NAXÇIVAN :

04 Sentyabr 2026, Cümə

Yeni iqtisadi inkişafın iki dayağı: Naxçıvan Sənaye Parkı və Naxçıvan Dövlət Universiteti

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri regionun sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı baxımından mühüm hadisə oldu. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlqoyma mərasiminin keçirilməsi, müxtəlif infrastruktur və enerji layihələrinin təqdim olunması, Naxçıvanın gələcək inkişaf perspektivlərinə dair fikirlərin səsləndirilməsi regionun qarşıdakı dövr üçün iqtisadi prioritetlərinə yeni baxış formalaşdırdı.

Naxçıvan Sənaye Parkının təməlqoyması, əslində, yeni bir ideyanın ortaya çıxması yox, iki il əvvəl qəbul edilmiş qərarın real icraya çevrilməsidir. Parkın təsis edilməsi Prezidentin 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə müəyyənləşdirilmiş, bunun üçün Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar ərazi ayrılmışdı. 2026-cı ilin avqustunda keçirilən təməlqoyma mərasimi isə həmin qərarın artıq praktiki mərhələyə keçdiyini göstərdi.

Naxçıvan iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biri iqtisadi fəaliyyətin şaxələndirilməsi, istehsalda əlavə dəyərin artırılması və regionun rəqabət qabiliyyətinin yüksəldilməsidir. Bu baxımdan, Naxçıvan Sənaye Parkının yaradılması mühüm imkanlar açır. Parkın prioritet istiqamətləri arasında qida, kimya, tikinti materialları, mebel, tekstil və geyim, qablaşdırma, maşın və avadanlıqlar, kağız məhsulları, metalların emalı, tullantıların idarə olunması və digər sahələr yer alır. Bu, yalnız ənənəvi istehsalın deyil, həm də texnologiya, enerji, emal və müasir sənaye istiqamətlərinin inkişafına təkan verə bilər. Sənaye Parkı yalnız fabrik və zavodların yerləşəcəyi ərazi kimi yox, investisiyanın, yeni texnologiyaların, iş yerlərinin, yerli təchizat zəncirlərinin və ixrac imkanlarının bir araya gəldiyi iqtisadi mərkəzə çevrilə bilər. Başqa sözlə, burada söhbət, sadəcə, istehsal sahələrinin yaradılmasından deyil, yeni iqtisadi mühitin formalaşdırılmasından gedir.

Azərbaycanın digər Sənaye parklarının nəticələri də bu modelin potensialını göstərir. 2026-cı il iyul ayının 1-nə ölkənin sənaye parklarında 184 rezident qeydiyyatda olub. Rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 500-dən çox iş yeri yaradılıb, istehsalın ümumi dəyəri 21,4 milyard, ixrac isə 6,7 milyard manata çatıbdır. Bu rəqəmlər Naxçıvan üçün də müəyyən mənada istiqamət göstərə bilər. Lakin Naxçıvanın uğuru hazır modelləri olduğu kimi təkrarlamaqdan deyil, öz iqtisadi xüsusiyyətlərinə uyğun sənaye ekosistemi qurmaqdan keçəcək.

İstənilən Sənaye Parkının əsas dayaqları kapital, infrastruktur və işçi qüvvəsidir. Müasir sənaye yalnız fəhləyə deyil, mühəndis, proqramçı, texnoloq, menecer,iqtisadçı, marketoloq, logist və tədqiqatçı kimi mütəxəssislərə də ehtiyac duyur. Məhz bu məqamda Naxçıvan Dövlət Universitetinin rolu xüsusi əhəmiyyət qazanır. NDU-nu Sənaye Parkı üçün yalnız kadr hazırlayan ali təhsil müəssisəsi kimi qiymətləndirmək kifayət deyil. Universitet sənayenin ehtiyac duyduğu insan kapitalını hazırlamaqla yanaşı, müəssisələrin qarşılaşdığı problemlərin elmi həllində, yeni texnologiyaların tətbiqində və sahibkarlıq təşəbbüslərinin formalaşmasında iştirak edə bilər. Başqa sözlə, NDU Sənaye Parkının yalnız kadr mənbəyi deyil, bilik və innovasiya tərəfdaşı ola bilər.

Universitetin son illərdə əldə etdiyi nəticələr belə əməkdaşlıq üçün mühüm zəmin yaradır. 2026-cı ildə NDU QS Stars beynəlxalq qiymətləndirməsində tədris, infrastruktur və imkanlar, məşğulluq və yaxşı idarəetmə istiqamətlərinin hər biri üzrə 5 ulduzla qiymətləndirilib. Universitetin genişlənən beynəlxalq əlaqələri də yeni biliklərin, texnologiyaların və qabaqcıl təcrübənin Naxçıvana gətirilməsi baxımından əlavə imkanlar yaradır.

Lakin qarşıdakı mərhələdə universitet-sənaye münasibətləri daha fərqli məzmun almalıdır. NDU ilə Sənaye Parkı arasında əməkdaşlıq yalnız “məzun hazırla, müəssisə işə götürsün” prinsipi ilə məhdudlaşmamalıdır. Sənaye müəssisələri tədris proqramlarının formalaşdırılmasında iştirak edə, tələbə universitetdə oxuduğu müddətdə real iqtisadi problemlərlə qarşılaşmalıdır. İqtisadiyyat tələbəsi müəssisənin xərclərinin optimallaşdırılması, marketinq tələbəsi məhsulun satış strategiyasının hazırlanması, mühəndis istehsal xəttinin səmərəliliyinin araşdırılması, İT tələbəsi isə müəssisənin rəqəmsal transformasiyası üçün həllər təklif edə bilər. Beləliklə, tələbə diplom aldıqdan sonra əmək bazarına, sadəcə, yeni məzun kimi daxil olmayacaq. O artıq real sənaye problemləri ilə işləmək təcrübəsinə malik mütəxəssis olacaq. Bu isə həm universitet, həm şirkət, həm də, bütövlükdə, region iqtisadiyyatı üçün bir qazancdır.

Əməkdaşlığın daha böyük potensialı isə elmi-tədqiqat sahəsindədir. Sənaye müəssisələrinin enerji sərfiyyatının azaldılması, yerli xammaldan daha çox əlavə dəyərin yaradılması, istehsalın avtomatlaşdırılması, maya dəyərinin aşağı salınması, ixrac bazarlarının genişləndirilməsi, tullantıların təkrar emalı və süni intellektdən istifadə kimi məsələlər universitet üçün real tədqiqat mövzularına çevrilə bilər. Bu zaman elm yalnız auditoriyada, laboratoriyada və elmi jurnallarda qalmır. Elm real iqtisadi problemin həllinə çevrilir. NDU-nun Texnologiya və Sahibkarlıq Klubu kimi təşəbbüsləri də bu prosesə yeni dinamizm gətirə bilər. Hətta Naxçıvan Sənaye Parkına universitet üçün bir növ “açıq laboratoriya” kimi baxmaq mümkündür. Universitetdə yaranan bilik və ideyaların real istehsal mühitində sınaqdan keçirilməsi təhsilin praktiki keyfiyyətini yüksəldər, elmi tədqiqatların tətbiqiliyini artırar və müəssisələr üçün yeni innovativ həllər yarada bilər. Bu baxımdan, NDU ilə Sənaye Parkı arasında daimi fəaliyyət göstərəcək Universitet-Sənaye Əməkdaşlıq Platformasının yaradılması məqsədəuyğun olardı. Belə bir platforma çərçivəsində müəssisələrin qarşılaşdığı problemlər sistemləşdirilə, birgə tədqiqat layihələri həyata keçirilə, sənaye laboratoriyaları yaradıla, tələbə layihələri real biznes problemlərinə yönəldilə və universitetdə yaradılan texnologiyaların kommersiyalaşdırılması üçün imkanlar formalaşdırıla bilər.

Bu əməkdaşlığın daha uzunmüddətli istiqamətlərindən biri NDU-da sənaye doktoranturasının inkişaf etdirilməsi ola bilər. Əgər Sənaye Parkı real istehsal problemlərinin toplandığı məkan olacaqsa, doktorantura araşdırmaları da həmin problemlərin elmi həllinə yönəlməlidir. Enerji səmərəliliyi, süni intellekt və rəqəmsallaşma, istehsal texnologiyalarının təkmilləşdirilməsi, yerli xammaldan daha səmərəli istifadə, ixrac potensialının artırılması və xərclərinin optimallaşdırılması kimi istiqamətlər doktorantura tədqiqatlarının mövzuları ola bilər. Belə yanaşma doktoranturanı yalnız elmi dərəcə əldə etmək mərhələsi olmaqdan çıxarıb real sənaye problemlərinin həlli mexanizminə çevirər. Doktorantın həm universitetdə, həm də müəssisədə tədqiqat aparması nəticələrin istehsalata daha sürətli tətbiqinə şərait yarada bilər. Beləliklə, Sənaye Parkı ilə universitet arasında əməkdaşlıq bakalavr hazırlığından başlayaraq magistratura, tətbiqi tədqiqat və sənaye doktoranturasına qədər uzanan vahid bir sistemə çevrilər. Bu isə universitetlə sənaye arasında sadə əməkdaşlıqdan daha çox bilikdən məhsula gedən davamlı bir zəncirin formalaşması deməkdir.

İki struktur, bir məqsəd

Naxçıvan Sənaye Parkı regiona kapital, istehsal, investisiya, məşğulluq və ixrac imkanları gətirə bilər. Naxçıvan Dövlət Universiteti isə bu prosesə bilik, insan kapitalı, elm və innovasiya qazandıra bilər. Çünki Sənaye Parkının uğurunu yalnız orada neçə müəssisənin fəaliyyət göstərməsi ilə ölçmək kifayət deyil. Əsas məsələ nə qədər əlavə dəyərin yaradılması, neçə yüksək məhsuldarlıqlı iş yerinin formalaşması, nə qədər yeni texnologiyanın tətbiqi, neçə elmi nəticənin kommersiyalaşdırılması və nə qədər məhsulun xarici bazarlara çıxarılmasıdır. Bir tərəfdə istehsal və kapital, digər tərəfdə bilik və insan kapitalı... Naxçıvan Sənaye Parkı ilə Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı məhz bu iki qüvvəni bir araya gətirə bilər. Ona görə də qarşıdakı mərhələnin məqsədi yalnız Sənaye Parkı yaratmaq olmamalıdır. Əsas hədəf onun ətrafında universiteti, biznesi, elmi tədqiqatı, innovasiyanı və insan kapitalını birləşdirən yeni iqtisadi ekosistem formalaşdırmaqdır. Əgər bu model uğurla reallaşarsa, Naxçıvan Sənaye Parkı, sadəcə, müəssisələrin yerləşdiyi sənaye ərazisindən daha çox regionun yeni iqtisadi inkişaf modelinin istehsal mərkəzi kimi formalaşacaq. Naxçıvan Dövlət Universiteti isə həmin modelin intellektual dayağına çevriləcək. Bu baxımdan, avqust ayında təməli qoyulan Sənaye Parkı yalnız bu günün layihəsi deyil, o, Naxçıvanın gələcək iqtisadiyyatının necə qurulacağına dair atılan mühüm addımdır.

                  Eltun İBRAHİMOV

Naxçıvan Dövlət Universiteti

İqtisadiyyat və marketinq kafedrasının müdiri

Nəşr edilib : 04.09.2026 13:00