NAXÇIVAN :

24 May 2026, Bazar

Yazdığı hər sətir onun həyat yolunun bir parçasıdır

...

Bəzən istedad insana təsadüfən verilmir, o, nəsillərdən süzülüb gələn bir miras, ruhun qidalandığı bir kök olur. Gənc yazar Sunay Fərəcovanın yaradıcılıq dünyasına nəzər saldıqda bu irsin jurnalist babasından qaynaqlanan dərin köklərə bağlı olduğunu aydın görmək mümkündür. Hələ uşaq yaşlarında anasına yazdığı ilk şeirlərlə başlayan bu maraq bu gün artıq peşəkar bir yolun başlanğıcına çevrilib.

Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirən Sunay üçün tələbəlik illəri təkcə mühazirələrlə deyil, həm də sətirlərə tökülən duyğularla yadda qalıb. Bu gün o, fəaliyyətini Məmməd Səid Ordubadinin ev-muzeyində kiçik elmi işçi kimi davam etdirir. Klassiklərin ruhunun duyulduğu bu məkanda çalışmaq onun araşdırmaçı ruhunu qidalandırır. Sunay bu mühiti xarakterizə edərək qeyd edir: “Muzeydə çalışmaq tarixin canlı şahidi olmaqdır. Milli dəyərlərin qorunduğu bu məkan mənim araşdırmaçı ruhumu qidalandırır. Bu mühitdə olmaq məndə böyük bir məsuliyyət və qürur hissi yaradır. Həmçinin özünəməxsus sükutu və ab-havası ilə yaradıcılıq üçün mənə lazım olan mənəvi hüzuru bəxş edir. Hələ məktəbli olduğum vaxtda Məmməd Səid Ordubadinin irsi marağımı çəkmişdi. Hətta bir neçə əsərini oxuduqdan sonra, sanki onun yaradıcılığına bağlılığım daha da artmışdı. Bunun nəticəsidir ki, bu gün onun adını daşıyan muzeydə fəaliyyət göstərirəm”.

Sunayın yaradıcılığının ana xəttini şəhidlik mövzusu təşkil edir. İlk addımını “Şuşa fatehi” kitabı ilə atan müəllif bu əsərini Sabirkənd şəhidi Ülvü Hüseynovun əziz xatirəsinə həsr edib. Vətən sevgisi və vəfa borcu onu üçüncü kitabında da eyni yola sövq edib. Ordubad rayonu, Düylün kəndinin şəhidləri Mətin Hüseynov və İntiqam Abdullayevin qəhrəmanlıqlarını qələmə alaraq “Dostluğun son nöqtəsi – şəhidlik” adlı kitabı ilə onların adını əbədiləşdirib.  Şəhidlər haqqında yazmağın onun üçün bir vicdan borcu olduğunu deyən gənc yazar, bu prosesdə kövrək bir qürur hissi keçirir: “Yazdığım hər sətirlə qəhrəmanlarımızın xatirəsini yaşatdığımı hiss edirəm. Onlarla eyni torpağın övladı olduğum üçün qürur duyuram”.

Lakin Sunayın qələmi təkcə qəhrəmanlıq dastanları yazmır. “Hislərin kəlməyə çevrilən hekayəsi” adlı kitabı onun daxili dünyasına, ruh düşkünlüyü yaşadığı anlarda özünə qayıtdığı bir sığınacağa çevrilib. Kitabın hər səhifəsi onun həyat yolunun bir parçasıdır.

Boş zamanlarında şahmat oynamağı və musiqi dinləməyi çox sevən Sunay bir çox yazıçıdan fərqli olaraq, sakitlikdə deyil, məhz səs-küylü mühitdə ilham tapır. Şeirlərini o coşqunun içində kağıza köçürür. O, qazandığı hər bir uğurun arxasında mənəvi və maddi dəstəyini əsirgəməyən valideynlərinin dayandığını vurğulayır.

Milli dəyərlərimizi qələmində yaşadan, şəhidlərimizin qəhrəmanlığını sətirlərə köçürən gənc yazarımıza bu şərəfli yolda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, babasından miras qalan o qızıl qələm Sunayın imzasında daha da parlayacaq, gələcək nəsillərə işıq saçacaqdır.

         Səmayə RƏSULOVA

Nəşr edilib : 18.05.2026 15:00