. Soyuq bir qış gecəsində qarın üzərinə düşən qan izləri ilə çıxarıldığımız Xocalıya əbədi bahar qayıdıb...
İlk köç öz yurduna çatanda insanların isti nəfəsi qayıtdı buraya. Artıq Ballıca, Xanyurdu, Təzəbinə kəndlərində, Xocalı şəhərində yaşayan sakinlər azad Xocalıda yaşamağın qüruru ilə ömür sürür. Dövlət başçısının Xocalıya hər səfəri və sakinlərlə görüşməsi yaddaşlara həkk olunur. Bütün dünyaya diktə edir ki, biz bu torpaqların əbədi sahibiyik. 
İnsanların öz yurduna qayıtması, rayon ərazisində insanların məşğulluğunun təmin edilməsi üçün görülən işlər, yeni-yeni layihələrin həyata keçirilməsi Böyük Qayıdışı daha sürətləndirməklə yanaşı, insanların dövlətinə inamını artırır. “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı şəhəri və rayonun ətraf kəndlərinə (Ballıca, Təzəbinə və Xanyurdu) indiyədək, ümumilikdə,    4 minə yaxın çox sakin köçürülərək öz doğma yurduna qovuşub. Xocalıda aparılan genişmiqyaslı bərpa-qurucu­luq işləri nəticəsində əhalinin mərhələli şəkildə geri dönüşü davam edir. Qayıdan sakinlərin rahatlığı üçün fərdi evlər və çoxmənzilli binalar tam bərpa edilib, “Xocalı” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, kərpic zavodu və müxtəlif müəssisələr işə salınaraq əhalinin məşğulluğu təmin olunub. Xocalıda “AzeRobot Education” Robototexnika Tədris Mərkəzi, “Nakhishli” atelyesi, “Gilabi Ceramics” emalatxanası, “Sariban” Peşə İnkişaf Mərkəzi fəaliyyət göstərir. 
Xocalı önəmli strateji mövqeyə malikdir. Burada beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu və dəmir yolu fəaliyyət göstərəcək. Bütün bunlar Xocalını nəqliyyat qovşağı və logistika mərkəzi kimi əhəmiyyətli edəcək. Bu da Ağdam, Xankəndi və Şuşa şəhərlərinin yaxınlığında yerləşən Xocalının regional mərkəz kimi davamlı surətdə inkişaf etməsinə təkan verəcək. Bütün sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar açılacaq. Əsasən, 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər Xocalıya xüsusi gözəllik verəcək. Torpağın münbitliyi nəzərə alınaraq şəhər daxilində kiçik aqropark yaradılıb.
Azərbaycan bu gün quruculuq meydanında imza atdığı lahiyələrlə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Həyata keçirilən və planlaşdırılan layihələr bölgənin gələcək inkişafı üçün böyük perspektivlər açır. Əminik ki, Xocalı da digər şəhərlərimiz kimi, dövlət qayğısından öz payını alaraq əvvəlki gözəlliyinə və inkişafına qovuşacaq. Xocalı sakinləri bu gün xalqımıza qürurunu qaytaran ordumuza və Ali Baş Komandanımıza minnətdardırlar. Bu gün şəhidlərin də ruhu şaddır. Çünki onların azad etdiyi torpaqlara həyat qayıdır.     

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 20.09.2026 11:25