NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Yeni düzən dünya siyasətinin ən gərgin mərhələsi və cənab Prezidentin siyasi iradəsinin Davos aspekti, yaxud Azərbaycan Davosdan necə göründü?

...

Müasir beynəlxalq münasibətlər sistemində qlobal iqtisadi platformalar dövlətlərin strateji prioritetlərinin təqdim olunması və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm rol oynayır. Ümumdünya İqtisadi Forumu qlobal siyasi və iqtisadi gündəliyin müəyyənləşdirildiyi əsas beynəlxalq platformalardan biridir. Forumda  dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, biznes liderləri bir araya gəldi. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il yanvar ayında Davos Ümumdünya İqtisadi Forumundakı (WEF) iştirakı və çıxışları iştirakı ölkənin regional və qlobal proseslərdə artan siyasi və etibarlı rolunun nümayişi kimi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” adlı panel sessiyasında çıxış edərək regionun iqtisadi və strateji rolunun təsvirini verdi və bu məkanın qlobal iqtisadi inteqrasiya üçün əhəmiyyətini vurğuladı.

İkitərəfli görüşlər və iqtisadi diplomatiya

Davos çərçivəsində İlham Əliyev bir sıra yüksək səviyyəli görüşlər keçirdi. Onun ABŞ Prezidenti Donald Tramp ilə danışıqları xüsusilə diqqət çəkdi. Bu görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, regionda sülh və təhlükəsizlik məsələləri müzakirə olundu və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması prosesində rolunu vurğuladı.

Davos İqtisadi Forumu çərçivəsində keçirilən ikitərəfli görüşlər Azərbaycanın iqtisadi diplomatiyasının mühüm tərkib hissəsi olmuşdur. Dövlət başçısı aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və siyasi liderlərlə görüşərək investisiya mühiti, enerji, infrastruktur və texnologiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etmişdir. Bu görüşlər Azərbaycanın açıq iqtisadiyyat və xarici investisiyalar üçün əlverişli mühitə malik olduğunu bir daha təsdiqləmişdir.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumundakı iştirakı Azərbaycanın qlobal iqtisadi və siyasi gündəmdə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forum çərçivəsində səsləndirilən mesajlar ölkənin strateji baxışını, enerji və nəqliyyat sahəsindəki üstünlüklərini, eləcə də regional sülh və əməkdaşlığa verdiyi töhfələri aydın şəkildə ortaya qoymuşdur.

Azərbaycanın Davos platformasında strateji mesajları

Prezident İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən panel müzakirələrində çıxış edərək Azərbaycanın Avrasiya məkanında formalaşan yeni iqtisadi reallıqlardakı yerini və rolunu ətraflı şəkildə təqdim etmişdir. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan Şərq və Qərb, Şimal və Cənub arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilmişdir. Bu kontekstdə Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də enerji ixrac marşrutları Azərbaycanın qlobal iqtisadi inteqrasiyada oynadığı rolu gücləndirir.

Prezidentin çıxışlarında diqqətçəkən əsas məqamlardan biri də Azərbaycanın iqtisadi modelinin şaxələndirilməsi və post-neft dövrünə keçid strategiyası olmuşdur. O, qeyri-neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyat, “yaşıl enerji” və innovasiyaların təşviqi istiqamətində görülən işlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır.

Enerji təhlükəsizliyində  “yaşıl enerji” mərhələsi

Davos müzakirələrində İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunu xüsusi vurğulamışdır. Azərbaycan uzun illərdir ki, sabit və proqnozlaşdırıla bilən enerji təchizatçısı kimi çıxış edir. Bununla yanaşı, Prezident ölkənin bərpa olunan enerji potensialına diqqət çəkərək Xəzər dənizi regionunun “yaşıl enerji” mərkəzinə çevrilməsi perspektivlərini qeyd etmişdir.

Bu yanaşma qlobal enerji transformasiyası fonunda Azərbaycanın yalnız karbohidrogen ixracatçısı deyil, həm də “yaşıl enerji” istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirməyə yönəlib.

Prezident, həmçinin enerji, investisiya və yeni iqtisadi əməkdaşlıq imkanları barədə Vitol kimi böyük beynəlxalq şirkət rəhbərləri ilə görüşlər keçirərək, Azərbaycanın enerji strategiyası və Avropa üçün enerji təhlükəsizliyindəki rolunu müzakirə etdi.

            Geosiyasi sabitlik və regional sülh çağrıçıları

Panel çıxışlarında və yan tədbirlərdə İlham Əliyev Azərbaycanın regional əlaqələrin gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və Cənubi Qafqazda sülhün təmin edilməsi mövzusunda fikirlərini bölüşdü. O, Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrini genişləndirmək planlarını qeyd edərək Ermənistanın “ölü nöqtə” olmamasını vurğuladı və beynəlxalq əməkdaşlığa geniş meydan açmağın region üçün faydalı olacağını bildirdi.

Eyni zamanda sülhə yönəlmiş təşəbbüslərin gücləndirilməsi məqsədilə yeni beynəlxalq qurum – “Sülh Şurası”nın Nizamnaməsinin imzalanma mərasimində iştirak etdi. Bu addım dünya liderləri ilə birlikdə davamlı sülh üçün əməkdaşlıq mexanizmlərinin genişləndirilməsinə töhfə verdi.

Prezidentin çıxışları Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, praqmatik və uzunmüddətli sabitliyə yönəlmiş xarici siyasət kursunu bir daha nümayiş etdirmişdir.

 Media və reallıq

Yanvarın 20-də Prezident İlham Əliyev “Euronews” kanalına müsahibə verərək dünya nizamının dəyişən təbiəti, beynəlxalq hüququn rolu və Azərbaycanın bu yeni reallıqlara uyğun siyasət yürütməsi barədə fikirlərini açıqladı. O vurğuladı ki, beynəlxalq münasibətlər sistemində dəyişikliklər mövcuddur və bu vəziyyətdə dövlətlərin öz milli maraqlarını və təhlükəsizliyini prioritetləşdirməsi vacibdir. Prezident, həmçinin regional sabitliyin təmin olunmasının, qonşuluq təhlükəsizliyinin vacibliyini qeyd etmiş və bu kontekstdə qonşu ölkələrdəki stabilliyə dair narahatlıqlarını paylaşmışdır.

Beləliklə, Davos platforması Azərbaycan üçün yalnız beynəlxalq imicini gücləndirən tribuna deyil, həm də uzunmüddətli iqtisadi və geosiyasi məqsədlərin beynəlxalq ictimaiyyətə təqdim olunduğu strateji meydan kimi çıxış etmişdir.  İlham Əliyevin Davosdakı iştirakı Azərbaycan Respublikasının beynəlxalq səviyyədə strateji rolunun həm geoiqtisadi, həm də siyasi mövqeyinin daha geniş auditoriya qarşısında təsdiqi kimi qiymətləndirilir. Forum çərçivəsində keçirilən tədbirlər, ikitərəfli görüşlər və çıxışlar Azərbaycanı qonşu regionlarla inteqrasiya, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və sülh təşəbbüslərində fəal tərəfdaş kimi təqdim etdi. Bu baxımdan, Davos-2026 Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verdi.

Elmar RZAYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 21.01.2026 15:18