NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Yay fəslinin gizli təhlükəsi günvurmadan necə qorunmalı?

...

Yay aylarında havanın temperaturu yüksəldikcə günvurma halları da artır. Günəş altında uzun müddət qalmaq bəzən, sadəcə, yorğunluq və ya halsızlıq kimi qiymətləndirilsə də, əslində, bu vəziyyət orqanizm üçün ciddi təhlükə yarada bilir. Həkimlər xəbərdarlıq edirlər ki, günvurmanın ilk əlamətlərini vaxtında tanımamaq ağır fəsadlara, hətta ölümə qədər gətirib çıxarır. Bəs günvurma nədir, onun ilkin əlamətləri hansılardır və belə hallarda necə davranmaq lazımdır?

Suallarımızı cavablandırması üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım üzrə həkimi Əfruz Hüseynova ilə həmsöhbət olduq.

Əfruz xanım, günvurma tam olaraq nədir? Bu sadəcə, istidə qalmaqdan yaranır, yoxsa daha ciddi prosesdir?

– Günvurma, sadəcə, istidə qalmaq deyil, orqanizmin istilik tarazlığının pozulması nəticəsində yaranan ciddi tibbi vəziyyətdir. Günvurma ilə istivurmanı bir-birindən fərqləndirmək lazımdır. Günvurma birbaşa günəş şüalarının baş nahiyəsinə təsiri nəticəsində yaranır. İstivurma isə günəş şüaları olmasa belə, çox isti, havasız və qapalı mühitdə bütün bədənin həddindən artıq qızması nəticəsində baş verir. Günvurma zamanı bədənin temperaturu tənzimləmə qabiliyyəti pozulur və temperatur 40°C və daha yuxarı qalxır. Bu zaman sinir sistemi, ürək, böyrəklər və digər orqanlar zədələnə, vaxtında müdaxilə edilmədikdə isə vəziyyət ağırlaşaraq həyati təhlükə yarada bilir.

Bəs günvurmanın ilkin əlamətləri hansılardır və kimlər günvurmaya qarşı daha həssasdır?

– İlkin əlamətlərə güclü halsızlıq, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, həddindən artıq susuzluq, sürətli nəbz və bədən temperaturunun yüksəlməsi daxildir. Daha ağır hallarda davranış dəyişiklikləri, qıcolma və huşun itməsi müşahidə oluna bilər. Risk qrupuna körpələr və kiçik yaşlı uşaqlar, yaşlı insanlar, hamilələr, ürək-damar, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslər daxildir. Açıq havada işləyənlər və idmançılar da isti havalarda daha diqqətli olmalıdırlar. Bu qrupa daxil olan şəxslərdə orqanizmin istiliyi tənzimləmə qabiliyyəti zəif olduğundan günvurma daha tez inkişaf edə və daha ağır keçə bilər. Xüsusilə saat 1100-1700 arasında günəş şüalarının intensivliyi yüksək olur. Zərurət olmadıqca həmin saatlarda uzun müddət açıq havada qalmaq tövsiyə edilmir. Məcburiyyət yarandıqda kölgədə qalmaq, tez-tez su içmək və qoruyucu geyimlərdən istifadə etmək vacibdir. Adətən, yay aylarında açıq rəngli, yüngül, pambıq və ya kətan kimi hava keçirən parçalardan hazırlanmış geyimlərə üstünlük vermək lazımdır. Papaq və gün eynəyi də qoruyucu vasitələr hesab olunur. Gün ərzində kifayət qədər su qəbul etmək, meyvə-tərəvəzlə zəngin qidalanmaq, ağır və yağlı yeməklərdən, həmçinin alkoqoldan uzaq durmaq tövsiyə edilir.

 – Günvurma keçirən şəxsə ilkin yardım necə olmalıdır?

– İlk növbədə, şəxsi sərin və kölgəli yerə aparmaq lazımdır. Artıq geyimləri boşaltmaq və ya çıxarmaq, bədəni sərin su ilə soyutmaq, boyun, qoltuqaltı və qasıq nahiyəsinə soyuq kompres qoymaq olar. Huşu aydın olan şəxsə kiçik qurtumlarla sərin su vermək mümkündür. Lakin huşu pozulubsa və ya huşsuzdursa, ağızdan heç nə verilməməlidir. Belə hallarda dərhal təcili tibbi yardım çağırılmalıdır.

Yay aylarında günvurma ilə bağlı halların artmaması üçün əsas məsələ təhlükəni vaxtında tanımaq və sadə qoruyucu tədbirlərə əməl etməkdir. Günəşin intensiv olduğu saatlarda ehtiyatlı davranmaq, kifayət qədər su qəbul etmək, uyğun geyim seçmək və risk qrupuna daxil olan şəxslərə xüsusi diqqət göstərmək bu halların qarşısını almağa kömək edir. Unutmaq olmaz ki, isti havalarda sağlamlığımızı qorumaq üçün atılan kiçik addımlar daha ciddi fəsadların qarşısını ala bilər.

 Səmayə RƏSULOVA

Nəşr edilib : 06.08.2026 11:10