NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

...

Yunanıstan mediası Afinada keçirilən Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının VI iclası və onun çərçivəsində təşkil olunan biznes forumuna geniş yer ayıraraq, iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini vurğulayır.

"Şərq qapısı" xəbər verir ki, Yunanıstanın rəsmi qurumları və aparıcı iqtisadi media resurslarının yaydığı materiallarda energetika iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqaməti kimi göstərilsə də, münasibətlərin artıq bu sahənin hüdudlarından kənara çıxaraq infrastruktur, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm, əczaçılıq, səhiyyə və digər istiqamətləri də əhatə etdiyi bildirilir.

Yunanıstan İnformasiya Texnologiyaları və Kommunikasiya Müəssisələri Assosiasiyasının (SEPE) məlumatına görə, oktyabrın 1-də Afinada “Divani Caravel” hotelində keçirilən Yunanıstan–Azərbaycan biznes forumu Hökumətlərarası Komissiyanın VI iclası çərçivəsində təşkil olunub. Forumun əsas istiqamətləri sırasında energetika, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, aqrar-ərzaq sektoru və aqrotexnologiyalar, turizm, əczaçılıq və səhiyyə yer alıb.

Yunanıstan mediasının diqqət yetirdiyi əsas mövzulardan biri iki ölkənin enerji sahəsində strateji tərəfdaşlığının daha da genişləndirilməsidir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou ilə Afinada keçirdiyi görüş “Business Daily”, “New Money”, “Euro2day” və digər Yunanıstan media orqanlarında işıqlandırılıb.

“New Money” mövzunu “Yunanıstan–Azərbaycan: təbii qaz və bağlantılar mərkəzdə olmaqla enerji əməkdaşlığına yeni təkan” sərlövhəsi ilə təqdim edib. Yunanıstan mətbuatının məlumatına görə, danışıqlar zamanı enerji təhlükəsizliyi, təbii qaz təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi, Cənub Qaz Dəhlizinin gələcək inkişafı, elektrik enerjisi bağlantıları və bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin açıqlamasında Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyəti xüsusi vurğulanıb. Afina Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında Yunanıstanın coğrafi və infrastruktur imkanlarından daha geniş istifadə edilməsində maraqlıdır.

Yunanıstan tərəfi, eyni zamanda, ölkənin Cənub-Şərqi Avropada regional enerji qovşağı rolunun gücləndirilməsini qarşıya məqsəd qoyur. Bu kontekstdə Cənub Qaz Dəhlizi və TAP-la yanaşı, Şaquli Dəhliz, regional elektrik bağlantıları və bərpaolunan enerji layihələri də diqqət mərkəzindədir.

Yunanıstan mediasında dərc olunan materiallardan görünür ki, Bakı ilə Afina arasında enerji münasibətlərində yeni istiqamət kimi yaşıl enerji əməkdaşlığı da ön plana çıxır. Tərəflər bərpaolunan enerji sahəsində təcrübə mübadiləsi, yeni elektrik bağlantılarının yaradılması və təmiz enerjinin regional bazarlara çatdırılması imkanlarını nəzərdən keçirirlər.

İqtisadi əlaqələrin şaxələndirilməsi də Hökumətlərarası Komissiyanın VI iclasının əsas mövzularından biri olub. Yunanıstan mənbələri iki ölkə arasında ticarətin həcminin artırılması ilə yanaşı, onun strukturunun genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu bildirirlər. Bu baxımdan kənd təsərrüfatı və ərzaq sənayesi, aqrotexnologiyalar, turizm, əczaçılıq və səhiyyə, İKT, infrastruktur və sənaye perspektivli əməkdaşlıq sahələri kimi göstərilir.

Nəşr edilib : 01.10.2026 16:18