NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan Prezidentinin sülhü bərqərar edən siyasətinə verilən yüksək dəyərdir

...

Prezident İlham Əliyev dünyada Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və milli maraqlarını qətiyyətlə qoruyan güclü lider kimi qəbul olunur. Bu, dövlətimizin başçısının qüdrətli siyasətçi kimi beynəlxalq imicini formalaşdırıb. Prezident İlham Əliyevin siyasəti daxili sabitliyə, ölkənin inkişafına və Azərbaycanın mühüm regional aktor kimi tanınmasına yönəlib. Dövlətimizin başçısının qətiyyət, iradə, prinsipiallıq, alicənablıq kimi keyfiyyətləri bu strateji məqsədlərə çatmaq üçün əsas olub. Azərbaycana siyasətin davamlılığını, daxili sabitliyi və milli maraqların ardıcıl qorunmasını təmin etməyi bacaran bir lider – Prezident İlham Əliyev rəhbərlik edir.
Dövlət strategiyasını müəyyən edən bütün bu göstəricilərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi sevindirici haldır. Bunun bariz nümunəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidentinə verilməsidir. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyevə mükafat təqdim olunub. Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib: “Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan bir mükafatı almaq mənim üçün böyük şərəfdir. O, BƏƏ-ni dünyanın ən çiçəklənən və uğurlu ölkələrindən birinə çevirən böyük liderdir. Əziz qardaşım Şeyx Məhəmməd atasının siyasətini inkişafda, irəliləyişdə, davamlı modernləşmədə davam etdirir. Bu gün BƏƏ bir çox ölkələr üçün ölkəni necə dəyişdirmək, sülh və harmoniya içində yaşayan, tarixi kökləri ilə dərin bağlı olan, eyni zamanda gələcəyə baxan bir cəmiyyət qurmaq üçün, həqiqətən, bir nümunədir”.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsinin bariz nümunəsi olan bu mükafat Azərbaycan Prezidentinin qlobal sülh səylərinə, şəxsi əzmi, qətiyyəti və prinsipiallığı ilə Cənubi Qafqazda de-fakto sülhü təmin etməsinə verilən yüksək qiymət, dövlətimizin rəhbərinə göstərilən beynəlxalq ehtiramın təzahürü kimi dəyərləndirilməlidir. Xüsusilə diqqətəlayiqdir ki, fondun rəsmi saytında yerləşdirilən məlumatda bu mükafatın Qafqazda onilliklər boyu davam edən münaqişələrə və humanitar əzablara son qoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülhün Qurulması və Dövlətlərarası Münasibətlər haqqında Saziş”in paraflanmasına görə verildiyi vurğulanır. 2020-ci ilin payızında Vətən müharibəsində qalib gələn və 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatını uğurla həyata keçirən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi və dünyaya ərazi mübahisələrinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilə biləcəyini göstərdi. Bütün bunlar Azərbaycan dövlətinin həm əməkdaşlıq mühitinin yaradılması üçün ilkin şərtlərin yaradıldığı Cənubi Qafqaz regionunda, həm də qlobal miqyasda mövqeyini gücləndirdi.
Yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsi zamanı Prezident İlham Əliyev söylədi ki, belə nüfuzlu mükafatı almaq onun üçün böyük şərəfdir: “Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm”.
Bu il yanvarın 9-da Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Görüş zamanı Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamın “Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir. Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın, həqiqətən, buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə, həqiqətən, təşəkkürümüzü bildiririk”, – deməsi də Prezident İlham Əliyevin sülh missiyasına verilən böyük dəyəri özündə ehtiva edir. 
Bir sözlə, “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin qlobal miqyasda sülhə töhfə verən siyasi xadim kimi qəbul olunduğunu, nümunə yaratdığını bir daha təsdiqləyir. 

Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 05.02.2026 09:53