Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini z...
17:23 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Evə qayıdarkən hər dəfə keçdiyim o yol və həmin qapı... Qapıda üzümə baxan bir sima və diqqətimdən heç vaxt yayınmayan həmin o nurani baxışlar. O baxışlar ki, sanki hər kəsə səssizcə xitab edərək: “Mən Vətən üçün getdim, siz də Vətəni yaşadın”, – deyir. Qapıya asılmış şəkil bir ananın qəlbində gizlənən yanğını, şəkildəki baxışlar isə igidliyin izlərini daşıyır. Evdə, həmin şəkildə, onunla yanaşı asılan bayraqda əbədiyyətə qovuşmuş bir qəhrəmanın – şəhid Məmmədzadə Pərvizin izləri yaşayır.
Məmmədzadə Pərviz Zahid oğlu 2001-ci il 31 iyulda Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində anadan olub. Qaraçuq kənd 9 nömrəli tam orta məktəbdə 8 il təhsil alan Pərviz, musiqiyə də maraq göstərir. Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində qarmon çalmağı öyrənir. İntizamı, məsuliyyəti və zəhmətkeşliyi ilə fərqlənən qəhrəman daha böyük arzuların arxasınca getməyi qərara alır. Və 2015-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olur. 2018-ci ildə isə bu liseydən məzun olaraq Bakıda yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki hərbi institut) təhsilini davam etdirir. 2020-ci ilin sentyabrında Vətən müharibəsinin başlanması bir çoxumuz kimi Pərvizin də taleyinin axarını dəyişir. Bir vaxtlar həzin musiqi alətini səsləndirən əllər döyüş meydanında silah tutaraq düşməni cavab atəşi ilə susdurur.
Onun ömür yolunun qəhrəmanlıq səhifələrini daha yaxşı öyrənmək üçün doğulub böyüdüyü evə yollandıq.
Bizi şəhidin nənəsi və anası qarşılayır, qəhrəmanın ocağına dəvət edir. Evlərinə qədəm qoyduğum ilk andan hiss olunurdu ki, Pərviz Vətənə sonsuz sevgi və yüksək mənəviyyata sahib bir ailədə böyüyüb. Anası Pərvanə xanımın baxışlarında dərin kədəri, təmkinli danışığında və dəyanətli duruşunda isə övladını Vətənə qurban verən qəhrəman bir ananın məğrurluğunu hiss etmək olurdu.
Ömrünün gənc çağında canını Vətənə fəda edən Pərvizin nənəsi Məhluqə xanım bizi elə mehribanlıqla qarşıladı ki, özümüzü sanki burada qonaq deyil, illərin sakini kimi hiss etdik. Onun gözlərində illərin ağrısını da, güvənini də görmək olardı. Məhluqə xanım bizi Pərvizə aid olan otağa apardı.
Otaqda hər şey onun yadigarı idi: hərbi geyimi, çəkmələri, məktub kimi yazdığı qeydlər, şəkillər... Ailəsi üçün sanki bu otaq bir dünyadır: Pərvizin dünyası.
Pərvanə xanım deyir ki, həyətlərindəki bayraq daim dalğalanırdı. Pərviz uşaq yaşlarından bayrağa xüsusi sevgi ilə bağlanmışdı. O, bayrağı təkcə sevmirdi, ona müqəddəs bir əmanət kimi yanaşırdı. Hər dəfə qarşısından keçəndə dayanıb, əyilərək öpürdü. Hələ uşaq yaşlarında məktəbdəki müəlliminə: “Oxuyub hərbçi olacam, torpaqları alıb şəhadətə yüksələcəm”, – deyirmiş. Bu sözləri dilə gətirməklə kifayətlənməyib, onu xatirə dəftərinə də qeyd edib. Qəlbindəki bu məhəbbət və məsuliyyət hissi o vaxtdan onun ruhunda Vətən sevgisi ilə birləşirdi. Və sonda onu bayrağın ucalığı uğrunda savaşan igidə və qoruyucusuna çevirdi. Bir zamanlar sevgi ilə öpdüyü həmin o bayraq da bu gün onu ehtiramla “yad edir”.
Pərvanə xanım qeyd edir ki, son dəfə onunla danışanda səsində həsrət əvəzinə ümid vardı. O danışıqdan sonra Pərvizdən bir daha səs-soraq gəlmir. Pərvanə xanım ana qəlbi ilə sanki nə isə hiss edirmiş. Nə baş verdiyini bilmədən, bir həftə ərzində ağır xəstələnir. Elə bil, bədəni Pərvizin yoxluğunu duyub, ruhundan xəbər almışdı. Vətən uğrunda vuruşan silahdaşlarını tək buraxmayıb, yenidən döyüş bölgəsinə qayıdıb. Həmin vaxt mənfur düşmən Pərvizi və silah yoldaşlarını mühasirəyə alır. On yeddi gün boyunca onlardan heç bir xəbər gəlmir.
Və… 6 noyabr. Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Pərviz qəhrəmancasına şəhid olur. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səmayə RƏSULOVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi
Digər xəbərlər