Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
Yay aylarında valideynlərin uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün üz tutduqları əsas məkanlardan biri də teatrlardır. Bu mövsüm Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ən çox tamaşaçı qəbul edən və balaca qonaqlarını sevinclə qarşılayan mədəniyyət ocaqlarından biridir. Teatr öz balaca tamaşaçılarına yeni tamaşalar təqdim etməklə onların istirahətini həm mənalı, həm də əyləncəli etməyə çalışır.
Teatrın direktoru Səyyad Məmmədovun bildirdiyinə görə, bu mövsümdə səhnələşdirilən Bayram İsgəndərlinin əsəri Kukla Teatrında ilk dəfədir, hazırlanır və “bunraku” üslubunda təqdim olunacaq. Bu üslub daha əvvəl Bakı və bir sıra dünya teatrlarında tətbiq edilsə də, Naxçıvanda ilk dəfə reallaşır. Səyyad Məmmədov inanır ki, bu yenilik tamaşaçılar tərəfindən maraqla qarşılanacaq. Əsərdə altı obraz yer alır və heyvanların dili ilə uşaqlara haqq-ədalət, böyüklərə hörmət və cəmiyyətdə düzgün davranış qaydaları aşılanır. Teatrın repertuarında yer alan “Özgəyə quyu qazan” tamaşasının süjeti də məhz bu ideya üzərində qurulub. Tamaşada hiyləgər tülkü və çaqqal zəhmətkeş dovşanlara tələ qurur, lakin sonunda öz qazdıqları quyuya düşür və şir tərəfindən cəzalandırılırlar.
Tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədov, musiqi tərtibatçısı və bəstəkarı isə Əli Məmmədovdur. Müsahibimiz yay mövsümündəki fəaliyyətlə bağlı da bildirdi ki, 2025-ci ildən etibarən teatrda yeni tamaşaların hazırlanması planlı şəkildə həyata keçirilir. Mart ayının sonlarından etibarən isə hazırlıq işləri daha da intensivləşib. Yay mövsümündə fəaliyyətini davam etdirən Naxçıvan Dövlət Kukla Teatrı balaca tamaşaçılar üçün silsilə yeni tamaşalarla çıxış edir.
Direktor əlavə edib ki, Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə hazırlanmış “Arşın mal alan” tamaşasının ictimai baxışı keçirilib. Bu tamaşa marionet (ipli kuklalarla) üslubunda təqdim olunub. O bildirdi: “Bu fərqli tərz uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanıb. Tamaşa ilə bağlı əlavə seanslar da təşkil etmişik. Kollektiv olaraq məqsədimiz bu tamaşa ilə muxtar respublikamızı digər bölgələrdə də layiqincə təmsil etməkdir. Eyni zamanda müxtəlif festivallarda iştirak etməyi planlaşdırırıq. Bundan əlavə, bu yaxınlarda dramaturq Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” əsəri də teatrın repertuarına daxil edilib”. Səyyad Məmmədovun sözlərinə görə, bu tamaşa uzun müddət repertuarda saxlanılacaq və müxtəlif auditoriyalara təqdim olunacaq.
Zəhra VƏLİYEVA
Digər xəbərlər